Artıq yeni iqtidar-müxalifət münasibətlərinin və ardıcıl xarakter daşıyan siyasi dialoq platformasının oturuşmasını müşahidə etməkdəyik
“Bu günlərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin moderatorluğu ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda videokonfrans keçirilməsini hər şeydən öncə ölkə gündəminə damğasını vuran və siyasi proseslərə dinamiklik gətirən mühüm siyasi önəm daşıyır. Sözügedən konfrans siyasi partiyaların 44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra formalaşmış yeni reallıqlarda yeri və roluna, eləcə də siyasi dialoqun perspektivlərinə həsr olunmuşdu. Zəfər gününün ilk ildönümünü qeyd edəcəyimiz ərəfədə qalib ölkənin siyasi partiyaları olaraq belə bir önəmli mövzunun müzakirəsi üçün bir araya gəlmək həqiqətən də təqdirəlayiq və tarixi hadisədir.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov söyləyib.
Partiya sədri qeyd etdi ki, son vaxtlar siyasi partiyaların ölkə əhəmiyyətli məsələlərin müzakirəsi üçün və eləcə də dialoq mühitinin daha da dərinləşdirilməsi məqsədilə bu formatda müzakirələrə dəvət edilməsi artıq müsbət ənənəyə çevrilməkdədir: “Bəzi partiya sədrləri bu tədbirdə bir çox aktual məsələlərlə yanaşı, “Siyasi partiyalar haqqında” əvvəlki qanun barəsində də, yeni qanun layihəsi haqqında da öz fikirlərini bölüşdülər, narahatlıqlarını və ya təkliflərini dilə gətirdilər. İnsaf naminə onu da demək lazımdır ki, natiqlər tərəfindən səsləndirilən bütün önəmli təklifləri Ədalət müəllim şəxsən özü də qeyd edirdi və o yekun çıxışında xüsusi olaraq bildirdi ki, bütün bu təkliflər analiz ediləcək və ümumiləşdirilərək Cənab Prezidentə məruzə ediləcək. Bu isə siyasi partiyalar üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki siyasi partiyalar onları narahat edən məsələlərin və irəli sürdükləri təkliflərin ölkə rəhbərinin diqqətinə çatdırılmasını zəruri hesab edirlər. Bu da təbiidir. Ölkə rəhbərliyi ilə siyasi təşkilatlar arasında təmasların olması gerçəkdən də çox vacibdir. Administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi də bu mühüm missiyanın öhdəsindən müvəffəqiyyətlə gəlir. Bu isə onu göstərir ki, Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş və təkmilləşmiş sistemə çevrilən yeni siyasi konfiqurasiya həlledici rol oynamağa başlayıb və artıq öz müsbət nəticələrini verməkdədir. Bütün bunlar və eləcə də Ə.Vəliyevin tədbirdə qeyd etdiyi kimi “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflərin müzakirə edilməsi onu deməyə əsas verir ki, istər siyasi partiyalar, istərsə də bütövlükdə siyasi dialoq üçün yeni dönəm başlayır. Siyasi dialoqun və milli həmrəyliyin dönməz xarakter alması artıq göz önündədir. Siyasi dialoq və milli həmrəylik biri digərini tamamlayan həlledici amillərdir. Bu mənada, mən müharibə dönəmində olduğu kimi cəmiyyətimizdə həmrəylik mühitinin formalaşmasında əhəmiyyətli rol oynayan siyasi dialoqun bundan sonrakı perspektivlərinə də böyük ümidlər bəsləyirəm.”
Həmsöhbətimiz vurğuladı ki, şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qazandığı tarixi Qələbəmizdə siyasi dialoq və milli birlik, həmrəylik amili həqiqətən də mühüm rol oynadı: “Vətən müharibəsinin ilk günlərindən 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair verdikləri birgə bəyanat milli və siyasi həmrəyliyin parlaq göstəricisi olmaqla yanaşı, həm də torpaq, Vətən məsələsində bütün Azərbaycan xalqının əzmini bütün dünyaya nümayiş etdirdi. Yeri gəlmişkən, Prezident İlham Əliyev də 44 günlük müharibə günlərində siyasi qüvvələrin birlik-bərabərlik nümayiş etdirməsinin və milli həmrəyliyin Qələbəmiz üçün əhəmiyyətini öz çıxışlarında dəfələrlə qeyd edib. Düşünürəm ki, iqtidarla siyasi qüvvələr arasında sivil münasibətlərin və əməkdaşlığın vacib amili kimi siyasi dialoq və həmrəylik bundan sonra da dövlətimiz və cəmiyyətimiz üçün öz vacibliyini qoruyub saxlamağa davam edəcək.”
