“Minalar kütləvi qırğın silahına çevrilib” – beynəlxalq birlik nəyi gözləyir?

“Minalar kütləvi qırğın silahına çevrilib” – beynəlxalq birlik nəyi gözləyir?

Vətən müharibəsində qazandığımız parlaq Qələbədən sonra Azərbaycanın üzləşdiyi ən böyük humanitar fəlakət mina problemidir. 10 noyabr 2020-ci il tarixindən bu günədək minaların partlaması nəticəsində 436 Azərbaycan vətəndaşı zərər çəkib. Onlardan 73-ü həlak olub, 363-ü müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Mülki şəxslərin, quruculuq işlərində çalışan fəhlələrin və hərbçilərin həyatına son qoyan bu mənzərə təkcə keçmiş münaqişənin fəsadı deyil. Bu, Ermənistanın onilliklər boyu planlı şəkildə həyata keçirdiyi mina terrorunun doğrudan-doğruya davamıdır. Lakin məsələnin ən ağrılı və təəssüf doğuran tərəfi dünya birliyinin, xüsusən də BMT və digər beynəlxalq təşkilatların bu insanlıq dramına qarşı sərgilədiyi ikili standartlar və riyakar laqeydlikdir.

lacinda-mina-partlayisi-yasayis-evinin-girisinde-bas-verib

Azərbaycan dünyada ərazisi minalarla ən çox çirkləndirilmiş ilk 5-likdə yer alır. İşğaldan azad edilən torpaqlarda 1,5 milyondan çox mina və yüz minlərlə partlamamış hərbi sursat basdırılıb. Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı və ATƏT kimi qurumların bu dəhşətli mənzərəyə qarşı reaksiyası isə ildə bir-iki dəfə verilən “narahatlıq” bəyanatlarından və ya quru statistika təqdimatlarından o tərəfə keçmir. Mina xəritələri təzyiq predmeti olunmur. Ermənistanın ötən müddətdə təqdim etdiyi mina xəritələrinin dəqiqliyi vur-tut 25 faiz təşkil edir. İrəvan faktiki olaraq minaları kütləvi qırğın silahı kimi istifadə edərək dəqiq xəritələri gizlədir. Lakin nə BMT Təhlükəsizlik Şurası, nə də Qərb dövlətləri İrəvana qarşı bu mülki cinayətə görə heç bir sanksiya və ya sərt siyasi təzyiq mexanizmi tətbiq etmir. BMT və donor təşkilatlar dünyanın digər regionlarındakı minatəmizləmə prosesinə milyardlarla dollar resurs, ən son texnologiyalar ayırdığı halda, Azərbaycanın qarşılaşdığı bu nəhəng böhrana ayrılan yardım sadəcə simvolik xarakter daşıyır. Bu gün Azərbaycan öz ərazilərinin təmizlənməsi üçün lazım olan xərclərin 90 faizdən çoxunu məhz öz daxili büdcəsi hesabına qarşılayır. Bu, Ermənistanın və onun arxasında duran müəyyən geosiyasi güclərin Azərbaycanın Zəfərindən sonra reallaşdırdığı bərpa prosesinə vurduğu ağır zərbədir. 30 il yurd həsrəti çəkən yüz minlərlə insanın öz evlərinə təhlükəsiz dönməsi üçün əvvəlcə hər qarış torpaq minalardan təmizlənməlidir. Minalanmış sahələr kənd təsərrüfatı, yolların, elektrik və su xətlərinin çəkilməsi üçün daimi təhlükə yaradır. Torpağın altına yerləşdirilən minlərlə partlayıcı maddə ərazinin torpaq qatını, flora və faunasını yararsız hala salaraq regionda uzunmüddətli ekoloji gərginlik formalaşdırır. Beynəlxalq təşkilatların laqeydliyinə baxmayaraq, Azərbaycan bu problemlə mübarizədə qlobal səviyyədə standartlar müəyyən edir. Ölkəmiz Humanitar Minatəmizləmə fəaliyyətini rəsmi olaraq 18-ci Milli Davamlı İnkişaf Məqsədi (DİM-18) elan edib və BMT platformasında minatəmizləmənin qlobal səviyyədə xüsusi DİM kimi qəbul olunması təşəbbüsü ilə çıxış edir. Bundan əlavə, ANAMA (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) ən son texnologiyaları, mexaniki minatəmizləmə maşınlarını və xüsusi təlim keçmiş vasitələri cəlb etməklə azad edilmiş ərazilərdə gecə-gündüz fəaliyyət göstərir. Lakin görülən bu nəhəng iş, düşmənin illər boyu qurduğu “ölüm tələləri”nin miqyası qarşısında beynəlxalq həmrəyliyi zəruri edir. Qərb dairələrinin, “Amnesty International”, “Human Rights Watch” kimi insan hüquqları təşkilatlarının xırda siyasi məsələlərdə Bakıya qarşı hesabatlar yağdırdığı bir vaxtda, 436 vətəndaşımızın minalardan zərər çəkməsinə kar və kor qalması tam bir mənəvi iflasdır.

