Kitabxanalar bağlanır, çayxanalar isə… – XƏBƏRDARLIQ

Kitabxanalar bağlanır, çayxanalar isə… – XƏBƏRDARLIQ

Son illər Azərbaycanda kitabxanaların sayının azalması narahatlıq doğuran tendensiyaya çevrilib. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı “Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsində yer alan məlumatlar da bu prosesin miqyasını ortaya qoyur.

2010–2026-cı illəri əhatə edən statistik göstəricilərin müqayisəsi son 15 ildə ölkədəki kütləvi kitabxanaların sayının 26 faizdən çox azaldığını göstərir. Belə ki, 2010-cu ildə Azərbaycanda 3 min 947 kütləvi kitabxana fəaliyyət göstərirdisə, 2015-ci ildə bu rəqəm 3 min 242-yə, 2025-ci ildə isə 2 min 907-yə enib. Son bir ildə kitabxanaların sayı daha 7 vahid azalıb.

Diqqətçəkən məqam odur ki, 2009-cu ildən etibarən Azərbaycanın böyük neft gəlirləri əldə etməyə başladığı dövrdən sonra da kitabxanaların sayında azalma davam edib. Xüsusilə 2010–2015-ci illərdən sonrakı dövrdə bu tendensiya daha qabarıq nəzərə çarpır.

Rəsmi qurumlar statistik göstəricilərdəki azalmanın səbəbləri ilə bağlı hələlik ətraflı açıqlama verməyiblər. Bununla belə, bu il iyunun 10-da Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə keçirilib.

Mədəniyyət naziri Adil Kərimli həmin müzakirədə sovet dövründən miras qalmış kitabxana sistemində həm infrastruktur, həm də məzmun baxımından ciddi problemlərin olduğunu bildirib. Nazir ölkənin bəzi kəndlərində kitabxanaların fəaliyyətini tamamilə dayandırdığını da diqqətə çatdırıb.

Bəs kitabxanaların bağlanmasının qarşısını necə almaq olar? Elektron kitabxanalar ənənəvi kitabxanaları əvəz edə bilərmi? Bu proses cəmiyyətin mütaliə vərdişlərinə, xüsusilə kənd yerlərində yaşayan insanların kitaba əlçatanlığına necə təsir göstərəcək?

Fazil Mustafa: Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də  idmançılara yüksək diqqət və qayğı göstərdiyini nümayiş etdirdi - AZƏRTAC

Milli Məclisin deputatı Fazil Mustafa Musavat.com-a açıqlamasında bildirib ki, kitabxanaların bağlanması və ya birləşdirilməsi illərdir davam edən tendensiyadır. Onun sözlərinə görə, bu prosesin qarşısını almaq üçün hələ də effektiv model müəyyənləşdirilməyib:

“Kitabxanaların bağlanması, yaxud birləşdirilməsi müəyyən mənada illərdir davam edən tendensiyadır. Təəssüf ki, bunun qarşısını almaq üçün hələ də konkret model tapılmayıb. Elektron kitabxanalara keçid məsələsi də aktuallığını qoruyur. Bu istiqamətdə müəyyən işlər görülüb, kitabxanaların əksəriyyətində müvafiq addımlar atılıb. Ancaq kitabxanaları qoruyacaq əlavə maliyyə mənbələrinin tapılması vacibdir. Çünki bunlar gəlir gətirən sahələr deyil. Onların əsl gəliri insan intellektinin güclənməsində, cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsində özünü göstərir”.

Deputat hesab edir ki, kitabxanaların sayının azalması müsbət qiymətləndirilə bilməz. Onun fikrincə, kitabxanalar ümumi mədəni həyatın ayrılmaz hissəsidir və onların qorunması üçün dövlətlə yanaşı, cəmiyyətin də resursları səfərbər edilməlidir.

