Ağsu rayonunda heyvandarlıq məhsulları istehsalında dinamik artım davam edir. Cari ilin ötən ilk iki ayı da heyvandarlar üçün uğurlu olub.
Rayon statistika idarəsindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2022-ci ilin ötən iki ayında diri çəkidə 810 ton ət istehsal olunub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 ton çoxdur. Süd və yumurta istehsalında da artım var. Belə ki, süd istehsalı 30 ton artıb və 4563 tona, yumurta istehsalı isə 42 min ədəd çoxalıb və 2 milyon 694 min ədədə çatıb.
Qeyd edək ki, heyvandarlıq rayonda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda bölgədə 38 min 644 baş iribuynuzlu mal-qara, 135 min baş davar, 241 min baş quş bəslənilir.
