Bakıda dünyanın ən ciddi rəqibləri hesab olunan ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrinin eyni məkanda görüşməsi diqqət çəkib.
ARANTV.AZ xəbər verir ki, Fransanın kəşfiyyat xidmətləri və diplomatiya sahəsində ixtisaslaşmış “Intelligence Online” nəşrində IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı diqqətçəkən material yayımlanıb.
Sentyabrın 22-də keçirilən forumun plenar iclasında terrorizmlə mübarizə məsələləri müzakirə edilərkən zalda olduqca qeyri-adi mənzərə yaranıb. Nəşrin yazdığına görə, İsrailin “Mossad” kəşfiyyat xidmətinin nümayəndəsi İran Kəşfiyyat Nazirliyinin nümayəndə heyətindən cəmi bir neçə kreslo aralıda əyləşib. İran kəşfiyyatının nümayəndələri isə böyük kvadrat masa arxasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin – CIA-nın nümayəndələri ilə üz-üzə olublar.
Materialda qeyd edilir ki, Livanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri general Edqar Lavandos da həmin zalda olub. Müəllif bu mənzərənin xüsusilə diqqətçəkən olduğunu vurğulayır: İran, ABŞ və İsrailin maraqlarının kəskin toqquşduğu Yaxın Şərqdə onların xüsusi xidmət nümayəndələri Bakıda eyni masa ətrafında toplaşıblar.
Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2023-cü ildə yaradılıb. Bu il tədbirə 100-dən çox ölkədən və beynəlxalq təşkilatlardan təxminən 600 yüksək səviyyəli nümayəndə qatılıb.
“Intelligence Online” Bakı Təhlükəsizlik Forumunu hətta xüsusi xidmət orqanları üçün bir növ “BMT”yə çevrilməyə çalışan platforma kimi xarakterizə edir. Bildirilir ki, tədbir bir-birinə rəqib olan kəşfiyyat qurumlarının terrorizmlə birgə mübarizə çərçivəsində dialoq aparması üçün nadir imkan yaradır. Rəsmi kanallarla müzakirəsi çətin olan məsələlərin forumun əsas iclaslarından kənarda, görüşlər zamanı müzakirə olunduğu bildirilir.
Diqqətçəkən məqamlardan biri Ermənistan Xarici Kəşfiyyat Xidmətinin direktoru Kristine Qriqoryanın artıq ikinci ildir Bakıdakı toplantıda iştirak etməsidir. Onun builki foruma səfər etməsi Ermənistan tərəfinin rəsmi açıqlaması ilə də təsdiqlənib.
“Intelligence Online” yazır ki, forumun coğrafiyası genişlənməkdə davam edir. Bu dəfə Balkanlardan, Mərkəzi Asiyadan və Afrikadan yeni nümayəndə heyətlərinin tədbirə qatıldığı bildirilir. Bosniya və Herseqovina, Şimali Makedoniya, Tacikistan, Monqolustan, Nigeriya, Seneqal və Qanadan nümayəndələrin iştirakı xüsusi qeyd olunur.
Məqalədə Sudan kəşfiyyatının rəhbəri Əhməd İbrahim Mufaddalın da çıxışına yer verilib. Bildirilir ki, o, general Əbdülfəttah əl-Burhan hökumətini təmsil edərək Hemedtinin rəhbərlik etdiyi Çevik Dəstək Qüvvələrinin – RSF-in terror təşkilatı kimi qiymətləndirilməsinə çağırıb. “Intelligence Online”ın məlumatına görə, bu çağırış BƏƏ nümayəndə heyəti tərəfindən mənfi qarşılanıb.
Nəşr eyni zamanda bəzi ölkələrin forumda iştirak etməməsinə diqqət çəkib. Əvvəlki toplantılarda iştirak edən Gürcüstanın bu dəfə təmsil olunmadığı, Ukrayna nümayəndə heyətinin də tədbirdə olmadığı bildirilir. Müəllif Ukraynanın iştirak etməməsini Bakı ilə Kiyev arasında bir sıra xarici siyasət məsələlərində yaranan fikir ayrılıqları ilə əlaqələndirir. Bu hissə “Intelligence Online” nəşrinin siyasi şərhidir.
Materialda forumun ən qeyri-adi hadisələrindən biri kimi Albaniya kəşfiyyatı SHISH-in direktoru Vlora Hiseninin iştirakı göstərilir. Nəşrin yazdığına görə, əlifba protokoluna əsasən o, “Taliban” kəşfiyyatının rəhbəri Əbdül-Həq Vasiq ilə Əlcəzair xüsusi xidmətinin nümayəndəsi arasında əyləşib.
Məqalədə daha sonra bildirilir ki, Hiseni Bakıya səfərindən sonra Tiranaya qayıdarkən vəzifəsi ilə bağlı ciddi hüquqi proseslə üzləşib və ona məxfi məlumatların açıqlanması, həmçinin Albaniyanın rəqəmsal texnologiyalar agentliyi ilə əlaqəli korrupsiya işi üzrə şübhəlilərin gizlədilməsinə dair ittihamlar irəli sürülüb.
Beləliklə, “Intelligence Online”ın təqdimatında Bakı Təhlükəsizlik Forumu yalnız rəsmi çıxışların səsləndiyi beynəlxalq tədbir deyil, bir-biri ilə açıq qarşıdurmada olan dövlətlərin xüsusi xidmət nümayəndələrinin belə eyni məkanda dialoq qura bildiyi platforma kimi təsvir edilir.
Azərbaycan Prezidentinin forum iştirakçılarına rəsmi müraciətində də dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və informasiya mübadiləsinin effektivliyinin artırılmasının vacibliyi xüsusi vurğulanıb.

