Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, əsl dost ölkələrdir

Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, əsl dost ölkələrdir

Dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində atılan addımlar bu əminliyi ifadə etməyə əsas verir ki, qədim ənənələrə malik Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və inkişaf edəcək

“Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq.” Dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində söylədiyi bu fikirlər ölkəmizin etibarlı tərəfdaş, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr verən dövlət kimi mövqeyinin möhkəmlənməsinin təqdimatıdır. Cənab İlham Əliyev onu da əlavə etmişdir ki, bu gün Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.

Xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verən Azərbaycan əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyini bildirir. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması kimi dəyərləndirilir. Çünki səfər çərçivəsində keçirilən görüşlərdə günümüzün aktual məsələləri ətrafında fikir mübadiləsinin aparılması, ümumi mövqenin ortaya qoyulması, müxtəlif strukturlar arasında sənədlərin imzalanması əməkdaşlığın inkişaf etdirilməsində öz sözünü deyir.

Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir parçası olan Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin ikinci yarısında Bolqarıstana, Albaniyaya, Serbiyaya və Rumıniyaya səfərləri, 2023-cü ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində Xorvatiya və Monteneqro Baş nazirləri ilə görüşləri, həmçinin bu ay Bosniya və Herseqovinaya rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Onların Azərbaycana səfərləri bunun bariz göstəricisidir. Bu baxımdan Albaniya Prezidentinin və Baş nazirinin, Serbiya Prezidentinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çərçivəsində təşkil edilən tədbirlərdə iştirak etmək üçün Balkan ölkələrinin, o cümlədən Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfərlər etmələri, dövlətimizin başçısı ilə görüşlər keçirmələri xüsusi məna kəsb edir.

Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan – Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan İnterkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib.

Aprelin 25-də dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı bu ölkənin Prezidenti ilə keçirdiyi təkbətək görüş, həmçinin Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması iki ölkə arasında münasibətlərin bu gününə işıq saldı. Bolqarıstan Prezidenti Rumen Radev bildirdi: “Bu uğur – Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması əhəmiyyətli dərəcədə Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqədardır.” Tədbirdə xüsusi qonaq qismində iştirak etməklə bağlı təklifini qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Bolqarıstan Prezidenti ölkələrimiz arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək onu da əlavə etdi ki, son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir.

Cənab İlham Əliyev belə bir əminliyi diqqətə çatdırdı ki, Azərbaycanın qaz təchizatının coğrafiyasını ən azı 10 ölkəyə qədər genişləndirəcəyik: “Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq”. Ölkə Prezidenti bu məqamı xüsusi qeyd etdi ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir. Yunanıstan ilə Bolqarıstan arasındakı interkonnektor Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Bir ay əvvəl Prezident Radevin Azərbaycanda qonaq olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, bu, həqiqətən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışında da iştirak etdilər. Bu mühüm hadisələr dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfərinin əhəmiyyətini daha da artırdı. Həmçinin ölkəmizdə neft strategiyasının uğurlu icrasına davamlı töhfələr verən SOCAR-ın beynəlxalq nüfuzunun artmasının göstəricisidir. SOCAR müxtəlif ölkələrdə gerçəkləşdirdi investisiya layihələri ilə nüfuzuna yeni əlavələr gətirir.

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Ölkəmizin hər bir layihənin uğurlu sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya təqdimatıdır. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm hadisəni bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirmişdir. Həmçinin layihənin icrasının nəzərdə tutulan vaxtda başa çatacağına əminliyini ifadə etmişdi. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. Layihənin digər tərkib hissəsi olan TAP isə 2020-ci ilin dekabr ayının 31-də istifadəyə verildi.

Göründüyü kimi, Azərbaycan vəziyyətdən asılı olmayaraq gündəmə gətirdiyi hər bir layihəni zamanında başa çatdırmağa səy göstərir. TAP-ın istifadəyə verildiyi zamana qısa ekskurs etsək görərik ki, həmin il ölkəmiz həm İkinci Qarabağ müharibəsini yaşadı, həm də dünya, o cümlədən Azərbaycan koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirirdi. Ötən il dövlət başçısı İlham Əliyev Bolqarıstana səfəri zamanı bolqarıstanlı həmkarı ilə mətbuata bəyanatlarında bu məqamı xüsusi qeyd etmişdir ki, səfərim bir az gecikib. Amma buna səbəb COVID idi. COVID-dən dərhal sonra bir neçə ölkəyə, o cümlədən Bolqarıstana səfərlər etmişəm. Prezident İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır. Cənab İlham Əliyev bildirir: «Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir.»

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanmışdır. Bu Bəyannamə əlaqələrimizin yüksələn xətlə inkişafına geniş imkanlar açıb. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Bolqarıstan Avropa İttifaqının üzvü olaraq həm ölkəmizin qurumla əlaqələrinin inkişafına öz töhfəsini verir, həm də ikitərəfli münasibətlərimizin yüksələn xətlə inkişafı üçün yeni prioritetlərin müəyyənləşdirilməsinə səy göstərir.

Qeyd etdiyimiz kimi, son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

Ümumilikdə qarşılıqlı səfərlər, gündəmə gətirilən məsələlər ölkələr arasında əlaqələrin inkişafında əsas rol oynayır. Hər bir səfər qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin müzakirəsi baxımından xüsusi diqqət çəkir. Dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri Azərbaycanın qaz ixraçatçısı kimi artan roluna bir daha işıq saldı. Malik olduğu enerji resurslarından səmərəli istifadə edən Azərbaycan əməkdaşlığın yeni prioritetlər üzrə inkişaf etdirilməsində maraqlı olduğunu imzalanan sənədlə təsdiqlədi.

Azərbaycan-Bolqarıstan münasibətlərinin qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, iki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olundu. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Səfər çərçivəsində atılan addımlar bu əminliyi ifadə etməyə əsas verir ki, qədim ənənələrə malik Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və inkişaf edəcək.