Sosial şəbəkələrdə radikalizm TƏHLÜKƏSİ

Sosial şəbəkələrdə radikalizm TƏHLÜKƏSİ

“Sosial şəbəkələrdə radikallaşma və cəmiyyətdə qütbləşmənin qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi təklif olunur”.

Deputat Sahib Alıyev parlamentin payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib.

Bildirib ki, sosial şəbəkələrin Azərbaycan seqmentində sistemli şəkildə radikallıq və nifrət aşılanması cəmiyyətdə qütbləşməyə, milli dəyərlərin və dövlətçiliyin gözdən salınmasına gətirib çıxarır. Onun sözlərinə görə, sosial platformalar kənardan hər hansı müdaxilə olmadan da vəziyyəti gərginləşdirə bilir:

“Meta-nın, X-in, YouTube-un və digər texnoloji nəhənglərin idarəçiliyində yer alan mütəxəssislərin özlərinin də etirafları var ki, sosial şəbəkə üzərindən alqoritmlər, psixoloji manipulyasiya və rəqəmsal “əks-səda kameraları” vasitəsilə radikallaşma, sosial qütbləşmə yaradılır”.

Sosial şəbəkələr və informasiya təhlükəsizliyi - Nələrə diqqət etməliyik?

S.Alıyev qeyd edib ki, insanlar neqativ, qorxulu və hədəf göstərən xəbərlərə müsbət məzmunlardan daha həssas reaksiya verdiyindən alqoritmlər qütbləşdirən və aqressiv paylaşımları önə çıxara bilir. Deputatın sözlərinə görə, istifadəçinin baxdığı məzmun müəyyənləşdirildikdən sonra sistem ona daha kəskin və dünyagörüşünə uyğun kontentlər təqdim edir. Bu isə fərqli fikirlərdən təcrid olunmağa və insanların öz qruplarındakı radikal fikirləri mütləq doğru hesab etməsinə səbəb ola bilər. Deputat Avropa İttifaqının Rəqəmsal Xidmətlər haqqında Qanununda radikallaşmanı və sosial qütbləşməni stimullaşdıran alqoritmlərlə bağlı müddəaların olduğunu diqqətə çatdırıb. O, xüsusilə qanunun 27, 34, 35, 38 və 40-cı maddələrini qeyd edib: “Azərbaycanda da informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi, həmçinin uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanunlara edilən dəyişikliklərdən sonra sosial şəbəkə platforması, platforma provayderi və alqoritmlər üzərində birbaşa nəzarət kimi anlayışlar qanunvericiliyə gətirilib”.

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-da diqqətə çatdırdı ki, Sahib Alıyevin parlamentdə səsləndirdiyi təklif, yəni sosial şəbəkələrdə radikallaşma və qütbləşməyə qarşı qanunvericiliyin sərtləşdirilməsi, ilk baxışdan məntiqli görünür:

“Problem realdır. Lakin diaqnoz yarımçıq qoyulduqda, müalicə də yanlış ola bilər. Birincisi, alqoritmlərin qəzəbi və aqressiyanı gücləndirdiyi faktdır. Araşdırmalar göstərir ki, paylaşımdakı hər əlavə emosional söz onun yayılma ehtimalını təxminən 20% artırır. “Qarşı tərəfi” hədəf alan postlar isə müsbət məzmundan xeyli sürətlə yayılır. Yəni, deputatın dediyi mexanizm havadan götürülməyib. İkincisi, məsələnin digər tərəfi də var. Alqoritmlərin insanları birbaşa radikallaşdırdığı iddiası elmi baxımdan o qədər də güclü deyil. 2020-ci il ABŞ seçkiləri zamanı Meta ilə müstəqil alimlərin apardığı eksperimentlərdə lent üç ay xronoloji formata keçirilib, amma qütbləşmə səviyyəsi nəzərəçarpacaq dərəcədə dəyişməyib. YouTube üzrə araşdırmalar da göstərir ki, ekstremist məzmuna yönəliş əsasən istifadəçinin öz seçimindən qaynaqlanır. Bu o deməkdir ki, alqoritm alovu körükləyir, amma tonqalı o yandırmır. Üçüncüsü, Azərbaycan seqmenti üzrə müstəqil və sistemli araşdırma demək olar ki, yoxdur. Sübutsuz qurulan qanun isə qaranlıqda atılan addım kimidir”.

Sona Əliyeva: "Bu müsahibədən sonra məni topa tutacaqlar" Pravda.az

Ekspertin dedi ki,  Avropa nümunəsinə gəldikdə, burada bir incə məqam gözdən qaçır: “Rəqəmsal Xidmətlər haqqında Qanun məzmunu qadağan etmir, platformaları hesabat verməyə məcbur edir. Alqoritmlərin şəffaflığı, risklərin qiymətləndirilməsi, istifadəçiyə fərdiləşdirilməmiş lent seçimi və tədqiqatçıların məlumatlara çıxışı bu qanunun əsas sütunlarıdır. Brüssel bu kartı artıq masaya sürüb. Avropa Komissiyası 2025-ci ilin dekabrında X-i DSA çərçivəsində ilk dəfə 120 milyon avro cərimələyib, səbəblərdən biri də tədqiqatçılara ictimai məlumatlara effektiv çıxışın verilməməsi olub. TikTok-un isə sonsuz lent, avtomatik oynatma və yüksək fərdiləşdirilmiş tövsiyə sistemi kimi asılılıq yaradan dizayna görə qanunu pozduğu ilkin olaraq müəyyən edilib. Amma unutmaq olmaz ki, Brüsselin əzələsi 450 milyonluq bazardan gəlir. Azərbaycanın qlobal texnoloji nəhənglərə eyni dildə danışmaq imkanı məhduddur. Deməli, Avropadan bütöv modeli deyil, işləyə biləcək alətləri götürmək lazımdır. Məncə, burada iki ssenari var. Əgər qanunvericilik şəffaflıq, müstəqil nəzarət və tədqiqat üzərində qurulsa, problemin real miqyasını ölçmək və platformalarla dialoq aparmaq mümkün olacaq. Yox, əgər “radikallıq”, “nifrət”, “dövlətçiliyin gözdən salınması” kimi geniş və dumanlı anlayışlar əsas götürülsə, bu normaların legitim tənqidi də əhatə etməsi qaçılmaz olacaq. Nəticədə özünüsenzura artacaq, istifadəçilər VPN-ə və qapalı kanallara çəkiləcək. Yəni, qütbləşmə azalmayacaq, sadəcə gözdən uzaq yerə köçəcək. Üstəlik, süni intellektlə yaradılan məzmunun sürətlə artdığı bir dövrdə sərt və statik qadağalar tez köhnələcək. Bu baxımdan, çıxış yolu nəzarəti genişləndirməkdə deyil. Anlayışlar dəqiq müəyyənləşdirilməli, hər məhdudiyyət məhkəmə süzgəcindən keçməlidir. Platformalardan Azərbaycan seqmenti üzrə alqoritmik hesabatlar tələb olunmalı, tədqiqatçılara məlumat qapısı açılmalıdır. Media savadlılığı isə məktəb partasından başlamalıdır. Qanun layihəsi qəbuldan əvvəl ictimai müzakirəyə çıxarılarsa, bu, həm də cəmiyyətə etimad mesajı olar. Sağlam rəqəmsal mühit nəzarətlə yox, şəffaflıqla qurulur”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir