9 yaşlı qız uşağının ərə verilməsi zehniyyəti

9 yaşlı qız uşağının ərə verilməsi zehniyyəti

Azərbaycanda qızların təhsildən geri qalmaması üçün qanunvericiliyin sərtləşdirildiyi bir vaxtda, Türkiyədə AKP iqtidarı erkən nikahların və uşaq gəlinlərin önünü açacaq hüquqi addımlar atmaqdadır. Türkiyənin rəsmi dövlət qurumu olan Diyanət İşləri Başqanlığı öz rəsmi saytında İslam hüququna istinad edərək, 9 yaşındakı qız uşaqlarının hamilə qala biləcəyini və ərə verilə biləcəyini bəyan etmiş, bu bəyanat cəmiyyətdə nəhəng etiraz dalğasına səbəb olmuşdu. AKP tərəfindən qəbul edilən qanunla rəsmi dövlət nikahı qeydiyyatı səlahiyyəti dini müftilərə də verildi. Hüquq müdafiəçiləri bunun qeyri-rəsmi uşaq evliliklərini və gizli poliqamiyanı (çoxarvadlılığı) leqallaşdırmağa xidmət etdiyini rəqəmlərlə sübut ediblər.

Picture background

AKP tərəfindən formalaşdırılan məhkəmə sistemi, rəsmi nikah olmadan dini kəbin kəsən imamların cəzalandırılmasını nəzərdə tutan cəza qanununu ləğv etdi. Bu, 13-14 yaşlı qız uşaqlarının rəsmi nikahsız, yalnız dini kəbinlə “həyat yoldaşı” edilməsinin hüquqi cəzasını ortadan qaldırdı.

AKP millət vəkilləri Türkiyə Böyük Millət Məclisinə dəfələrlə qanun layihəsi gətirərək, azyaşlı qızları zorlayan və ya qaçıran kişilərin, həmin qızla evləndikləri təqdirdə həbsdən azad edilməsini (ictimaiyyətdə buna “Tebavüzcü tecavüz ettiğiyle evlensin” qanunu deyilir) təklif ediblər. Güclü ictimai etirazlar olmasaydı, bu qanun tam qüvvəyə minəcəkdi.

Öz ölkəsində 11-13 yaşlı qız uşaqlarının dünyəvi təhsildən qopardılıb qaranlıq təriqət yataqxanalarında hüquqlarının tapdalanmasına göz yuman, onları qoruyan İstanbul Konvensiyasını ləğv edən, uşaq nikahlarını hüquqi manipulyasiyalarla müdafiə edən bir siyasi sistem, Azərbaycanın daxili qanunlarına və məktəb forması qaydalarına dil uzadır.
Bunun tək bir səbəbi var: AKP rəhbərliyi öz ölkəsindəki dərin iqtisadi böhranı, qadın cinayətlərini və idarəetmə uğursuzluqlarını ört-basdır etmək üçün radikal mühafizəkar seçicilərinə hər zaman “xarici düşmən” və ya “İslamın qlobal hamisi” ssenarisini təqdim etməlidir. Azərbaycanın dünyəvi və müstəqil təhsil modelini hədəf almaq, bu daxili siyasi teatrın növbəti pərdəsidir.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Musavat.com-a bildirib ki, bu vəziyyət Türkiyəyəyə yaraşmayan vəziyyətdir, bu yanlış yoldan imtina eidb Atatürkün qoyduğu, Türkeşin qoyduğu yolla getmək lazımdır: “Ərəblərin orta əsrlərdə tətbiq etdiyi qaydaları 21-ci əsrdə Türkiyəyə gətirməyə çalışmaq faciədir. Qız uşağının 18 yaşdan ərə getməsinə müsbət yanaşmaq cahillikdir, cinayətdir. Bu, qız uşaqlarına qarşı zorakılıqdır. Bu zorakılığa rəsmi qurumların qanuni don geyindirməyə çalışması isə cinayətdir. Biz illərdir bu problemlərə qarşı mübarizə aparırıq. Qardaş Türkiyədə təəssüf ki, bu problem düzəlmək əvəzinə daha da ağırlaşır. Türkiyədə cəmiyyət, aydınlar bu vəziyyətə qarşı öz mövqelərini bildirməlidirlər”.

Etibar Seyidağa,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir