Komitə sədri: “Quzu ətində kalori olmur, belinə istilik dəyməlidir ki, kəsəsən”

Komitə sədri: “Quzu ətində kalori olmur, belinə istilik dəyməlidir ki, kəsəsən”

“Azərbaycanda heyvandarlıq üzrə nəzərdə tutulan subsidiya məbləği kiçik təsərrüfatların inkişafını stimullaşdırmaq üçün ən azı 4-5 dəfə artırılmalıdır”.

ARANTV.AZ  xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 100 hektar torpağı və 500 baş qoyunu olan təsərrüfat üçün mövcud dəstək məbləği ciddi stimul yaratmır.

“Bu, böyük sahibkar üçün stimul deyil. Həmin vəsaitlə o nə təsərrüfatını genişləndirmək, nə də yeni sərmayə qoymaq istəyəcək”, – R.Nurullayev deyib.

Deputat hesab edir ki, subsidiya siyasəti bir neçə baş heyvan saxlayan kənd sakinlərinin təsərrüfatlarını genişləndirməsinə yönəldilməlidir:

“Beş və ya 10 qoyunu olan kiçik sahibkar bir-iki il ərzində heyvanlarının sayını artıra bilər. Amma onun üçün də dörd manat böyük məbləğ deyil və bu vəsaitin ən azı dörd-beş dəfə artırılmasına ehtiyac var”.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə bununla razılaşmayıb. Onun sözlərinə görə, fermerlər heyvanların çəkisi ilə  bağlı qoyulan tələbi dəstəkləyirlər:

“Mütəxəssislərin fikrincə, qoyun müəyyən bir çəkiyə çatmalıdır ki, onu kəsəsən. Quzu ətində kalori olmur. Heyvan yetişdirilməlidir, onun belinə bir istilik dəyməlidir, özünü tutmalıdır, ondan sonra kəsilməlidir”.

O bildirib ki, bu günlərdə siyasi partiyalardan birinin rəhbəri (REAL Partiyasının sədri Natiq Cəfərlini nəzərdə tutur-red) heyvandarlıqla bağlı çıxış edib.

“Deyir ki, heyvana nə qədər noxud, çuğundur, yonca, hansısa qidalar verilməlidir ki, çəkisi 500 kiloqram olsun. Hesablayıb, bir neçə min manata çatıb. Amma hər bir insanın pay torpağı var. İnsanlar orda yonca, noxud, qarğıdalı, çuğundur da əkə bilər. Heyvanın çəkisini 500 kiloqrama çatdırsan, bazarda 10 min manata satarsan. 10 min manatın 3 min manatını ancaq bunu yemləməyə xərcləyə bilərsən. Çox xərc eləyə bilməzsən. 7 min manat bu cibində qalır. Elə-elə deyil? Bu böyük bir məbləğdir. Bu gün o müəyyən fərziyyələr var, çox böyük fərziyyələrə gedirlər. Deyir ki, insan bunda əziyyət çəkməlidir. Yaxşı, əziyyət çəkmədən heyvandarlığı inkişaf etdirmək olar? Əziyyət çəkmədən pambıqçılıq olar, balıqçılıq olar? Birinci insanın zəhməti lazımdır”.

T.Rzayev deyib ki, qanunvericilikdə qida təhlükəsizliyi normalarının qorunması vacib məsələ kimi qoyulur: “Əgər fermerin pulu olacaqsa, daha gübrəsatanın özü onun yanına gələcək. Bayaqdan pulu yox idi, məcbur olub gedib keyfiyyətsiz gübrəni alırdı. İndi xarici ölkələrdən çox yaxşı qablaşdırılmış gübrələr gətirirlər. Burda məsuliyyət məsələsi artacaq. İndi bu məhsul şəhadətnaməsini verən adamın məsuliyyəti olacaq. Üzərinə düşən öhdəliyi yerinə yetirsin. Əgər öhdəliyi yerinə yetirməsə, nəyləməlidir bu? İcraya yönəldilməlidir. Ona görə də səhər-axşam bu işinin üstündə olacaq ki, keyfiyyətli məhsul yetişdirsin. Bu məsələlər bu qanunun fəlsəfəsidir”.

Mürtəza

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir