Artıq havaların soyuması və payız mövsümünün başlaması ilə Kəlbəcər rayonunun yüksək dağlıq ərazilərində yaylaq mövsümü başa çatıb. ARANTV.AZ xəbər verir ki, bu səbəbdən yay aylarında rayonda yay mövsümünü keçirən heyvandarlıq və arıçılıq fermer təsərrüfatları mövsümün başa çatması ilə əlaqədar öz əvvəlki məskunlaşma yerlərinə qayıtmağa başlayıblar.
Yay aylarında Kəlbəcərin əlverişli iqlimi, zəngin yaylaqları və təbii otlaq sahələri heyvandarlıq təsərrüfatlarının fəaliyyəti üçün geniş imkanlar yaradıb. Arıçılıq təsərrüfatları üçün isə rayonun dağlıq ərazilərindəki zəngin çiçək örtüyü məhsuldar bal mövsümünün keçirilməsinə şərait yaradıb.
Yaylaq mövsümü ərzində Kəlbəcərdə yerləşən fermerlər heyvandarlıqla yanaşı, arıçılıq və digər kənd təsərrüfatı fəaliyyəti ilə də məşğul olublar. Dağlıq ərazilərdə saxlanılan mal-qara və arı ailələrindən əldə olunan məhsullar fermer təsərrüfatları üçün mövsümi gəlir mənbəyi olmaqla yanaşı, azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası baxımından da əhəmiyyət daşıyır. Kəlbəcərin yaylaqları fermerlər üçün mühüm ünvana çevrilib
Kəlbəcərin geniş yaylaq və otlaq sahələri uzun illər ərzində Azərbaycanın heyvandarlıq ənənələrinin mühüm mərkəzlərindən biri olub. Rayonun işğaldan azad edilməsindən sonra bu ənənənin yenidən bərpası istiqamətində işlər görülür.
Fermer təsərrüfatlarının mövsümi olaraq Kəlbəcərə köçürülməsi həm rayonun kənd təsərrüfatı potensialından istifadə, həm də yerli iqtisadi fəallığın artırılması baxımından əhəmiyyətlidir. Yay aylarında təsərrüfatların dağlıq ərazilərdə fəaliyyət göstərməsi bölgədə kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə imkan verir.
Xüsusilə arıçılıq üçün Kəlbəcərin təbii imkanları diqqət çəkir. Dağ çəmənlikləri və zəngin bitki örtüyü arı ailələrinin saxlanılması və keyfiyyətli bal istehsalı üçün əlverişli mühit formalaşdırır. Yay mövsümünün sonunda arıçılar bal süzümünü başa çatdıraraq arı ailələrinin qışlama dövrünə hazırlanmasına başlayırlar.
Etibar Seyidağa,
Musavat.com

