Azərbaycanın strateji əhəmiyyət daşıyan Naxçıvan bölgəsində Ordumuzun döyüş imkanlarının gücləndirilməsi istiqamətində mühüm addım atılıb.
Musavat.com xəbər verir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib.
Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfər çərçivəsində dövlət başçısı və Birinci xanım bir sıra obyektlərdə olub, açılış və digər tədbirlərdə iştirak ediblər. Naxçıvana səfərin mühüm istiqamətlərindən biri də hərbi sahə ilə bağlı olub.
Ali Baş Komandan İlham Əliyevin Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində şəxsən iştirakı xüsusi diqqət çəkir.
Hadisənin məhz Naxçıvanda baş verməsi onun hərbi-strateji əhəmiyyətini daha da artırır. Azərbaycanın əsas ərazisindən ayrı yerləşən, Türkiyə və İranla həmsərhəd olan, Ermənistan istiqamətində mühüm coğrafi mövqeyə malik Naxçıvanda yeni komando hissələrinin yaradılması bölgənin müdafiə imkanlarının gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Son illərdə Azərbaycan Ordusunda komando qüvvələrinin genişləndirilməsi, yüksək hazırlıqlı və çevik hərbi hissələrin yaradılması ordu quruculuğunun əsas istiqamətlərindən biridir. Bu prosesin Naxçıvanda da davam etdirilməsi strateji bölgənin təhlükəsizliyinə verilən önəmin növbəti göstəricisi sayıla bilər.
Beləliklə, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Naxçıvana bugünkü səfərinin proqramında sosial-iqtisadi və infrastruktur layihələri ilə yanaşı, Naxçıvanın hərbi potensialının gücləndirilməsi mesajı da xüsusi yer tutur.
Musavat.com














