Azərbaycan Rusiya bazarını BELƏ ələ keçirdi

Azərbaycan Rusiya bazarını BELƏ ələ keçirdi

Ermənistan mallarının əksəriyyətinin Rusiyaya idxalına qoyulan qadağa mağazalardakı malların çeşidinə təsir etməyib. “Accents” analitik mərkəzinin hesablamalarına görə, Ermənistan idxalları qısa bir zamanda Gürcüstan, qismən isə Azərbaycan idxalları ilə əvəz olunub.

Qeyd edilir ki, yanvar-iyun aylarında Azərbaycan mallarının Rusiyaya ixracı 3% artaraq 608 milyon dolları keçib (müqayisə üçün: eyni dövrdə Gürcüstandan idxal 332 milyon dollar, Ermənistandan isə 1,2 milyard dollar olub). Bu barədə “Bakı-Xəbər” yazıb.

Azərbaycanın kənd təsərrüfatı ixracatının əsas flaqmanı olan 164 milyon dollar dəyərində 136 min ton məhsul Rusiyaya göndərilib. İtirilmiş Ermənistan tərəvəzlərini əvəz etdikcə, Azərbaycan ixracatçılarının mənfəəti 10% artıb.

İyun və iyul aylarında (Ermənistanın mövsümi qadağasının zirvəsində) Azərbaycanın çəyirdəkli meyvələrdən əldə etdiyi ümumi gəlir 40 milyon dolları keçib. Dağıstandakı keçid məntəqələrində albalı, turş albalı, nektarin və şaftalı daşıyan Azərbaycan yük maşınlarının rekord həddə hərəkəti qeydə alınıb.

Azərbaycan balıq məhsulları sektorunda iştirakını əhəmiyyətli dərəcədə artırıb. Ermənistan əvvəllər göl alabalığı və ağ balıq tədarükü baxımından güclü mövqe tuturdu. 2026-cı ilin əvvəlindən bəri Rusiya Azərbaycandan dəniz məhsulları idxalını 43% artırıb.

Bakının Moskva ilə ticarət dövriyyəsində artımı necə qiymətləndirilməlidir? Hər halda, Azərbaycanın məramı Rusiyanın “əlini-üzünü yumaq” deyil…

Məlumat üçün bildirək ki, Azərbaycan 2025-ci ildə Rusiyaya 700 min 600 ton meyvə-tərəvəz məhsulu ixrac edib. Bu, 2024-cü illə müqayisədə 17,8 faiz çoxdur. 2024-cü ildə Rusiyaya 594 min 800 ton belə məhsul göndərilmişdi. Bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) məlumat yayıb. Məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Rosselxoznadzorun rəhbəri Sergey Dankvertin görüşündən sonra açıqlanıb. 2026-cı ilin əvvəlindən isə Rusiyaya Azərbaycandan 155 min 200 ton meyvə-tərəvəz ixrac olunub. Ayrı-ayrı məhsullar üzrə də ciddi artım qeydə alınıb. Soğan ixracı 12,3 dəfə, çiyələk tədarükü 4,3 dəfə, kartof ixracı 41,9 faiz, armud ixracı isə 37,4 faiz artıb.

Azərbaycanın Rusiyaya balıq və dəniz məhsulları ixracı da yüksəlib. İlin əvvəlindən Rusiyaya 3 900 ton belə məhsul göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz çoxdur. Digər tərəfdən, Rusiyadan Azərbaycana canlı heyvan ixracında da artım var. 2025-ci ildə Rusiyadan Azərbaycana 63 800 baş iribuynuzlu mal-qara gətirilib. Bu, əvvəlki illə müqayisədə 1,6 dəfə çoxdur. Xırdabuynuzlu heyvanların ixracı isə altı dəfə artaraq 116 700 başa çatıb. Rosselxoznadzor Azərbaycan tərəfinin heyvan idxalına marağını nəzərə alaraq, heyvanların identifikasiyası, epizootik vəziyyətin monitorinqi və sərhəddə baytarlıq nəzarəti üzrə əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu bildirib. Rusiya tərəfi həmçinin Azərbaycana vaksin tədarükünü artırmağa hazır olduğunu açıqlayıb.

Akif Nəsirli: “Azərbaycan üçün əsas məsələlərdən biri yalnız xammal  ixracını artırmaq deyil...”

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin artmasını ilk növbədə siyasi jestdən çox, iqtisadi imkan kimi qiymətləndirmək lazımdır. Ermənistan mallarına tətbiq edilən məhdudiyyət nəticəsində Rusiya bazarında müəyyən boşluq yaranıb və Azərbaycan ixracatçıları həmin boşluğun bir hissəsini doldura biliblər. Xüsusilə meyvə-tərəvəz, balıq və digər kənd təsərrüfatı məhsullarında bu, Azərbaycan üçün əlavə bazar və gəlir deməkdir.

Burada Azərbaycanın məqsədinin Rusiyaya hansısa formada “əlini-üzünü yumaq” olması barədə danışmaq düzgün olmaz. Azərbaycan öz məhsulunu satır, Rusiya isə ehtiyac duyduğu məhsulları daha yaxın və etibarlı mənbələrdən almağa çalışır. Yəni münasibət qarşılıqlı iqtisadi maraq üzərində qurulur”.

İqtisadçı əlavə edib ki, Ermənistanın Rusiya bazarında itirdiyi mövqelərin Azərbaycan tərəfindən tutulması Bakının iqtisadi baxımdan müəyyən üstünlük əldə etdiyini göstərir: “Lakin bunu uzunmüddətli uğur kimi qiymətləndirmək də tezdir. Çünki Rusiya bazarında Azərbaycan məhsullarının mövqeyini qoruması üçün qiymət, keyfiyyət, logistika və tədarükün fasiləsizliyi məsələləri həlledici olacaq.

Əslində, burada daha geniş proses gedir. Azərbaycan Rusiyanın kənd təsərrüfatı məhsullarına olan tələbatından istifadə edərək ixracını artırır, Rusiya isə Ermənistanın yaratdığı boşluğu Azərbaycan və digər ölkələrin məhsulları ilə doldurur. Bu baxımdan ticarətin artması siyasi yaxınlaşmadan daha çox, bazar şərtlərinin yaratdığı iqtisadi fürsət kimi görünür”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir