“Qapımıza qonaq kimi gəldilər, atamı aldadıb kreditə filtr satdılar”

“Qapımıza qonaq kimi gəldilər, atamı aldadıb kreditə filtr satdılar”

Şəkinin Baş Küngüt kənd sakini Səxavət Məsimov “Pure Water” MMC-nin əməkdaşlarının yaşlı atasını aldadaraq kreditlə su filtri satdıqlarını iddia edir.

ARANTV.AZ  xəbər verir ki, o, bununla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib.

Müraciətdə bildirilir ki, hadisə iyulun 19-da axşam saatlarında baş verib. “Pure Water” MMC-nin 4 nəfər olduğu deyilən nümayəndəsi əvvəlcə özlərini qonaq kimi təqdim edərək həyətə daxil olub. Daha sonra istifadə etdikləri suyun tərkibini yoxlamaq istədiklərini bildirərək pulsuz ekspertiza aparıblar.

Şikayətçinin sözlərinə görə, həmin şəxslər ailəyə istifadə etdikləri suyun keyfiyyətsiz olduğunu, bunun gələcəkdə onkoloji xəstəliklərə səbəb ola biləcəyini deyərək onları narahat ediblər.

Müraciətdə qeyd olunur ki, satıcılar 1954-cü il təvəllüdlü Fikrət Məsimovu müxtəlif üsullarla razı salaraq su təmizləyici filtr almağa sövq ediblər. Yaşlı kişinin nağd pulu olmadığını öyrəndikdən sonra isə avadanlığın kreditlə verilə biləcəyini bildiriblər. İlkin ödəniş kimi 50 manat alınıb, daha sonra isə aylıq ödənişi 68 manat olmaqla 24 aylıq kredit müqaviləsi imzaladılıb və filtr evdə quraşdırılıb.

Səxavət Məsimov bildirib ki, filtri evdə gördükdən sonra şirkətlə əlaqə saxlayaraq avadanlığın geri götürülməsini tələb edib. Özünü Teymur kimi təqdim edən şəxs iki gün ərzində gələcəklərini desə də, sonradan bu vəd yerinə yetirilməyib.

Şikayətçi qeyd edir ki, növbəti zənglər zamanı şirkət nümayəndələri filtrin geri qaytarılmasının artıq mümkün olmadığını bildiriblər.

Müraciətdə daha bir maraqlı iddia yer alıb. Bildirilir ki, eyni kənd sakini olan Namiq Muradov da eyni üsulla aldadılaraq filtr almağa razı salınıb. Lakin o, avadanlığı geri qaytara bilib. Şikayətçinin sözlərinə görə, kənd sakinlərini məlumatlandırdığı üçün Namiq Muradov polis şöbəsinə çağırılıb və ona töhmət verilib.

Şikayətçi iddia edir ki, şirkətlə dəfələrlə əlaqə saxlasa da, “hara istəyirsiniz şikayət edin, avadanlıq geri götürülməyəcək” cavabını alıb. O, həmçinin bildirir ki, təqdim olunan müqavilə sənədlərində məsul şəxslərin adı göstərilməyib.

Səxavət Məsimov Azad İstehlakçılar Birliyindən istehlakçı hüquqlarının müdafiə olunmasını, filtrin sökülərək geri aparılmasını, ödənilmiş 50 manatın qaytarılmasını və kredit müqaviləsinin ləğv edilməsini xahiş edir. O, həmçinin bu cür halların təkrarlanmaması üçün məsələnin kütləvi informasiya vasitələrində işıqlandırılmasını istəyir.

Şikayətdə şirkətin “Pure Water” MMC, ünvanının isə Qəbələ şəhəri, 28 May küçəsi olduğu göstərilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

E.Məmmədəliyev,
Musavat.com