Azad Rəhimovun vəfatından bir il ötür

Azad Rəhimovun vəfatından bir il ötür

Bu gün Azərbaycanın sabiq Gənclər və İdman Naziri Azad Rəhimovun vəfatından bir il ötür.

ARANTV.AZ  xəbər verir ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub.

O, 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinfinə gedib və 1981-ci ildə oranı bitirib. Daha sonra o, 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olub.

Sabiq nazir 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində, 1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri, 1989–1990-cı illərdə Azərbaycan SSR Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli 1275 nömrəli Sərəncamı ilə Azad Rəhimov Azərbaycanın Gənclər və İdman naziri vəzifəsinə təyin edilib.

Azad Rəhimov Azərbaycanın Gənclər və İdman naziri olduğu müddət ərzində 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinin, 2015-ci ildə Avropa Oyunlarının, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2017-ci ildə voleybol üzrə qadınları Avropa Çempionatının, 2019-cu ildə UEFA Avropa Liqası Finalının, 2019-cu ildə Avropa Gənclərinin Olimpiya Festivalının, 2020-ci ildə isə UEFA Avropa Çempionatının Azərbaycanda baş tutması üzrə yaradılan Komitələrin üzvü olub.

O, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli 1298 nömrəli Sərəncamı ilə Azərbaycanda idman sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamı ilə gənclərlə iş sahəsində xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sabiq nazir 2021-ci ilin yanvar ayından ağciyər xərçəngindən və qaraciyər sirrozundan müalicə alıb. O, 30 aprel 2021-ci ildə Bakı vaxtı ilə saat 22:45-də ABŞ-ın Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib. 2 may 2021-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.