Qeysəriyyə əməliyyatı CAN alır – Qadağan olunsunmu?

Qeysəriyyə əməliyyatı CAN alır – Qadağan olunsunmu?

Xəbər verildiyi kimi, Göyçayda bir neçə həftə əvvəl qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən 31 yaşlı qadın paytaxtdakı klinikalardan birində dünyasını dəyişib. Zərdab sakini, 31 yaşlı Səkinə Yusifovanın həyatını xilas eləmək mümkün olmayıb.

Bundan əvvəl də qeysəriyyə əməliyyatı zamanı ölənlər olub. Həkimlər təbii doğuşu tövsiyə edirlər, lakin heç də hər qadında bu mümkün olmur, yəni qeysəriyyə yolu ilə övlad dünyaya gətirənlər kifayət qədərdir. Amma ölüm hallarının olması ciddi narahatlığa əsas yaradır.

Burada əsas günah kimdədir? Ölümə səbəb qeysəriyyə əməliyyatıdır, həkimdir, yoxsa hamilə qadının məsuliyyətsizliyi? Ümumiyyətlə, qanunla qeysəriyyə əməliyyatını qadağan etmək məntiqlidirmi?

Adil Qeybulla prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək | KONKRET

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a danışıb.

Professor bildirib ki, qeysəriyyə kəsiyi ilə süni abdominal doğuş, əsasən, təbii doğuşun mümkün olmadığı və ya ana və döl üçün ciddi risk yaratdığı hallarda həyata keçirilir: “Bu zaman həm ananın sağlamlıq vəziyyəti, həm də dölün vəziyyəti və doğuşun necə nəticələnə biləcəyi nəzərə alınır.

Məsələn, dölün gəlişinin müəyyən xüsusiyyətləri – sağrı gəlişi və digər hallar – ola bilər ki, bu zaman təbii doğuş ciddi fəsadlara səbəb olsun. Belə vəziyyətlərdə dölün hipoksiyası, hətta ölümü riski yarana bilər. Yaxud anada elə yanaşı xəstəliklər ola bilər ki, onun təbii doğuş keçirməsi və güc verməsi sağlamlığı üçün ciddi risk yaratsın. Bu kimi hallarda qeysəriyyə əməliyyatına tibbi göstəriş yaranır. Dölün həddən artıq böyük olması da müəyyən hallarda qeysəriyyə əməliyyatının aparılmasına səbəb ola bilər”.

Müsahibimiz hesab edir ki, əsas problem qeysəriyyə əməliyyatının tibbi zərurət olmadığı halda kütləvi xarakter almasıdır: “Qeysəriyyə əməliyyatının kütləvi xarakter alması, əlbəttə ki, yaxşı hal deyil. Son dövrlərdə Azərbaycanda bu əməliyyata müəyyən mənada meylliliyin artdığını müşahidə edirik. Halbuki bütün dünyada, təbii doğuş üçün tibbi əks-göstəriş olmadığı hallarda vaginal doğuşa üstünlük verilir”.

Professora görə, Azərbaycanda estetik əməliyyatlara qarşı həddən artıq maraq olduğu kimi, qeysəriyyə əməliyyatına da müəyyən meyllilik formalaşıb: “Burada məsələ yalnız həkimlərin yanaşmasından ibarət deyil. Bəzən pasiyentlərin özləri də qeysəriyyə əməliyyatını tələb edirlər. Bunun əsas səbəblərindən biri odur ki, bəzi gənc qadınlar təbii doğuşdan sonra doğuş yollarında və çanaq əzələlərində dəyişikliklərin yaranacağından, gələcəkdə sidik saxlama problemləri və digər fəsadlarla üzləşəcəklərindən narahat olurlar. Buna görə də qeysəriyyə əməliyyatını daha rahat və təhlükəsiz seçim kimi qəbul edirlər.

Digər tərəfdən, bəzi hallarda dölün həddən artıq böyük olması da qeysəriyyəyə meylliliyi artırır. Bu isə müəyyən dərəcədə hamiləlik dövründə qidalanma və fiziki aktivliklə də bağlı ola bilər. Hamiləlik zamanı həddən artıq qidalanma və az hərəkət etmək dölün normadan artıq böyüməsinə səbəb ola bilər. Bu da doğuş zamanı müxtəlif çətinliklərə, doğuş yollarında zədələnmə və digər fəsadların yaranmasına gətirib çıxara bilər.

Lakin hesab edirəm ki, hamiləlik düzgün planlaşdırılarsa, hamiləlik dövründə qadına lazımi tibbi nəzarət və tövsiyələr təmin olunarsa, bir çox hallarda təbii doğuş mümkün ola bilər. Bunun üçün hamiləlikdən əvvəl və hamiləlik müddətində düzgün maarifləndirmə, qidalanma, fiziki aktivlik və tibbi müşahidə mühüm əhəmiyyət daşıyır.

Ona görə də burada təkcə qadınların və ya həkimlərin üzərinə məsuliyyət qoymaq düzgün deyil. Məsələnin həlli üçün bütövlükdə doğuş prosesinin təşkili, hamilə qadınların maarifləndirilməsi və tibbi xidmətin düzgün qurulması vacibdir. Çünki qeysəriyyə əməliyyatı zəruri tibbi göstəriş olduqda mühüm və həyatqurtarıcı müdaxilədir. Problem onun tibbi zərurət olmadığı halda geniş və kütləvi şəkildə tətbiq edilməsidir”.

Xalidə Gəray,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir