Qərbin qəribə məntiqi: vəziyyət nə qədər çox pisləşsə, o qədər yaxşıdır…

Qərbin qəribə məntiqi: vəziyyət nə qədər çox pisləşsə, o qədər yaxşıdır…

Sərhəddə davam edən gərginlik artıq bir neçə gündür ki, intensiv atışmalarla müşahidə olunur. Müşahidəçilərə görə, bu gərginlik təkcə Ermənistanın işi deyil, erməni havadarları olan ölkələrin burada birbaşa barmağı var, konkret olaraq, Fransa və Amerikanın…

Qərbin qəribə görünən məntiqinə görə, vəziyyət nə qədər pisləşərsə, bu, onların da, Ermənistanın da xeyrinədir. Aydındır ki, indi Qarabağda da, Ermənistan sərhədində də süni gərginlik təkcə Bakıya qarşı yönəlməyib. Bu gərginliyə həm də Qərbin Rusiya, eləcə də Türkiyə ilə “hesablaşması” kontekstində baxılmalıdır. Rusiyanın Qarabağ müharibəsində açar rolu oynaması, Türkiyənin bizə açıq dəstəyi ermənipərəst Qərbin də xarizmasını çizdi, dünyanın dörd bir tərəfinə səpələnmiş erməni seçicisinin-erməni lobbisinin yanında onların dillərini gödək etdi. Makronun da, Baydenin də siyasəti əslində ermənilərin revanşist siyasətlərinin davamı, düşmən dəyirmanına su tökmək deməkdir.

Qərbin “vəziyyət nə qədər çox pisləşsə, o qədər yaxşıdır” məntiqi ilə düşmən tərəf istəyinə çata, Minsk Qrupunu yenidən ortaya ata, sərhəddə “mavi beretlilər”dən ibarət sülhməramlıların yerləşdirilməsinə nail ola bilərmi?

Əziz Əlibəyli: “Avropanın təzyiqləri Dağlıq Qarabağda rus  sülhməramlılarının əlini gücləndirir”

Əziz Əlibəyli: “Nə Qarabağa, nə də dövlət sərhədlərinə istər BMT, istər NATO, istərsə də…”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin bu istiqamətdəki şərhi xüsusi diqqət çəkir: “Hazırda Qarabağda və ya sərhəddə belə bir formulun icrası mümkündürmü? BMT praktikasına görə 13 bölgədə KFOR qüvvələri sülhməramlı fəaliyyətdədir. Ümumiyyətlə, müxtəlif sülhməramlı əməliyyatlar mövcuddur. Atəşkəsə nəzarət, mövqelərə nəzarət, çoxölçülü nəzarət və sülh tətbiqetmə missiyaları mövcuddur. Amma iki maraqlı detal var: Qarabağ hüquqi olaraq təsbit edilib ki, Azərbaycan ərazisidir, üstəlik, bu, 10 noyabr razılaşması ilə də yekun qiymətini alıb, burada hər hansı bir toqquşma yoxdur və lokal səviyyədə Rusiya tərəfindən götürülmüş sülhməramlılar öhdəliyi var. Bu təkcə hansısa beynəlxalq təşkilatın missiyası deyil, sırf region dövlətinin maraqlarının da ifadəsidir. Sərhədlərə gəldikdə, müəyyən edilməmiş coğrafi hissələr var, yəni indiki halda neytral zona tapmaq mümkün deyil. İkincisi, müharibə prosesi getmir. Üçüncüsü, atəşkəsin pozulması Ermənistan ərazisində baş verir. Hər hansı bir missiya olacaqsa, bu həmin dövlətin ərazisində olmalıdır. Bu halda isə ortaya sual çıxır: Ermənistanın mövcud ordusu haradadır və KTMT üzvləri buna necə baxır? Hər bir halda nə Qarabağa, nə də dövlət sərhədlərinə istər BMT, istər NATO, istərsə də başqa mərkəzlərin missiyalarını gətirmək mümkün deyil. Münaqişə bitib və hazırda qapalı formada yaşanan situativ gərginliklər mövcuddur”.

azer.JPG (24 KB)

Azər Hüseynov: “Paşinyan-Avropa İttifaqı-Amerika triosuna regionda yerini göstərməliyik”

Politoloq Azər Hüseynov ermənilərə Avropadan ayrılan yüksək pul vəsaitlərinə toxundu: “Bilirsiniz ki, həmişə yazmışam və demişəm ki, Amerika Ermənistandan rusları çıxartmaqla Cənubi Qafqazda ikinci bir ölkəni nəzarətə götürmək istəyir. Bunun da səbəbləri var. İngilislər BP timsalında bizim qlobal iqtisadi tərəfdaşımızdır. Ruslar hər nə qədər müstəqil siyasətimizi sevməsələr də, Amerikanı burada istəmirlər. Türklər bizim qardaşımız və perspektivdə yeni dünya düzənində əsas oyunçudur. İndi belə bir zamanda Avropa İttifaqı ermənilərə babat pul ayırır. Amerika səfiri Basarkeçərə gəlir. Bizim mövqelərə ”Lenin burjuaziyaya” baxan kimi baxır. Ermənilər çox gözəl bilirlər ki, hərbi baxımdan intihara gedirlər. Sadəcə olaraq, Soros cocuğu Paşinyan bunu etməlidir. Bu onun narıncı öhdəliyidir. Biz nə etməliyik? Dövlət sistemində milli dövlətçiləri artırmalı, Türkiyə ilə daha sıx yaxınlaşmalıyıq. Son zamanlar altdan-altdan baş qaldırmaq istəyən antitürk havasının çıxış yerlərini tutmalıyıq. Britaniyanın maliyyə tərəfdaşlığı, Türkiyənin müttəfiqliyi, Rusiya və İranın regional bizə ehtiyaclılığı ilə yeni konfiqurasiyanın qurulmasını tezləşdirməliyik. Əgər ruslar durumu anlasa, regional müttəfiqlər yanımızda olsa, Paşinyan-Avropa İttifaqı-Amerika triosuna regionda yerini göstərməliyik”.

Cavanşir ABBASLI

“Yeni Müsavat”