Müsahibimiz xatırlatdı ki, biz indi hətta müharibə günlərindəkindən də daha artıq həmrəy olmalı, milli birlik nümayiş etdirməli, siyasi dialoqa açıq olmalıyıq. Çünki indi Qarabağa qayıdış və quruculuq-bərpa işləri ilə məşğul olmaqla bərabər, həm də postmüharibə dönəminin ortaya çıxardığı bəzi neqativ reallıqlarla da üzləşməkdəyik. Biz Rusiya sülhməramlılarının ermənipərəst mövqe tutmasının yarada biləcəyi fəsadlara qarşı hazır olmalıyıq. Biz Ermənistanın revanşist davranışlarına qarşı, Ermənistana havadarlıq edən qüvvələrə qarşı milli birlik nümayiş etdirməliyik. Eləcə də, hazırda bizə qarşı aparılan informasiya savaşında qalib olmağımız üçün də həmrəylik, birlik tələb olunur. Bir sözlə, milli həmrəyliyimizin təmin olunmasında, siyasi dialoqun davam etdirilməsində hər birimizin üzərinə böyük yük və böyük məsuliyyət düşür. Bu prosesdə əsas aparıcı qüvvə rolunda çıxış etməli olan subyektlərin sırasında isə vətəndaş cəmiyyətini təmsil edən təşkilatlarla yanaşı siyasi partiyalar da ilk başda gəlir. Cəmiyyətin konsolidasiya olunmasında, ümummilli hədəflərimizin gerçəkləşdirilməsi üçün həmrəyliyin təmin edilməsində siyasi partiyalar həqiqətən də əvəzsiz rol oynaya bilər. Hesab edirik ki, partiyaların bu potensialından səmərəli və düzgün şəkildə istifadə olunmalıdır.”
Ə.Hüseynov əlavə etdi ki, onlayn konfransda haqqında bəhs edilən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hələ ortaya gəlməmiş, hələ ictimai müzakirəyə təqdim edilməmiş bəzi siyasi qüvvələrin sözügedən qanun layihəsinə qarşı elə indidən qərəzli şəkildə bədbin proqnozlarla çıxış etməsi və onların yeni qanun layihəsinə qarşı gözdənsalma kampaniyası aparmas heç birimizi təccübləndirməməlidir:”Çünki biz bir faktı nəzərə almalıyıq ki, onlar konstruktiv müxalifəti yox, radikal müxalifəti təmsil edir. Bu qüvvələrə onsuz da heç nəyi bəyəndirmək mümkün deyil. Onlar hər şeyi inkar etmək yolunu tutmaqla, necə deyərlər, artıq öz seçimlərini ediblər. Bu baxımdan, onların “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin mahiyyəti, məzmunu barədə nə düşünmələri istər cəmiyyət, istərsə də opponentləri üçün elə də əhəmiyyət kəsb etmir. Total inkarçılıq onlarda artıq xroniki və patoloji hal alıb. Odur ki, gəlin biz özümüzü radikalların “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ətrafında gedən müzakirələrdə hansı mövqedən çıxış etməsi üzərində kökləməyək.”
Partiya sədri vurğuladı ki, sentyabrın 9-dakı onlayn konfransda müxtəlif siyasi qüvvələr tərəfindən səsləndirilən bir sıra rasional fikirlər və təkliflər əsasında onu əminliklə deyə bilərəm ki, iqtidarla müxalifət arasında formalaşmaqda olan yeni siyasi mədəniyyət cəmiyyəti və siyasi qüvvələri narahat edən istənilən məsələni və ya problemi konstruktiv şəkildə, sivil formada müzakirə etməyə və birgə çıxış yollarını tapmağa imkan verir: “Biz bu prosesdə yeni siyasi mədəniyyətin formalaşması ilə bərabər, artıq yeni iqtidar-müxalifət münasibətlərinin və ardıcıl xarakter daşıyan siyasi dialoq platformasının oturuşmasını da müşahidə etməkdəyik. Həmçinin məhz Prezident İlham Əliyevin start verdiyi siyasi islahatların nəticəsində sağlam iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini görürük. Bütün bunlar isə dövlət və xalq, cəmiyyət və siyasi partiyalar, eləcə də hakimiyyət və siyasi partiyalar müstəvisində həmrəylik və birlik atmosferinin daimi xarakter alması və dayanıqlı dialoq ənənələrinin daha da dərinləşdirilməli üçün geniş imkanlar açır. Biz bu imkanları düzgün dəyərləndirməliyik. Çünki mövcud problemlərin müzakirəsi və həlli baxımından həqiqətən də siyasi dialoqun və milli həmrəyliyin başqa alternativi yoxdur.”
