Sıra mürəbbələrə də çatdı – Azərbaycanda yeni TƏLƏB?

Sıra mürəbbələrə də çatdı – Azərbaycanda yeni TƏLƏB?

Türkiyədə mürəbbə istehsalı ilə bağlı standartlar dəyişdirilir. Yeni qaydalara əsasən, mürəbbənin tərkibində istifadə olunan meyvənin minimum miqdarı artırılacaq. Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi bununla bağlı yeni qaydalar layihəsini ictimai müzakirəyə təqdim edib.

Layihəyə əsasən, bir kiloqram mürəbbənin hazırlanmasında istifadə edilən meyvənin miqdarı 450 qramdan az olmamalıdır. Bəzi meyvələr üzrə isə ayrıca normalar müəyyənləşdirilir. Belə ki, qırmızı və qara qarağat, quşarmudu, yabanı iydə, itburnu və heyvadan hazırlanan mürəbbələrdə meyvənin minimum miqdarı 250 qramdan 350 qrama qaldırılacaq.

Zəncəfil mürəbbəsində bu göstərici 150 qramdan 180 qrama, keşyu alması mürəbbəsində 160 qramdan 230 qrama, marakuya mürəbbəsində isə 60 qramdan 80 qrama yüksəldiləcək. Bundan başqa, ekstra mürəbbə kateqoriyasına aid məhsullar üçün daha yüksək standart tətbiq olunacaq. Bu məhsulların hər kiloqramında istifadə edilən meyvə püresinin miqdarı ən azı 500 qram təşkil etməlidir.

Bəs Azərbaycanda bu sahədə hazırkı standartlar necədir? Türkiyədəki tələb bizdə də tətbiq oluna bilərmi?

Qida mütəxəssisi İlkin Şirinov Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyədə mürəbbə istehsalı ilə bağlı standartların dəyişdirilməsini, meyvənin miqdarına dair meyarların dəqiqləşdirilməsini və bu məlumatların etiketlərdə göstərilməsini dəstəkləyir. Onun sözlərinə görə, Azərbaycanda da mürəbbənin tərkibində meyvənin miqdarının istehlakçıya aydın şəkildə çatdırılması, standartların təkmilləşdirilməsi və etiketlənmənin şəffaflaşdırılması məsələsi araşdırılmalıdır.

Ekspert hesab edir ki, mürəbbənin keyfiyyəti yalnız rəngi, qoxusu və dadı ilə müəyyənləşmir:

“Məhsulun hazırlanmasında istifadə olunan meyvənin miqdarı, şəkərin nisbəti, xammalın keyfiyyəti, istehsal texnologiyası və saxlama şəraiti də mühüm əhəmiyyət daşıyır. Türkiyədə mürəbbə istehsalı ilə bağlı standartların dəyişdirilməsi, mürəbbənin tərkibində meyvə kütləsinin payının artırılması, həmçinin bunun etiketlərdə qeyd olunması və meyvənin miqdarına dair tələblərin artırılması istehlakçı baxımından əhəmiyyətli addımlardır. Bu məsələlər istehlakçının, ən azı, verdiyi pulun dəyərini alması, əldə etdiyi məhsulun göstəricilərini bilməsi və istehsalçının etimad qazanması baxımından vacibdir”.

İlkin Şirinova görə, Azərbaycandakı vəziyyətə baxdıqda, əsas məqsəd məhsulun tərkibindəki meyvənin miqdarına dair daha konkret meyarların müəyyənləşdirilməsi və istehlakçının aldığı məhsul haqqında aydın təsəvvür əldə etməsinin təmin edilməsi olmalıdır: “Bu, əslində, düzgün və yerində atılmış addımdır. Lakin bizdə vəziyyət bir qədər fərqlidir. Mürəbbənin etiketində xalis çəki, yəni meyvə suyunu deyil, məhz meyvənin kütləsini nəzərdə tuturam, göstərilmir. Bunu nümunələr vasitəsilə də izah edə bilərəm. Mürəbbənin keyfiyyəti yalnız onun rəngi, qoxusu və dadı ilə müəyyən edilmir. Məhsulun hazırlanmasında istifadə olunan meyvənin miqdarı, şəkərin nisbəti, xammalın keyfiyyəti, istehsal texnologiyası və saxlama şəraiti mühüm əhəmiyyət daşıyır”.

Mütəxəssis vurğulayıb ki, keyfiyyətlə qida təhlükəsizliyi məsələlərini bir-birindən fərqləndirmək lazımdır: “Mürəbbənin tərkibində meyvənin miqdarı az olduqda, bu, mütləq məhsulun təhlükəli olması deməkdirmi? Qətiyyən yox. Bu məsələnin qida təhlükəsizliyinə birbaşa aidiyyəti yoxdur. Burada keyfiyyət məsələsi ilə qida təhlükəsizliyi məsələsini fərqləndirmək lazımdır. Məhsul mikrobioloji baxımdan təhlükəsiz olmalıdır. Lakin meyvənin miqdarı və məhsulun tərkibi istehlakçının gözləntilərinə uyğun gəlməyə bilər. İstehlakçı verdiyi pulun qarşılığında istədiyi məhsulu almaq istəyir. Buna görə də meyvənin kütləsi məsələsini nəzərə almaq lazımdır. Azərbaycan bazarında bu məsələnin araşdırılması zamanı ilk növbədə mürəbbənin müxtəlif növlərinə tətbiq olunan standartlar müəyyənləşdirilməlidir. Həmin standartlarda meyvənin minimum miqdarına dair tələblər və etiketlənmə qaydaları dəqiq göstərilməlidir”.

