Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin neçə faizi TƏBİB tabeli müəssisələrdə icra edilir?

Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin neçə faizi TƏBİB tabeli müəssisələrdə icra edilir?

“İcbari tibbi sığortanın Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin 90 faizindən çoxu TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilir”.

ARANTV.AZ xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov qurumun fəaliyyətinin beş illiyinə həsr olunan hesabat konfransında deyib.

O bildirib ki, icbari tibbi sığortanın tətbiqinə başlayanda 1 829 tibbi xidməti ödənişsiz əldə etmək olurdu:

“Bu gün isə Xidmətlər Zərfindəki xidmət sayı 81% artırılaraq 3 315-ə çatdırılıb. İcbari tibbi sığorta təminatına alınmış 3 315 sayda tibbi xidmətin 90 faizindən çoxu isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilir.

634 sayda ambulator tibbi xidmətlərin 98%-i, 931 sayda laboratoriya xidmətlərinin 100%-i, 77 sayda fizioterapiya və reabilitasiya xidmətlərinin 100%-i, 266 sayda stasionar terapevtik xidmətlərin 99%-i, 1 334 sayda stasionar cərrahi xidmətlərin 70%-i, həmçinin ilkin səhiyyə və təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin 100%-i icra edilir”.

V.Qurbanov yeni əlavə edilən xidmətlərin sırasında böyrək, qaraciyər, sümük iliyi transplantasiyası əməliyyatlarının olduğunu da xatırladıb:

“Hazırda bu əməliyyatlar, əsasən, icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində icra olunsa da, gələcəkdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində də belə əməliyyatların keçirilməsi nəzərdə tutulub. Növbəti illərdə sümük iliyi transplantasiyası əməliyyatının Yeni Klinikada tətbiqi planlaşdırılır. Bunun üçün artıq həkim-cərrahlarımız Türkiyədə təlimə göndəriliblər”.