Azərbaycanın İslam dünyasındakı mövqeyi yalnız tarixi və dini bağlılıqlarla ölçülmür. Bu mövqe, eyni zamanda, dövlətimizin həyata keçirdiyi müstəqil siyasət, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müsəlman xalqları arasında həmrəyliyin gücləndirilməsi, humanitar dəyərlərin təşviqi və ortaq mədəni irsin qorunması istiqamətində atılan ardıcıl addımlarla müəyyənləşir.
Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmayıl Ould Şeyx Əhmədlə və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki ilə görüşləri də Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin əhəmiyyətini bir daha nümayiş etdirir. Bu görüşlər təkcə diplomatik münasibətlərin cari gündəliyini əhatə etmir, həm də Azərbaycanın İslam dünyası ilə əlaqələrinin strateji mahiyyətini, ölkəmizin beynəlxalq təşəbbüslərə verdiyi töhfəni və gələcək əməkdaşlıq perspektivlərini ön plana çıxarır. Azərbaycan İslam sivilizasiyasının ayrılmaz hissəsi olmaqla yanaşı, müxtəlif mədəniyyətlərin və dini ənənələrin qarşılıqlı əlaqədə inkişaf etdiyi nadir coğrafiyalardan birində yerləşir. Tarix boyu Şərqlə Qərbin, müxtəlif sivilizasiyaların qovuşduğu məkan olan ölkəmizdə İslam dini milli-mənəvi dəyərlərin, ictimai münasibətlərin, ədəbiyyatın, memarlığın və incəsənətin inkişafına mühüm təsir göstərib. Bununla belə, Azərbaycan öz zəngin dövlətçilik ənənələrini və milli kimliyini qoruyaraq, dini dəyərlərlə müasir inkişafı, milli-mənəvi irslə dünyəvi dövlətçilik prinsiplərini uğurla uzlaşdırıb. Məhz bu xüsusiyyət ölkəmizin İslam dünyasındakı nüfuzunu artıran, onu beynəlxalq dialoq və əməkdaşlıq proseslərində fərqləndirən əsas amillərdəndir.
Azərbaycanda müxtəlif dini icmaların əsrlər boyu birgə yaşaması, dini abidələrin qorunması və fərqli inanclara hörmət ənənəsinin yaşadılması İslamın sülh, mərhəmət, ədalət və qarşılıqlı ehtiram kimi ali dəyərlərinin cəmiyyət həyatında təcəssümüdür. Prezident rəhbərliyi ilə həyata keçirilən xarici siyasətdə müsəlman ölkələri ilə münasibətlərin inkişafı xüsusi yer tutur. Azərbaycan bu əlaqələri yalnız ikitərəfli əməkdaşlıq səviyyəsində deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin, ortaq maraqların və kollektiv fəaliyyətin gücləndirilməsi müstəvisində inkişaf etdirir. İslam Əməkdaşlıq Təşkilatı bu baxımdan ölkəmiz üçün mühüm platformadır. Azərbaycan təşkilatın fəaliyyətində fəal iştirak etməklə müsəlman dövlətləri arasında siyasi dialoqun genişlənməsinə, iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsinə, İslam dünyasının üzləşdiyi problemlərin beynəlxalq gündəmdə daha dolğun əks olunmasına töhfə verir. Bu fəaliyyət Azərbaycanın yalnız öz milli maraqlarını müdafiə edən dövlət deyil, eyni zamanda, ortaq problemlərin həllinə, həmrəyliyin möhkəmlənməsinə və müsəlman xalqlarının gələcəyinə töhfə verməyə çalışan etibarlı tərəfdaş olduğunu göstərir.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun da mühüm yeri var. Heydər Əliyev Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsini, müsəlman dövlətləri ilə əlaqələrin inkişafını və ölkəmizin dünya birliyinə inteqrasiyasını dövlət siyasətinin vacib istiqamətləri kimi müəyyənləşdirmişdi. Bu siyasi xətt sonrakı dövrdə yeni məzmunla zənginləşdirilərək davam etdirilib, Azərbaycanın İslam dünyası ilə münasibətləri daha geniş əməkdaşlıq gündəliyi qazanıb. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz müsəlman dövlətləri arasında etimada, qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafına ardıcıl töhfə verir. Bu yanaşma Azərbaycanın beynəlxalq təşkilatlarda tutduğu mövqedə, irəli sürdüyü təşəbbüslərdə və müxtəlif ölkələrlə qurduğu siyasi dialoqda aydın görünür.
