Azərbaycanda kənd təsərrüfatı məhsullarının və torpaq sahələrinin uçotu ilə bağlı yeni qaydalar tətbiq olunacaq. 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, fermerlərin istehsal etdiyi süd və yumurtanın yalnız satışa çıxarılan hissəsi deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan miqdarı da qeydə alınacaq.
Eyni zamanda, əkin, örüş, həyətyanı, icarəyə götürülmüş torpaqlar, istixanalar və digər təsərrüfat sahələri ayrıca uçota alınacaq. Yeni mexanizmin məqsədi kənd təsərrüfatında istehsalın real həcmini və torpaq resurslarından istifadə vəziyyətini daha dəqiq müəyyənləşdirməkdir.
İqtisadçı Akif Nəsirli Musavat.com-a qeyd edib ki, kənd təsərrüfatı məhsullarının və torpaq sahələrinin uçotunun aparılması özlüyündə fermerlərin vergi yükünün artırılması demək deyil: “Burada əsas məqsəd kənd təsərrüfatında istehsalın real həcmini müəyyənləşdirmək, statistik məlumatları dəqiqləşdirmək və torpaq resurslarından istifadəyə nəzarəti gücləndirməkdir. Məsələn, fermerin istehsal etdiyi südün bir hissəsini satması, digər hissəsini isə ailəsinin şəxsi istehlakına yönəltməsi həmin məhsulun hamısının kommersiya gəliri hesab edilməsi demək deyil. Şəxsi istehlak üçün istifadə olunan məhsul satışdan əldə edilmiş gəlir sayılmır və buna görə də onun uçota alınması avtomatik olaraq əlavə vergi öhdəliyi yaratmamalıdır”.

İqtisadçı hesab edir ki, bununla belə, uçot məlumatlarının gələcəkdə vergi inzibatçılığında istifadəsi ehtimalını da istisna etmək olmaz: “Dövlət istehsalın həcmi, təsərrüfatların ölçüsü və torpaq sahələri barədə məlumatları müxtəlif məqsədlərlə təhlil edə bilər. Ancaq statistik uçotla vergi uçotunu bir-birindən fərqləndirmək lazımdır. Əgər bu məlumatlardan vergi hesablanması məqsədilə istifadə olunacaqsa, bunun ayrıca hüquqi əsası və aydın mexanizmi olmalıdır. Əks halda fermerlərdə hər litr südün, hər yumurtanın qeydiyyata alınmasının gələcəkdə əlavə vergi və ya başqa maliyyə öhdəliyi yaradacağı ilə bağlı narahatlıq yarana bilər. Məncə, yeni mexanizmin tətbiqində əsas məsələ onun məqsədinin fermerlərə düzgün izah edilməsidir”.
Xalidə Gəray
Musavat.com