O, nümunə kimi Qafqaz MMC tərəfindən istehsal olunan çiyələk mürəbbəsini göstərib: “Məhsulun etiketində çiyələk, şəkər, limon turşusu və kalsium xlorid qeyd olunsa da, çiyələyin məhsulun ümumi kütləsində neçə faiz təşkil etdiyi və ya bir kiloqram mürəbbənin hazırlanmasına nə qədər çiyələk sərf olunduğu göstərilmir. Bu məlumatların etiketdə olmaması özlüyündə məhsulun standartlara uyğun olmadığını iddia etməyə əsas vermir. Bunun üçün istehsal resepturası və tətbiq olunan normativ tələblər yoxlanılmalıdır. Azərbaycanda mürəbbə istehsalı üzrə standartların təkmilləşdirilməsinin, müxtəlif məhsul kateqoriyaları üçün dəqiq meyarların müəyyənləşdirilməsinin və istehlakçıya təqdim olunan məlumatların şəffaflığının artırılmasının vaxtı çatıb”.

Ekspertin fikrincə, bu gün etiketdə məhsulun tərkibi göstərilsə də, meyvənin kütləsi barədə məlumatla qarşılaşmırıq: “Mən bunu nümunələrlə də göstərə bilərəm. Lakin Türkiyədə tətbiq olunan tələblər avtomatik olaraq Azərbaycanda qüvvəyə minmir. Hər bir ölkənin öz qanunvericiliyi var. Buna görə də həmin təcrübə araşdırılmalı, tətbiqindən sonra hansı nəticələri verdiyi müəyyənləşdirilməlidir”.

İlkin Şirinov Azərbaycanda cem istehsalı ilə bağlı normativ tələblərlə mürəbbəyə tətbiq olunan tələblərin fərqləndirilməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, cem məhsulları ilə bağlı mövcud texniki şərtlərdə meyvə-tərəvəz hissəsinin kütlə payı üçün minimum 35 faiz göstəricisi nəzərdə tutulur: “Azərbaycanda cem istehsalı üzrə normativ tələblər sistemində QOST standartının müəyyən etdiyi göstəricilər var. Məsələn, 400 qramlıq cem məhsulunda minimum 140 qram meyvə-tərəvəz hissəsi nəzərdə tutulur. Bu da 35 faiz deməkdir. Türkiyədə müzakirə olunan 180 qram göstəricisi isə layihənin ümumi göstəricilərinə əsaslanır. Cemlə mürəbbə məsələsi tamamilə fərqlidir. Bizdə cemlərə dair texniki şərtlərdə meyvə-tərəvəz hissəsinin kütlə payı minimum 35 faiz təşkil edir. Lakin bu göstərici müvafiq standartın əhatə etdiyi cem məhsullarına aiddir və ənənəvi mürəbbələrə avtomatik tətbiq edilə bilməz.

Türkiyə təcrübəsinin araşdırılmasını müsbət qiymətləndirirəm. Ancaq yeni tələblərin ölkəmizdə tətbiqi zamanı yerli istehsalçıların qarşılaşa biləcəyi problemlər də öyrənilməlidir. Yalnız bütün bu məsələlər araşdırıldıqdan sonra nəticəyə gəlmək olar. Azərbaycanda istehlakçı aldığı mürəbbənin hansı xammaldan və hansı miqdarda hazırlandığı barədə aydın və etibarlı məlumat əldə etməlidir. Bunun üçün standartların dəqiqləşdirilməsi, şəffaf etiketlənmə və istehsalata effektiv nəzarət təmin olunmalıdır”.

Müsahibimiz etiketlərdəki məlumatların oxunaqlılığı məsələsinə də diqqət çəkib:

“Həm yerli, həm də idxal məhsullarında məlumatların çox kiçik şriftlə yazılması istehlakçıların məhsulun tərkibini öyrənməsini çətinləşdirir. Bu gün marketlərdə istehsalçıların hazırladığı məhsulların etiketlərinə baxdıqda görürük ki, yazılar o qədər xırda olur ki, hətta meyvənin kütlə payı 100 faiz olsa belə, bunu oxumaq mümkün olmur.

Reklam və müştərini cəlb edən məlumatlar o qədər böyük şriftlə yazılır ki, istehlakçı etiketdəki digər məlumatlara diqqət yetirmir. Xüsusilə 40-60 yaş aralığında olan insanların həmin xırda yazıları oxuması çətinləşir. Bəzən idxal məhsullarının üzərinə Azərbaycan dilində vurulan etiketlər də o qədər qarışıq hazırlanır ki, yazıları oxumaq mümkün olmur.

Türkiyədə tətbiq olunan standartların nəticələri öyrənildikdən, Azərbaycandakı istehsalçıların mövqeyi və imkanları nəzərə alındıqdan sonra oxşar tələblərin ölkəmizdə tətbiqi məsələsinə baxıla bilər. Bu gün ölkəmizdə satılan meyvə mürəbbələrinin etiketlərində meyvənin kütlə payı göstərilmir. Yalnız xalis kütlə və məhsulun tərkibi qeyd olunur. Xalis kütlə nə deməkdir? Məsələn, 400 qramlıq çiyələk mürəbbəsinin etiketində yalnız xalis kütlə və tərkib göstərilir. Həmin ümumi kütlənin içərisində meyvənin payının neçə qram olduğu barədə isə heç bir məlumat verilmir”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir