Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. Müzəffər Ali Baş Komandanın 60 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin leyhinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Prezidenti olub. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan Ali Baş Komandan növbəti dəfə Azərbaycanın Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Prezident seçilib. Ölkə başçısı Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
ARANTV.AZ xəbər verir ki, doğum günündə ölkə başçısını təbrik edən Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc öz ürək sözlərini belə ifadə edib: “Müzəffər Ali Baş Komandan İlham Əliyev öz adını Azərbaycan tarixinə qalib sərkərdə kimi yazdırıb. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edib.Torpaqlarımızın işğaldan azad edilməsində İlham Əliyevin güclü siyasi iradəsi və qətiyyəti, xalqın Ali Baş Komandana və orduya dəstəyi böyük rol oynayıb. İlham Əliyevin illərlə apardığı siyasətin və strategiyanın bəhrəsi bizə öz torpaqlarımızı azad etmək xoşbəxtliyini bəxş edib. Ali Baş Komandan postmünaqişə dövründə də erməni revanşizminin alovlanmaması üçün prinsipial mövqe nümayiş etdirir, Ermənistanı sülhə məcbur etmə taktikasını yeridir. Azərbaycan öz qətiyyətli mövqeyini beynəlxalq təşkilatlarda, digər ölkə rəhbərləri ilə görüşlərdə nümayiş etdirir. Prezidentin qətiyyəti, iradəsi, strategiyası elə mükəmməl kombinasiya təşkil edir ki, buna görə Azərbaycanla hesablaşırlar”.

Prezidenti təbrik edənlər sırasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov da yer alıb. O Ali baş Komandana ürək sözlərini belə çatdırıb: “Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ad günüdür. Vətən müharibəsində qazanılmış zəfər də məhz Ali Baş Komandanın möhkəm siyasi iradəsi, diplomatik bacarığı sayəsində mümkün olub. Hazırda regionun güc mərkəzinə çevrilən Azərbaycan, daxili maliyyə mənbələri hesabına işğaldan azad olunan ərazilərimizi bərpa edir və yenidən qurur. Məhz Azərbaycan Prezidentinin möhkəm siyasi iradəsi nəticəsində qısa zamanda Qarabağda və Şərqi Zəngəzurda geniş miqyaslı quruculuq işləri aparılıb. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib və Zəngəzur Dəhlizindən keçəcək dəmiryolu xəttinin təməli qoyulub. Yaşadığımız bu zəfər və quruculuq günləri Azərbaycan tarixinin ən unudulmaz, şanlı günləridir. Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunan yurdlarımıza gülüşün və həyatın yenidən qayıdacağı gün uzaqda deyil. Bu müqəddəs amal yolunda, günəşli Azərbaycan naminə cənab Prezidentimizə bütün fəaliyyətlərində uğurlar diləyir, xoşbəxtlik, firvanlıq arzulayıram”.

Millət vəkili Tahir Mirkişilə də Prezident İlham Əliyevin 60 illik yubileyini özünəməxsus şəkildə təbrik edib: “Prezidentimiz, sədrimiz, Müzəffər Ali Baş Komandan, Böyük azərbaycanlı, xalqın sevimlisi və qürür mənbəyi cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və daim qələbələr arzu edirəm! O, hər kəs inanmayanda inandı, hər kəs şübhə edəndə əmin oldu, hər kəs yatanda oyaq qaldı, hər kəsin mümkün deyil dediklərini mümkün etdi, hər kəs susanda danışdı, hər kəs bu günə baxanda gələcəyə baxdı, düşmənlər baş qaldıranda yumruğunu qaldırdı. Eyni zamanda bütün azərbaycanlıları təbrik edirəm! Çünki o ömürdən hər kəsə bir pay düşüb – iqtisadiyyatın inkişafı, sosial müdafiənin güclənməsi, beynəlxalq diplomatiyanın aktivləşməsi, ordu quruculuğunun möhkəmlənməsi hesabına bütün azərbaycanlıların həyatı dəyişib, hər bir azərbaycanlı artıq qalibdir, layiq olduğu ləyaqətli həyatı yaşayır”.

Millət vəkili Etibar Əliyev dövlət başçısına öz ürək sözlərini bu cümlələrlə ifadə edib: “Möhtərəm cənab Prezident! Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm. 60 yaşınız mübarək, Müzəffər Ali Baş Komandan! Sizin rəhbərliyinizlə Azərbaycan hələ çox-çox yeni və böyük uğurlara imza atacaq”.

KONKRET.az