“Bu, yaxşı statistik göstərici deyil. Nə qədər çox kitabxananı qoruyub saxlaya bilsək, bir o qədər yaxşıdır. Kitabxanalar ümumi mədəni həyatımızın mövcudluğu üçün vacibdir. Ona görə də bu bağlanmaların qarşısını almaq, başqa yollar tapmaq lazımdır. Onların maliyyələşdirilməsi üçün cəmiyyətin də müəyyən resurslarını səfərbər etmək vacibdir. Çünki sonradan bağlanmış kitabxanaları bərpa etmək özü də böyük problemə çevrilir”, – o vurğulayıb.

Xalq şairi Sabir Rüstəmxanlı isə hesab edir ki, Azərbaycanda kitabxanaların bağlanması və təyinatının dəyişdirilməsi prosesi daha əvvəldən başlayıb. O, bu tendensiyanın səbəblərindən biri kimi kitabxanaların özəlləşdirilməsi ilə bağlı vaxtilə qəbul edilən qərarları göstərir. “Kitabxanaların bağlanması və zəbt olunması prosesi təəssüf ki, 2010-cu ildən də əvvəl başlayıb. Vaxtilə Azərbaycanda təxminən 6-7 min kitabxana var idi. Dəqiq rəqəmi deyə bilmərəm, amma xatirimdə belə qalıb. Bir vaxt qanun qəbul etmişdik ki, kitabxanalar özəlləşdirilə bilməz. Sonradan Nazirlər Kabinetində əsasnamə hazırlanarkən bu müddəa dəyişdirildi və kitabxanaların özəlləşdirilməsinə imkan yaradıldı. Beləliklə, kitabxanaların bir hissəsi təyinatı dəyişdirilərək ayrı-ayrı şəxslərin əlinə keçdi. Bu, prosesin birinci mərhələsi idi”, – o bildirib.

Sabir Rüstəmxanlı da Şah İsmayıl mübahisəsinə qoşuldu | Modern.az

S.Rüstəmxanlının sözlərinə görə, sonrakı mərhələdə kitabxanaların ixtisarı davam edib. O hesab edir ki, buna səbəb həmin müəssisələrə lazımi diqqətin göstərilməməsi, binaların köhnəlməsi, yeni kitabların kitabxanalara çatdırılmaması və ümumilikdə kitab mədəniyyətinə münasibətin dəyişməsidir: “Bu gün də kitabxanaların hissə-hissə ixtisarı gedir. Çünki onlara lazımi diqqət göstərilmir. Binalar köhnədir, kitabxanaların kitab təminatı zəifdir. Bakıda nəşr olunan kitablar əsasən mərkəzi kitabxanalara və rayon mərkəzlərinə göndərilir. Kənd kitabxanalarına isə yeni kitablar, demək olar ki, çatmır. Halbuki kitabxana bütün şəraitlərdə qorunmalıdır. Kitabxana yalnız bu gün nəşr olunan kitablardan ibarət deyil. Orada illər əvvəl, hətta kiril əlifbası ilə çap edilmiş nəşrlər də saxlanılmalıdır. Çünki onların da oxucusu var və həmin kitabların hamısını hələ latın qrafikasına çevirməmişik”.

Xalq şairinin fikrincə, kitabxanaların zəifləməsi təkcə mütaliəyə deyil, bütövlükdə nəşriyyat sektoruna da mənfi təsir göstərir. O, əvvəllər kitabxanaların kitab təminatı üçün dövlət sifarişlərinin mövcud olduğunu xatırladıb.

“Vaxtilə ölkədə 5 min kitabxana vardı, Mədəniyyət Nazirliyi nəşriyyatlara və kitab kollektoruna sifariş verirdi. Məsələn, həmin kitabxanalar üçün 3-4 min nüsxə kitab sifariş olunurdu və bunun ödənişini kitabxanalar deyil, dövlət edirdi. Beləliklə, kitabın tirajı əvvəlcədən təmin olunurdu. İndi isə kitabxana kollektorları tərəfindən nəşriyyatlara belə sifarişlər verilmir. Nəticədə kitablar 300, 400, 500, ən yaxşı halda isə 1000 nüsxə ilə çap olunur. Kitabxanalara da lazımi sayda kitab çatmır. Bunlar bir-biri ilə bağlı məsələlərdir”, – şair diqqətə çatdırıb.