İƏT-in baş katibi ilə görüş zamanı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsinin, regionda davamlı sülhün təmin olunması istiqamətində İlham Əliyevin səylərinin dəstəklənməsinin vurğulanması ölkəmizin beynəlxalq mövqeyinin mühüm göstəricisidir. Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal və onun ağır nəticələri beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasının nə qədər vacib olduğunu göstərib. Dövlətimizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi isə müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin legitim hüquqlarının, milli iradəsinin və təhlükəsizlik maraqlarının əhəmiyyətini bir daha təsdiqləyib. İslam dünyasının Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstək qarşılıqlı həmrəyliyin real siyasi məzmun daşıdığını nümayiş etdirir. Belə həmrəylik yalnız bəyanatlarla məhdudlaşmır, eyni zamanda, ədalətin müdafiəsi, beynəlxalq hüquqa hörmət və regionda uzunmüddətli sülhün təşviqi kimi mühüm prinsiplərə söykənir.
Ölkəmizin 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi etməsi və təşkilata sədrlik edəcək olması Azərbaycanın İslam dünyasındakı artan nüfuzunun, diplomatik imkanlarının və təşkilati təcrübəsinin mühüm ifadəsidir. Bu məsuliyyət Azərbaycana üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi, ortaq təşəbbüslərin təşviqi və müsəlman xalqlarını narahat edən məsələlərin müzakirəsi üçün əlavə imkanlar yaradacaq. Azərbaycanın ev sahibliyi edəcəyi Zirvə görüşü siyasi dialoqla yanaşı, təhsil, elm, mədəniyyət, humanitar əməkdaşlıq, informasiya mübadiləsi və iqtisadi tərəfdaşlıq istiqamətlərində də yeni perspektivlər aça bilər. Xüsusilə müasir dünyada dezinformasiyanın yayılması, dini və mədəni zəmində qarşıdurmaların dərinləşməsi, humanitar böhranların genişlənməsi fonunda İslam dövlətlərinin birgə fəaliyyətinin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycanın bu prosesə rəhbərlik etməsi ölkəmizin əməkdaşlığa açıq, dialoqa sadiq və ortaq problemlərin həllinə töhfə verməyə hazır olduğunu nümayiş etdirir.
İƏT-in baş katibi ilə görüşdə media sahəsində əməkdaşlıq və dezinformasiyaya qarşı birgə mübarizə məsələlərinin müzakirəsi də xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə informasiya təhlükəsizliyi dövlətlərin milli maraqlarının qorunmasının, xalqlar arasında etimadın möhkəmləndirilməsinin və beynəlxalq münasibətlərdə obyektivliyin təmin olunmasının vacib şərtlərindən birinə çevrilib. Müsəlman ölkələri haqqında həqiqətə uyğun olmayan məlumatların yayılması, dini və mədəni fərqlərin qarşıdurma vasitəsinə çevrilməsi, ayrı-ayrı xalqlara qarşı stereotiplərin gücləndirilməsi ortaq səylər tələb edən problemlərdir. Bu baxımdan İslam dünyasının media məkanında əməkdaşlığın gücləndirilməsi, peşəkar informasiya mübadiləsinin genişləndirilməsi və etibarlı məlumatların yayılması üçün birgə təşəbbüslərin həyata keçirilməsi mühüm nəticələr verə bilər. Azərbaycan beynəlxalq informasiya müstəvisində öz mövqeyini fəal müdafiə etməklə yanaşı, müsəlman ölkələri arasında qarşılıqlı anlaşmanın və obyektiv informasiya mühitinin formalaşmasına da töhfə vermək imkanlarına malikdir.
Azərbaycanın İslam dünyası ilə əlaqələrinin digər mühüm istiqaməti ICESCO ilə əməkdaşlıqdır. Təhsil, elm və mədəniyyət sahələrini əhatə edən bu təşkilat ortaq tarixi irsin qorunması, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, təhsil imkanlarının artırılması və mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm platformadır. Prezident İlham Əliyevin ICESCO-nun Baş direktoru ilə görüşündə təşkilatın fəaliyyətinə göstərilən davamlı dəstəyin və könüllü maliyyə töhfələrinin xüsusi qeyd olunması Azərbaycanın bu əməkdaşlığa konkret töhfə verdiyini təsdiqləyir. Azərbaycanın müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələri dəstəkləməsi ölkəmizin beynəlxalq həmrəyliyə yalnız siyasi müstəvidə deyil, insanların gündəlik həyatına təsir göstərən humanitar təşəbbüslərlə də yanaşdığını göstərir. Təhsil imkanlarının genişləndirilməsi, xüsusilə çətin şəraitdə yaşayan uşaqların bilik əldə etməsinə şərait yaradılması gələcək nəsillərin inkişafına, sosial bərabərliyin möhkəmlənməsinə və cəmiyyətlərin daha dayanıqlı olmasına xidmət edir.
Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın humanitar siyasətinin ən mühüm və təsirli istiqamətlərindən biridir. Fond yarandığı gündən milli-mənəvi dəyərlərin qorunmasını, təhsilin və mədəniyyətin inkişafını, tarixi abidələrin bərpasını, ehtiyacı olan insanlara dəstəyin göstərilməsini əsas fəaliyyət istiqamətləri sırasında saxlayıb. Fondun beynəlxalq layihələri isə bu missiyanı Azərbaycan sərhədlərindən kənara çıxararaq müxtəlif ölkələrdə yaşayan insanların ehtiyaclarına yönəldib. Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən təşəbbüslər Azərbaycanın humanizmə, mərhəmətə və sosial məsuliyyətə əsaslanan dəyərlərini beynəlxalq miqyasda təbliğ edir. Bu fəaliyyətin mühüm xüsusiyyəti ondan ibarətdir ki, humanitar dəstək yalnız maddi yardım göstərilməsi ilə məhdudlaşmır, eyni zamanda, insanların təhsil almasına, öz potensialını reallaşdırmasına, mədəni irslə əlaqəsinin qorunmasına və daha yaxşı gələcək qurmasına xidmət edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın beynəlxalq humanitar və təhsil təşəbbüslərində iştirakı da xüsusi diqqətə layiqdir. ICESCO-nun Baş direktoru ilə görüşdə onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən layihələrin ayrıca vurğulanması bu fəaliyyətin beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Burkina-Faso və Niger kimi ölkələrdə internat məktəblərində yaşayan, sosial və təhsil dəstəyinə ehtiyacı olan qızlara yönəlmiş təşəbbüslər humanitar əməkdaşlığın konkret nəticələrini ortaya qoyur. Münaqişələrdən və ağır sosial şəraitdən zərər çəkən uşaqların təhsil imkanlarının genişləndirilməsi, onların təhlükəsiz və ləyaqətli həyat şəraitinə çıxışının dəstəklənməsi cəmiyyətlərin gələcəyinə qoyulan mühüm sərmayədir. Belə layihələr Azərbaycanın uzaq coğrafiyalarda yaşayan insanlara münasibətində milli və dini sərhədləri aşan humanist yanaşmanı nümayiş etdirir. Leyla Əliyevanın bu istiqamətdəki fəaliyyəti ölkəmizin beynəlxalq humanitar əlaqələrinin möhkəmlənməsinə, Azərbaycanla digər xalqlar arasında dostluq və qarşılıqlı etimadın dərinləşməsinə töhfə verir.
İslam həmrəyliyinin möhkəmləndirilməsi yalnız siyasi münasibətlərin inkişafı və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəklə tamamlanmır. Bu həmrəylik, eyni zamanda, müsəlman xalqlarının ortaq mədəni irsinə sahib çıxmaq, tarixi abidələri qorumaq, elmi və intellektual ənənələri yaşatmaq, gənc nəslə öz keçmişini tanıtmaq və gələcək nəsillər üçün dəyərli irs qoymaq deməkdir. Azərbaycan bu baxımdan zəngin tarixi təcrübəyə malikdir. Ölkəmizin ərazisində yerləşən məscidlər, türbələr, dini təhsil və mədəniyyət abidələri, orta əsrlərə aid memarlıq nümunələri İslam sivilizasiyasının Azərbaycan tarixindəki dərin izlərini əks etdirir. Bu irsin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və milli kimliyin, tarixi yaddaşın, mədəni davamlılığın saxlanmasına xidmət edir. Azərbaycanda İslam irsinə münasibət yalnız qədim abidələrin fiziki cəhətdən qorunması ilə məhdudlaşmır. Tarixi məkanların bərpası, dini memarlıq nümunələrinin mühafizəsi, əlyazmaların və digər mədəni sərvətlərin öyrənilməsi, xalqın dini-mənəvi ənənələrinin gələcək nəsillərə çatdırılması daha geniş bir missiyanın tərkib hissəsidir. Heydər Əliyev Fondunun mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələr də bu missiyaya mühüm töhfə verir. Fondun fəaliyyəti nəticəsində həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda yerləşən bir sıra tarixi və mədəni abidələrə diqqət artırılıb, bərpa və mühafizə işlərinə dəstək göstərilib. Belə təşəbbüslər Azərbaycan xalqının öz tarixinə və mədəniyyətinə bağlılığını nümayiş etdirməklə yanaşı, bəşəriyyətin ortaq irsinə hörmət prinsipini də möhkəmləndirir.
Azərbaycanın İslam dünyasındakı nüfuzunu artıran mühüm amillərdən biri də ölkəmizdə dinlərarası və mədəniyyətlərarası dialoqa verilən əhəmiyyətdir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları bu sahədə Azərbaycanın beynəlxalq təşəbbüslərinin mühüm nümunəsidir. VII Forumun keçirilməsi və Prezident İlham Əliyevin açılış mərasimində səsləndirdiyi fikirlərin ICESCO rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizin dialoq platforması kimi rolunun artdığını göstərir. Münaqişələrin davam etdiyi, dini və mədəni fərqlərin bəzən siyasi qarşıdurma vasitəsinə çevrildiyi müasir dünyada xalqlar arasında körpülərin qurulması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülhün təşviqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın tarixi təcrübəsi göstərir ki, milli kimliyin və dini-mənəvi dəyərlərin qorunması digər mədəniyyətlərə hörmətlə yanaşı mümkündür. Bu yanaşma ölkəmizin həm İslam dünyası, həm də daha geniş beynəlxalq ictimaiyyət qarşısında təqdim etdiyi mühüm mesajdır. Azərbaycanın sülh və sabitlik təşəbbüsləri də bu siyasətin ayrılmaz hissəsidir. Ölkəmizin öz suverenliyini bərpa etdikdən sonra regionda davamlı sülhün qurulması istiqamətində atdığı addımlar beynəlxalq əməkdaşlığın və siyasi dialoqun əhəmiyyətini bir daha ortaya qoyur. ICESCO-nun Baş direktoru ilə görüşdə Azərbaycanın müharibələrin dayandırılması və sülhün qurulması sahəsində təcrübəsinə diqqət çəkilməsi ölkəmizin bu istiqamətdəki səylərinə verilən beynəlxalq qiymətin göstəricisidir. Sülhün təmin olunması yalnız silahlı qarşıdurmanın dayandırılması deyil, həm də qarşılıqlı etimadın bərpası, humanitar problemlərin həlli, mədəni irsin qorunması və gələcək nəsillərin təhlükəsiz şəraitdə yaşaması deməkdir. Azərbaycan bu məsələlərə kompleks yanaşaraq regional sabitliyin möhkəmlənməsini və beynəlxalq əməkdaşlığın genişlənməsini dəstəkləyir.
Prezident İlham Əliyevin İƏT-in baş katibi və ICESCO-nun Baş direktoru ilə görüşlərinin ümumi məzmunu Azərbaycanın İslam dünyası ilə münasibətlərində siyasi, humanitar, mədəni və mənəvi istiqamətlərin bir-birini tamamladığını göstərir. Bir tərəfdən ölkəmiz müsəlman dövlətləri ilə qarşılıqlı dəstəyə və ortaq maraqlara əsaslanan əlaqələri inkişaf etdirir, digər tərəfdən təhsil, elm, mədəniyyət və humanitar yardım sahələrində konkret təşəbbüslərlə bu münasibətləri daha məzmunlu edir. Heydər Əliyev Fondunun və Leyla Əliyevanın beynəlxalq layihələri, milli-mənəvi irsin qorunmasına göstərilən diqqət, mədəniyyətlərarası dialoqun təşviqi və Azərbaycanın 2027-ci ildə İƏT Zirvə görüşünə ev sahibliyi edəcək olması bu siyasətin bir-biri ilə bağlı mühüm istiqamətləridir.
Bütün bunlar Azərbaycanın İslam dünyasındakı rolunun yalnız coğrafi və tarixi mənsubiyyətlə məhdudlaşmadığını, ölkəmizin ortaq dəyərlərin qorunmasına, müsəlman xalqları arasında həmrəyliyin gücləndirilməsinə və bəşəriyyətin üzləşdiyi problemlərin həllinə real töhfə verməyə çalışdığını təsdiqləyir. Azərbaycanın beynəlxalq nüfuzu dövlətimizin müstəqil siyasəti, milli maraqlarını qətiyyətlə müdafiə etməsi, tərəfdaşlarla bərabərhüquqlu əməkdaşlığa üstünlük verməsi və humanitar dəyərləri əməli fəaliyyətlə dəstəkləməsi üzərində qurulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bu siyasət ölkəmizin İslam dünyası ilə əlaqələrini daha da möhkəmləndirir, Azərbaycanın beynəlxalq təşəbbüslərdə rolunu genişləndirir və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu baxımdan, İƏT və ICESCO rəhbərləri ilə keçirilən görüşlər təkcə bugünkü münasibətlərin deyil, həm də Azərbaycanla İslam dünyası arasında uzunmüddətli tərəfdaşlığın, ortaq mənəvi dəyərlərin və gələcəyə hesablanmış əməkdaşlığın mühüm ifadəsidir.
Cavanşir Abbaslı
Musavat.com

