Avropa İttifaqının sülh prosesinə dəstəyi çox önəmlidir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Brüsseldə İtaliyanın “İL Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə üzləşdiyimiz siyasi riyakarlığı, ölkəmizə qarşı tətbiq olunan ikili standartlar siyasətini dünya birliyinin diqqətinə bir daha çatdırdı: “Əgər Minsk qrupunun həmsədrləri-dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər.
Təsəvvür edirsiniz?” Dövlətimizin başçısı çıxışında Cənubi Qafqazda postmüharibə vəziyyətinə toxunaraq, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiq olduğunu, ölkəmizin bütün səylərinin regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıdığını da deyib: “Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”. Prezident İlham Əliyev birgə mətbuat konfransında Zəngəzur dəhlizinin hüquqi rejimi barədə də mövqeyini açıqlayıb. Dövlətimizin başçısı sözügedən nəqliyyat kommunikasiyasının Laçın dəhlizi ilə eyni rejimdə olmasının zəruriliyini xüsusi vurğulayıb: “Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması…”. Bəli, bu, Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi məsələsinə ədalətli və obyektiv, eyni zamanda, birmənalı yanaşmasıdır. Qarşı tərəf Ermənistan da belə bir mövqe nümayiş etdirərsə, şübhəsiz ki, regional nəqliyyat əlaqələrinin inteqrasiyası, həqiqətən, region üçün böyük imkanların açılması ilə nəticələnə bilər. Burada, əlbəttə, söhbət sözügedən dəhlizin təkcə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına çıxışının reallaşmasından getmir, həm də Ermənistanın muxtar respublika vasitəsilə İranla dəmiryolu əlaqəsinin gerçəkləşməsi nəzərdə tutulur. Başqa sözlə, bununla Ermənistan da Naxçıvandan keçməklə İranla dəmiryolu əlaqəsi əldə edir.
Eyni zamanda, bu ölkə Azərbaycan ərazisi üzərindən Rusiya ilə dəmir yolu əlaqəsini də reallaşdırır. Belə bir nəqliyyat kommunikasiyasına nail olmaq isə regionun simasının yenilənməsinə, inkişafına gətirib çıxarar və bu müstəvidə region ölkələrinin hər biri yüksək səviyyədə faydalanar. Sonda Brüsseldə Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşünün bəzi məqamlarına diqqət yetirək. Konstruktiv mühitdə keçən bu görüşdə bir sıra önəmli məsələlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi, Aİ-nin bu istiqamətdə respublikamıza texniki yardım göstərməyə hazır olması, Ermənistan–Azərbaycan dövlət sərhədinin delimitasiyası məqsədilə hər iki tərəfin iştirakı ilə müvəqqəti işçi qrupun yaradılması barədə razılığa gəlinməsi, eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ermənistan tərəfi öz ərazisindən dəmiryolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edərək, bu layihənin icrasına tezliklə start verəcəyini bildirib və burada gömrük və sərhəd nəzarət prosedurunun qarşılıqlı prinsip əsasında reallaşacağı barədə razılığa gəlib. Avtomobil yolu marşrutunun müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin isə davam etdiriləcəyi nəzərdə tutulub. Bütün bunlar Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyini təsdiqlədiyini nümayiş etdirir.
YAP Bərdə rayon təşkilatının məsləhətçisi – Elmir Məmmədov
