YENİ AZƏRBAYCAN PARTİYASI – DÜNƏNİN, BU GÜNÜN VƏ GƏLƏCƏYİN PARTİYASI

YENİ AZƏRBAYCAN PARTİYASI – DÜNƏNİN, BU GÜNÜN VƏ GƏLƏCƏYİN PARTİYASI

1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyətlə üzləşmişdi. Dövlət müstəqilliyinin qorunması, ölkədə sabitliyin təmin olunması və milli maraqların müdafiəsi yeni siyasi qüvvənin formalaşmasını zəruri edirdi. Belə bir şəraitdə Azərbaycanın tanınmış ziyalıları və ictimaiyyət nümayəndələri xalqın böyük etimad göstərdiyi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ətrafında birləşmək təşəbbüsü ilə çıxış etdilər.

1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət ölkənin siyasi tarixində mühüm hadisəyə çevrildi. Müraciətdə ondan yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu. Ulu Öndər bu təşəbbüsə müsbət münasibət bildirərək Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi qiymətləndirdi.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində, ölkənin müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi. Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin əsası qoyuldu.

YAP-ın yaradılması ölkədə siyasi sabitliyin bərpası, milli həmrəyliyin gücləndirilməsi və dövlətçiliyin möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiya qısa müddətdə ümumxalq dəstəyi qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Onun müəyyən etdiyi siyasi xətt Azərbaycanın inkişafının və müstəqil dövlətçiliyinin möhkəmlənməsinin əsas istiqamətlərindən biri oldu.

2005-ci il martın 26-da keçirilən YAP-ın III qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin partiyanın sədri seçilməsi siyasi varisliyin mühüm mərhələsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya müasir dövrün tələblərinə uyğun inkişaf edərək ictimai-siyasi mövqeyini daha da gücləndirdi.

2021-ci il martın 5-də keçirilən VII qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edildi, İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibi müəyyənləşdirildi, Veteranlar Şurası yaradıldı. Həmçinin Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi.

Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik, sosial ədalət və milli həmrəylik prinsipləri təşkil edir. Partiyanın Proqramında güclü iqtisadiyyatın qurulması, insan kapitalının inkişafı, sosial rifahın yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması, ordu quruculuğu və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış kimi strateji hədəflər müəyyənləşdirilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq mövqelərini möhkəmləndirmiş, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmişdir. Bu tarixi uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının üzvləri və fəallarının da mühüm xidmətləri vardır.

Partiyanın cəmiyyət arasında qazandığı etimad seçkilərin nəticələrində də öz əksini tapmışdır. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev 92,12 faiz səs qazanmışdır. Həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində partiya 68 mandat əldə etmiş, 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə YAP-dan 5855 nəfər bələdiyyə üzvü seçilmişdir.

2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII qurultayı yeni siyasi reallıqlar şəraitində baş tutması ilə xüsusi əhəmiyyət daşımışdır. Qurultayda Prezident İlham Əliyev çıxış edərək partiyanın qarşısında duran əsas vəzifələri və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmiş, Nizamnaməyə dəyişikliklər təsdiqlənmiş, partiyanın rəhbər orqanlarının tərkibi ilə bağlı qərarlar qəbul edilmişdir.

Bu gün Yeni Azərbaycan Partiyası geniş üzv bazasına, güclü təşkilati strukturuna və zəngin siyasi təcrübəsinə malik ölkənin aparıcı siyasi qüvvəsidir. Partiyanın əsas məqsədi dövlətçilik maraqlarının qorunmasına, ölkənin davamlı inkişafına, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət etməkdir.

Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol sübut edir ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı bu siyasi təşkilat dünənin çətin sınaqlarından uğurla çıxaraq bu gün də Azərbaycanın inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursunu davam etdirən YAP gələcəyə inamla addımlayır və öz tarixi missiyasını uğurla yerinə yetirir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir