“Digər region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır”.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
O qeyd edib ki, Səhiyyə Nazirliyinin daim nəzarəti sayəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən aparılan məqsədli fəaliyyət ölkədə İİV-infeksiyasının yayılmasını illər ərzində təmərküzləşmiş mərhələdə saxlamağa imkan yaradıb: “Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək, yəni 37 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 10 min 108 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 7 min 26 nəfəri (69,5 faiz) kişi, 3 min 82 nəfər isə (30,5 faiz) qadınlardır. Ölkəmizdə tətbiq olunan İİV-ə yoluxmuş şəxslərin aşkarlanması strategiyası UNAIDS tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir”.
