Müasir dünya iqtisadiyyatında və qlobal kənd təsərrüfatı siyasətində köklü dəyişikliklər baş verməkdədir. İqlim dəyişikliyi, su qıtlığı, torpaqların eroziyası və artan ərzaq təhlükəsizliyi riskləri ənənəvi ekstensiv əkinçilik modellərini, yəni “daha çox sahə əkək, daha çox resurs sərf edək” yanaşmasını tarixə qovuşdurmaqdadır.
Beynəlxalq təcrübə, xüsusilə Qərbi Avropa və qabaqcıl Asiya ölkələrinin təcrübəsi göstərir ki, aqrar sahənin gələcəyi böyük torpaq sahələri ilə deyil, “ağıllı kənd təsərrüfatı”, rəqəmsal idarəetmə və yüksək əlavə dəyər zəncirləri ilə bağlıdır. Qlobal bazarlarda rəqabət aparmaq istəyən ölkələr üçün artıq əsas hədəf xam məhsul ixracı yox, emal olunmuş, brendləşmiş və yüksək gəlir gətirən ixracyönümlü məhsulların istehsalıdır. Azərbaycanda da aqrar sektorun rəqabət qabiliyyətinin artırılması və resurslardan səmərəli istifadə məsələsi dövlət siyasətinin mərkəzi xəttinə çevrilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 100-cü Yubiley “Aqrar Biznes Festivalı”nda bu barədə danışıb. Nazir qeyd edib ki, “daha çox sahə əkək, daha çox heyvan saxlayaq, daha çox resurs istifadə edib daha çox məhsul istehsal edək” məntiqindən uzaqlaşmağın zamanıdır: “Əksinə, daha az resursla daha çox və daha dəyərli məhsul istehsal etməliyik. Həm ərzaq təhlükəsizliyini təmin edəcək, həm də ölkəyə valyuta gətirəcək ixracyönümlü məhsulların istehsalını artırmağa nail olmalıyıq. Bununla paralel, yalnız məhsul istehsalı ilə kifayətlənməyib, dəyər zəncirində həmin məhsulların emal olunmasını, daha yüksək məhsullara çevrilməsini və onların həm yerli, həm də xarici bazarlarda satışını təmin etməliyik”.

Aqronom Həmid Əzizli Musavat.com-a açıqlamasında bildirib ki, bağ sahəsinə düzgün aqrotexniki qulluq etməklə daha kiçik ərazidə daha çox məhsul əldə etmək mümkündür:
“Nəticədə məhsul tələbatını qarşılamaq mümkün olar. Bu, həm də ərazi istifadəsini minimuma endirə bilər. Qeyd etmək yerinə düşər ki, daha az ərazinin istifadəsi həm də təbii resurslara qənaət etməyə imkan verəcək. Bu yanaşma heyvandarlıq sahəsi üzrə də keçərlidir. Düzgün qida rasionunu təmin etməklə daha çox heyvan məhsulları əldə etmək mümkündür”.
Su ehtiyatlarının məhdud olduğu, qlobal istiləşmənin və ekoloji balanssızlığın gücləndiyi bir dövrdə resursların israfına yol vermək milli təhlükəsizliyə risk yarada bilər. Görünən odur ki, Azərbaycanın kənd təsərrüfatı siyasətində elan olunan bu yeni strateji kurs, sadəcə, iqtisadi zərurət deyil, eyni zamanda, qlobal iqlim dəyişikliklərinə uyğunlaşmanın qaçılmaz mərhələsidir.
Nigar Həsənli,
Musavat.com