S.Rüstəmxanlı hesab edir ki, Mədəniyyət Nazirliyi, Nazirlər Kabineti və ümumilikdə dövlət bu məsələyə kompleks yanaşmalıdır. Onun fikrincə, əsas sual cəmiyyətin kitaba və kitabxanalara ehtiyacının olub-olmamasıdır: “Dövlət bu məsələyə bütövlükdə baxmalıdır: bizə kitab lazımdır, yoxsa yox? Əgər bu millətə kitab lazımdırsa, onda kitabxanaların fəaliyyəti qanunvericiliklə və maliyyə mexanizmləri ilə təmin edilməlidir. Əgər kitab lazım deyil hesab olunursa, onda bir dəfəlik kitabxanaları da yığışdırsınlar. Amma kitab lazımdırsa, bu məsələyə ciddi yanaşmaq, kənd yerlərində də kitabxanaları qorumaq lazımdır”.

O, elektron kitabxanaların ənənəvi kitabxanaları tam əvəz edə biləcəyi fikri ilə də razılaşmır.

“Bu gün elektron kitabxana məsələsindən danışırıq, amma kəndlərin çoxunda elektron kitabxanadan istifadə üçün lazımi şərait yoxdur. Üstəlik, kağız kitabın özünəməxsusluğu var. Kitabın qoxusu, onunla fiziki təmas, istənilən vaxt götürüb oxumaq imkanı tamam başqa hissdir. Elektron texnologiyalar ənənəvi kitabxanaların əhəmiyyətini aradan qaldırmır”, – S.Rüstəmxanlı vurğulayıb.

Onun qənaətincə, kitabxanaların qorunması xüsusilə iri kəndlərdə prioritet olmalıdır.

“Kitabxanaların bağlanması prosesi dayandırılmalıdır. Xüsusilə böyük kəndlərdəki kitabxanalar qorunmalıdır ki, qonşu kəndlərin sakinləri də gəlib oradan istifadə edə bilsinlər. Kitaba maraq yaradılmalıdır. İnsanların mütaliə vərdişi itəndə, gələcəkdə uşaqlarımıza nə verəcəyik? Bizim öz uşaqlığımızda kəndlərdə kitab çatışmazlığı vardı, hətta Bakıya məktub yazıb kitab istəyirdik. İndi bu vəziyyətin yenidən təkrarlanması təhlükəsi var”, – yazıçı bildirib.

S.Rüstəmxanlı hesab edir ki, kitabxanaların azalması kənd uşaqlarının mütaliə imkanlarını daha da məhdudlaşdırır.

“Bu proses uşaqları, ümumiyyətlə insanları mütaliədən uzaqlaşdırır. Xüsusilə rayon və kənd yerlərində kitab hava-su kimi lazımdır. Şəhərdə kitab mağazaları var, yeni nəşrləri almaq mümkündür, internet vasitəsilə elektron kitablardan da istifadə etmək olur. Kəndlərdə isə bu imkanların heç biri lazımi səviyyədə deyil. Beləliklə, kənd camaatını, kənd uşaqlarını bütövlükdə kitabdan məhrum edirik. Halbuki Azərbaycan kitabına ən çox ehtiyac duyulan yerlərdən biri məhz kəndlərimizdir”, – Xalq şairi fikrini yekunlaşdırıb.

Beləliklə, statistik rəqəmlər və səsləndirilən fikirlər göstərir ki, kitabxanaların azalması yalnız mədəniyyət müəssisələrinin sayının aşağı düşməsi məsələsi deyil.

Şahanə Rəhimli,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir