Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, vətənə sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb. Bütün ömrünü dövlətinin, xalqının rifahı, intibahı üçün həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir. Məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ümummilli ideya səviyyəsinə yüksəlib, ölkəmizin vətəndaşlarını vahid ideya və məqsəd ətrafında birləşdirən milli ideologiya formalaşıb. Dil hərbi bir millətin varlığını müəyyənləşdirən amillərdən biri və bəlkədə birincisidir. Bu baxımdan hər bir millət öz ana dilinin daim keşiyində olmalıdır. Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun müddət davam edə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı.
70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Ulu Öndər Heydər Əliyev ana dilimiz haqqında demişdir: “Ana dilimiz Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” , “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm” 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Biz Vətəni necə sevməyi Heydər Əliyevdən öyrəndiyimiz kimi, dilimizi də onun kimi yaşatmalıyıq, onun kimi sevməli və qorumalıyııq.Azərbaycan dili həm də ona görə müqəddəsdir ki, bizə bu dillə danışmagı anamız öyrədib. Ana dili kimi çagırdımız, danışdıgımız dilimizi elə anamız kimi sevmək, yaşatmaq və qorumaq hər şeydən öncə elə anamıza olan ən böyük borcumuzdan biridir.
Vüqar Nəsirov,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

