Kəlbəcərin Başlıbel, Ağcakənd, Oruclu, Xallanlı, Şahkərəm, Çovdar, Qaraxançallı kəndlərində arıçılıq və heyvandarlıqla məşğul olan fermerlər mobil rabitə və internet xidmətinin yoxluğundan əziyyət çəkirlər.
Musavat.com xəbər verir ki, fermerlər ərazidə mobil operatorlardan heç olmazsa birinin baza stansiyasının ərazidə quraşdırılmasını müvafiq qurumlardan xahiş edirlər.
Onlar hesab edirlər ki, stansiyanın qurulması rabitə və internet əlaqəsini təmin edəcək. Rabitə və internet xəttinin yoxluğunun gündəlik fəaliyyətlərində çətinliklər yaratdığını bildirən fermerlər deyirlər ki, yay mövsümündə yüzlərlə arıçı və fermer təsərrüfatlarını bu ərazilərə köçürür. Lakin mobil telefon əlaqəsinin zəif, bəzi yerlərdə isə ümumiyyətlə olmaması həm iş prosesini çətinləşdirir, həm də fövqəladə hallarda operativ əlaqə yaratmağa imkan vermir.
Arıçılar qeyd edirlər ki, internet və rabitə xidmətinin olmaması məhsulların satışı, sifarişlərin qəbulu, elektron ödənişlərin həyata keçirilməsi, hava proqnozlarının izlənilməsi və dövlət xidmətlərindən istifadə baxımından da problemlər yaradır.
Heyvandarlıqla məşğul olan fermerlər isə bildirirlər ki, dağlıq ərazilərdə baş verə biləcək qəza, xəstəlik, yanğın və ya digər fövqəladə hadisələr zamanı aidiyyəti qurumlarla əlaqə saxlamaq üçün rabitə və internetə əlçatanlığın olması zəruridir.
Təsərrüfat sahibləri mobil operator şirkətlərinə müraciət edərək kəndlərdə müasir mobil rabitə və internet xidmətinin təmin edilməsi üçün baza stansiyalarının qurulmasını xahiş edirlər. Onlar hesab edirlər ki, bölgədə rabitə infrastrukturunun gücləndirilməsi həm kənd təsərrüfatının inkişafına, həm də Kəlbəcərdə məskunlaşma və iqtisadi fəallığın artmasına mühüm töhfə verəcək.
Onlar ümid edirlər ki, aidiyyəti qurumlar və mobil operatorlar bu müraciəti nəzərə alacaq, yaxın zamanda rabitə və internet xidmətinin təmin olunması istiqamətində addımlar atılacaq.
Etibar Seyidağa,
Musavat.com

