Müasir tariximizin şanlı səhifələrini yazan Lider, xalqımıza qələbələr yaşadan​ qüdrətli Sərkərdə

Müasir tariximizin şanlı səhifələrini yazan Lider, xalqımıza qələbələr yaşadan​ qüdrətli Sərkərdə

Son 18 ildə  xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyevin gördüyü işlərin zirvəsində İkinci Qarabağ müharibəsində dövlətimizin qazandığı şanlı Qələbə və məğrur xalq dayanır. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə  həkk etdirdi və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına, qüdrətli sərkərdəsinə çevrildi. Tarixi yenidən yazan Müzəffər Ali Baş Komandanımızın sayəsində Vətən həsrəti ilə yaşayan xalqımız artıq torpaqlarının işğal deyil, işgaldan azad edildiyi günləri tarixinə yazıb və həmin günləri  böyük qürurla bayram  etməkdədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. 2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər. Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin, dekabrın 1-də Laçının bir güllə belə atılmadan işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirirdi.

İkinci Qarabağ savaşı dönəmində Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Vətən müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. O cümlədən 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevlə bir, həmrəy olduğunu bəyan etdi. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin milli maraqların qorunmasına xidmət edən prinsipial mövqeyinin, tutduğu düzgün yolun dəstəklənməsi idi.

2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meyda­nında Vətən müharibəsində möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradı Azərbaycanın hərbi gücünün dünyaya bir daha nümayişi oldu. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində əldə etdiyi parlaq qələbə ilə bütün dünyada barış, sülh, əmin-amanlıq tərəfdarı, ölkələr arasında əməkdaşlığın, dostluğun təşəbbüskarı olduğunu bir daha sübut etdi. Azərbaycan Prezidentinin İkinci Qarabağ savaşında erməni faşizminin işğalçı siyasətinə son verməsi türk dünyasında yüksək dəyərləndirildi. Cənab İlham Əliyevin Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə ərazilərimizin düşməndən təmizlənməsini, ərazi bütövlüyümüzün bərpasını gerçəkləşdirərək türk birliyinə mühüm töhfə verən və Cənubi Qafqazda, həmçinin Qarabağ və Şərqi Zəngəzurda davamlı sülhün, sabitliyin reallaşmasını şərtləndirən tarixi Zəfərə görə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi də bunun bariz ifadəsi idi.

Artıq bir ildir ki, ölkəmiz bu inam və etimadla İkinci Qarabağ savaşında olduğu kimi, Qarabağın bərpasında da gücünü bütün dünyaya nümayiş etdirir. 2021-ci ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması tədbirləri üçün 2,2 milyard manat vəsaitin nəzərdə tutulması gələn ilin “Böyük Qayıdış” planının reallaşdırılması baxımından mühüm mərhələ olacağını, işğalçılardan təmizlənmiş rayon və şəhərlərin yol-nəqliyyat infrastrukturunun bərpası, elektrik enerjisi, su, rabitə, “mavi yanacaq” və s. təminatı istiqamətində mühüm layihələrin reallaşdırılacağını deməyə ciddi əsaslar yaradır. Ayrılmış vəsaitin müəyyən qismi, eyni zamanda, qeyd olunan ərazilərdə müasir inzibati infrastrukturun yaradılmasına, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulmasına yönəldiləcək.

Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsində tarixi layihə reallaşdırılır. Qarabağ “yaşıl iqtisadiyyat” əsasında qurulur, dünya iqtisadiyyatı bu bölgəyə ayaq açır, dəstək proqramları uğurla həyata keçirilir. Bununla bərabər, Böyük Qayıdış proqramı çərçivəsində müasir texnologiyalara əsaslanan “ağıllı şəhər”, “ağıllı kənd” layihələri uğurla icrası olunur. Azərbaycanın dövlət başçısı İlham Əliyev  və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakları ilə Füzuli Beynəlxalq Hava Limanının və Zəfər yolunun açılışları, Zəngəzur dəhlizinin – Horadiz–Cəbrayıl–Zəngilan– Ağbənd avtomobil yolunun, Zəngilanda “DOST Aqropark”ın təməlinin qoyulması səfərlər zamanı reallaşdırılan tarixi hadisələrdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin hazırda böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək.

Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin şanlı səhifəsinin yazılmasında Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin nəticəsi olaraq dünyanın yeni xarici siyasəti 44 günlük müharibənin gedişində tamamilə dəyişdi. Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaratdı. Bu format bu günədək üç və dördtərəfli idisə, artıq beş formatına keçdi. İşğalçı Ermənistanın yeni əməkdaşlıq formatında iştirakı isə bu ölkənin siyasi iradəsindən asılı olacaq. Son bir ildə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin Moskva və Soçi görüşləri, həmçinin bu günlərdə Avropa İttifaqı Şurası Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüssel görüşü ölkəmizin ədalətli mövqeyinin təsdiqi oldu.  Bu ayın ortalarında Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində Avropa strukturlarına inteqrasiyanın Azərbaycanın strateji yolu olduğu bir daha təsdiqləndi. Yekun sənədlərdə ölkəmizin Ermənistanla olan problemlərinin bizim və deməli, haqqın, ədalətin təntənəsi kimi təfsir edilməsi ölkəmizin Avropada siyasi çəkisinin artması amili kimi dəyərləndirilməlidir.

Yuxarıda vurğulananlara əsaslanıb qeyd edə bilərik ki, bu gün Azərbaycan xalqı tam əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz indiyədək olduğu kimi, bundan sonra da dövlətimizin başçısının böyük uzaqgörənliklə müəyyənləşdirdiyi istiqamətlərin hər birində – istər hərbi, istər siyasi müstəvilərdə, istərsə də iqtisadi sahədə davamlı olaraq inkişaf edəcək, daha böyük qələbələrə imza atacaq. Bununla da cənab İlham Əliyevin 18 il bundan əvvəl vəd etdiyi “hər bir azərbaycanlının Prezidenti olacağam” sözlərinin artıq öz real təsdiqini tapdığı sübut edilir.