Azərbaycanın məşhur filində deyilir: “Torpağı əkmədinsə — onu qorumağa dəyməz, torpağı qorumadınsa — onu əkməyə dəyməz”.
Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların mövcudluğuna baxmayaraq, bəzi əkin sahələrinin istifadə edilmədiyi, bir qisminin isə suvarma və digər infrastruktur problemləri səbəbindən lazımi səviyyədə becərilmədiyi bildirilir. Digər tərəfdən, suvarma sistemlərinin vəziyyəti və sudan səmərəli istifadə də aqrar istehsalın əsas problemlərindən biri olaraq qalır.
Bəs Azərbaycanda torpaq ehtiyatlarından nə dərəcədə səmərəli istifadə olunur? Əkilməyən torpaqların yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi üçün hansı addımlar atılmalıdır?

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Azərbaycanda əkin üçün nəzərdə tutulan kənd təsərrüfatı torpaqlarının əkilməməsi ilə bağlı ciddi problem mövcud deyil: “Azərbaycanda hazırda əkinçilik üçün nəzərdə tutulmuş təxminən 1 milyon 700–1 milyon 800 min hektar kənd təsərrüfatı torpağı var və bu ərazilər əkilir. Son dövrdə işğaldan azad olunmuş ərazilərin də torpaq dövriyyəsinə daxil olması ilə əkin sahələri bir qədər genişlənib. Həmin ərazilərdə də son illər əkin işləri aparılır. Bu baxımdan, ölkədə əkin üçün nəzərdə tutulmuş torpaqların istifadəsiz qalması kimi bir problemin olduğunu düşünmürəm.Sadəcə, əlimizdə olan əkinə yararlı torpaqların böyük hissəsi, təxminən 55 faizi dəmyə ərazilərdir. Bu torpaqların relyefi, yerləşdiyi ərazi və iqlim şəraiti suvarma üçün əlverişli deyil. Son dövrlərdə iqlim dəyişikliyi də dəmyə ərazilərdə əkinçiliyə ciddi təsir göstərir. Belə torpaqlarda əsasən taxıl bitkiləri əkilir, lakin yüksək məhsuldarlıq əldə etmək mümkün olmur. Bu, iqlim dəyişiklikləri ilə bağlı yaranan problemlərdən biridir. Bu baxımdan, mövcud əkin sahələrindən daha səmərəli istifadə etmək, xüsusilə də dəmyə ərazilərin təyinatını və orada hansı bitkilərin əkilməsini nəzərdən keçirmək olar. Ola bilsin ki, həmin ərazilərdə daha məhsuldar bitkilərin yetişdirilməsinə üstünlük verilsin, bəzi sahələrdə isə bağçılığın inkişafı istiqamətində dəyişikliklər edilsin. Bu, əkinçilikdə məhsuldarlığın artırılması üçün mümkün yanaşmalardan biridir. Əkin dövriyyəsinin, torpaq dövriyyəsinin genişləndirilməsi ilə bağlı digər məsələ isə son illərdə örüş sahələrinin əkinə cəlb edilməsi olub. Lakin bu yanaşma hazırda o qədər də effektiv hesab edilmir. Çünki örüş torpaqları, ilk növbədə, yüksək məhsuldarlığa malik ərazilər deyil. Digər tərəfdən, ölkənin mövcud su imkanları nəzərə alınmalıdır. Əlavə əkin sahələrinin yaradılması məhsuldarlığın və istehsalın artmasından daha çox, onsuz da məhsuldar torpaqların suvarılması və digər təminatında çətinliklər yarada bilər. Bu, müəyyən mənada mənfi təsirlərə səbəb ola bilər”.

Ekspert qeyd edib ki, örüş sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinin heyvandarlıq üçün ciddi çətinliklər yaratdığı da son illərdə müşahidə olunur: Buna görə də örüş ərazilərinin əkinə cəlb edilməsi artıq o qədər də məqsədəuyğun variant hesab edilmir. Ümumilikdə, əkin dövriyyəsində olan torpaqlardan istifadə olunur. Hətta Azərbaycanın bir sıra regionlarında torpaqlar ildə iki dəfə əkilir və iki məhsul əldə etmək imkanına malikdir. Bu baxımdan, əkin dövriyyəsində olan torpaqların, ümumən, səmərəli istifadə edildiyini düşünürəm. Lakin əkin sahələrində məhsul və istehsal həcminin artırılması ilə bağlı başqa bir problem də var. Bu, aqrar təsərrüfatlarda torpaqların xırda parsellerə bölünməsidir. Bir və ya iki hektarlıq sahələrdə məhsuldarlığın artırılması, suvarma və müasir innovativ imkanlardan istifadə etmək çətinləşir. Bu amil də kənd təsərrüfatının, xüsusilə əkinçiliyin inkişafına mənfi təsir göstərir. Hazırkı ümumi vəziyyət belədir”.
Afaq Mirayiq,
Musavat.com

