5 Oktyabr – Müəllimlər Günü münasibətilə müəllimlərin əməyinin yalnız təbrik və fəxri fərmanlarla deyil, maddi təşviqlərlə də qiymətləndirilməsi məsələsi gündəmə gəlir. Xüsusilə il ərzində yüksək nəticə göstərən, məktəbin və şagirdlərin inkişafına töhfə verən müəllimlərə əməkhaqqından əlavə birdəfəlik bonus və ya mükafat ödənilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında təhsil eksperti Fuad Hacıyev bildirib ki, belə bir təşəbbüs müəllimlərin motivasiyasının artırılması baxımından faydalı ola bilər.
Ekspertin sözlərinə görə, 5 Oktyabr – Müəllimlər Günü münasibətilə pedaqoqların əməyinin maddi şəkildə qiymətləndirilməsi müsbət addım hesab olunar.
“İl ərzində göstərilən fəaliyyətə, əldə olunan nəticələrə, məktəbin və şagirdlərin inkişafına verilən töhfəyə görə müəllimlərə əməkhaqqından əlavə birdəfəlik bonus və ya mükafatın verilməsi motivasiya baxımından ciddi təsir göstərə bilər. Təbii ki, dövlət məktəblərində bunun tətbiqi üçün maliyyə mənbəyi, şəffaf meyarlar və vahid yanaşma müəyyən edilməlidir”.
Fuad Hacıyev qeyd edib ki, mükafatlandırma sistemi müəllimlər arasında sağlam rəqabətin formalaşmasına və peşəyə marağın artmasına da şərait yarada bilər. Onun fikrincə, burada əsas məqam mükafatların formal deyil, konkret fəaliyyət və nəticələr əsasında müəyyənləşdirilməsidir.
“Məncə, müəllimin əməyinin maddi baxımdan qiymətləndirilməsi təkcə əlavə gəlir məsələsi deyil. Bu, həm müəllim peşəsinin nüfuzunun artırılması, həm motivasiyanın yüksəldilməsi, həm də dövlətin müəllim əməyinə verdiyi dəyərin konkret şəkildə göstərilməsi baxımından əhəmiyyətlidir.
Çünki müəllimi yüksəkdə tutan cəmiyyət, əslində, öz gələcəyini yüksəkdə tutur”, – deyə ekspert vurğulayıb.

