Azərbaycanda 2026–2027-ci illər ov mövsümünün 10 oktyabr 2026-cı ildən açıq elan ediləcəyi bildirilir. Lakin ov mövsümünün başlaması bütün vəhşi heyvan və quşların ovlanmasına icazə verilməsi anlamına gəlmir. Hər növ üzrə ayrıca ov müddəti, norma və icazə tələbləri müəyyən edilir.
ARANTV.AZ bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaydalarına əsasən, “Qırmızı Kitab”a daxil edilmiş heyvan növlərinin ovlanmasına yol verilmir.
Bundan başqa, ovlanmasına icazə verilən növlərin də müəyyən dövrlərdə və müəyyən edilmiş limitdən artıq ovlanması qadağandır. Məsələn, son ov mövsümündə bəzi quş növləri xüsusi olaraq ov siyahısından çıxarılıb. Bunlara ağqaş qaz, qırmızıdöş qaz, ağgöz dalğıc, göydimdik, qılquyruq, qırmızıbaş dalğıc, uzunquyruq ördək və mərmər cürə daxildir. Yəni bu quşların ov mövsümündə belə vurulması qanunsuz hesab olunur. Eyni zamanda, ovun harada aparılması da ciddi şəkildə məhdudlaşdırılır. Azərbaycanda ov yalnız müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında həyata keçirilə bilər. Xüsusi mühafizə olunan ərazilərdə, dövlət təbiət qoruqlarında, sərhədyanı zonalarda, Xəzər dənizinin adalarında, meşə və yaşıllıq sahələrində, həmçinin şəhər və kurortların ətrafındakı ən azı 1,5 kilometrlik ərazilərdə ov qadağandır.
Ov etmək istəyən şəxsin ovçuluq bileti və birdəfəlik ov icazəsi olmalıdır. İcazədə ovlanacaq heyvan və ya quşun növü, sayı, ərazi və tarix göstərilir. Həmin limitdən artıq ov etmək, başqa ərazidə və ya başqa tarixdə ov aparmaq qadağandır.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2025–2026-cı illər üzrə son açıqladığı siyahıda ov obyektləri arasında dovşan, qaz, ördək və qaşqaldaq yer alıb. Həmin mövsümdə dovşan üçün adambaşına iki, qaz üçün bir, ördək və qaşqaldaq üçün isə üç ədəd norma müəyyən edilmişdi.
Şahanə Rəhimli
Musavat.com