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Baş Prokurorluğun açıqladığı son statistika – Vətən müharibəsindən sonra 436 vətəndaşımızın mina partlayışlarından zərər çəkməsi və 73 nəfərin həlak olması – məsələyə sırf hüquqi və ya humanitar bucaqdan deyil, birbaşa hərbi-strateji və operativ nöqteyi-nəzərdən baxmağı tələb edir: “İşğaldan azad edilmiş ərazilərdəki minalanma miqyası təsadüfi xarakter daşımır. Bu, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı səviyyəsində planlaşdırılmış, mühəndis-istehkam qaydalarına uyğun olaraq kütləvi şəkildə həyata keçirilmiş hərbi taktikadır. Ermənistan müharibə dövründə və ondan əvvəlki 30 illik işğal müddətində təmas xəttini və dərinlikdəki yaşayış məntəqələrini minalayarkən ordumuzun kontr-hücum operativ imkanlarını məhdudlaşdırılması və post-münaqişə dövründə Azərbaycan Ordusunun, mülki infrastrukturun ərazidə mövqelənməsini maksimum ləngitmək məqsədi güdüb. Ermənistan tərəfinin beynəlxalq təzyiqlərdən sonra təqdim etdiyi mina xəritələrinin yararlılıq əmsalının cəmi 25 faiz olması da hərbi cinayətin tərkib hissəsidir. Çünki peşəkar mühəndis-istehkam bölmələri tərəfindən basdırılan minaların dəqiq formulyarları – xəritələri tutulur. İrəvanın verdiyi yararsız sxemlər isə bilərəkdən prosesi uzatmaq və Azərbaycanın ANAMA vasitəsilə apardığı minatəmizləmə əməliyyatlarını baha başa gətirmək məqsədi daşıyır”.

Hərbi ekspert deyib ki, BMT, ATƏT və digər beynəlxalq təhlükəsizlik institutu hesab olunan qurumların bu məsələdəki mövqeyi tam bir hərbi-siyasi fəaliyyətsizlikdir:

“BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası mülki əhalinin kütləvi şəkildə tətbiq olunan minadan zərər çəkməsini “müharibənin acı nəticəsi” kimi qələmə verməyə çalışır. Halbuki bu, Mülki şəxslərin Müdafiəsinə dair Cenevrə Konvensiyasının birbaşa pozulmasıdır. Bu gün BMT-nin Minalardan Müdafiə Xidməti (UNMAS) və NATO standartlı minatəmizləmə koalisiyaları digər münaqişə ocaqlarına müasir dron-detektorlar, məsafədən idarə olunan mühəndis maşınları ayırdıqları halda, Azərbaycana yalnız monitorinq missiyaları göndərməklə kifayətlənirlər. BMT Təhlükəsizlik Şurası Ermənistandan dəqiq mühəndis formulyarlarının təhvil verilməsini tələb edən icbari qətnamə qəbul edə bilərdi. Lakin BMT-dəki müəyyən güc mərkəzləri bu kartı İrəvanın əlindən almaq istəmir. Azərbaycan dövləti hazırda dünyada analoqu az olan bir mühəndis-təmizləmə əməliyyatı həyata keçirir. Müdafiə Nazirliyinin İstehkam bölmələri, ANAMA və FHN-in birgə koordinasiyalı fəaliyyəti sayəsində minlərlə hektar ərazi təmizlənib. Lakin bu, təkcə bir ölkənin üzərinə düşəcək yük deyil. BMT və Qərb institutları anlamalıdır ki, Ermənistanın basdırdığı minalar sadəcə torpaq altına basdırılmış partlayıcı deyil, post-müharibə dövründə davam etdirilən hərbi təxribatdır. Beynəlxalq birlik İrəvana qarşı sərt sanksiyalar tətbiq etmədikcə və adekvat hərbi-mühəndis dəstəyi vermədikcə, baş verən hər bir mina partlayışının mənəvi və hüquqi məsuliyyəti BMT-nin də üzərində qalacaq”.

E.Məmmədəliyev,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir