Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq – YENİ LAYİHƏ

Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq – YENİ LAYİHƏ

Azərbaycanda tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, stansiya və depoların tikintisi, quraşdırılması və genişləndirilməsi üçün zəruri torpaq sahələri dövlət ehtiyacları üçün alınacaq.

ARANTV.AZ  verir ki, bu, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə metro və dəmir yolu infrastrukturu üzrə müəyyən edilən strateji əhəmiyyətli dövlət layihələrinin maneəsiz icrasını hüquqi cəhətdən təmin edir.

Belə ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Adıçəkilən Dövlət Proqramında nəqliyyat vasitələri parklarının yenilənməsi ilə yanaşı, yeni depoların, stansiyaların və xətlərin tikintisi, bərpası və təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur.

Qanun layihəsinin əsas məqsədi ölkə ərazisində dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması prosedurlarının tənzimlənməsi sahəsində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsidir. Xüsusilə nəqliyyat və kommunikasiya xətlərinin (tunellər, o cümlədən metro tunelləri, dəmir yolu, metropoliten və tramvay xətləri, stansiyalar və depolar) tikintisi, bərpası və təkmilləşdirilməsi ilə bağlı zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması zamanı hüquqi mexanizmlərin daha dəqiq, birmənalı və qabaqcıl təcrübəyə uyğun tətbiqinə nail olmaqdır.

Təklif olunan dəyişikliklər ölkə üzrə mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsi işlərinin sürətləndirilməsinə, torpaqların dövlət ehtiyacları üçün alınması prosesində hüquqi müəyyənliyin və şəffaflığın təmin olunmasına, habelə dövlət və vətəndaş maraqlarının qanunvericilik çərçivəsində balanslaşdırılmasına xidmət edir.

Layihə Milli Məclisin Aqrar siyasət komitəsinin sentyabrın 18-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir