Alimlər Xəzər dənizinin vəziyyətini araşdırarkən dəhşətə gəliblər: onun mövcudluğu ciddi təhlükə altındadır.
ARANTV.AZ xəbər verir ki, bu barədə nature.com saytı yazır.
Yeni məlumatlara əsasən, Xəzər dənizində suyun səviyyəsi ildə 6-7 sm azalır və bu, həqiqətən də sürətli göstəricidir. Tədqiqatçıların hesablamalarına görə, belə bir sürətlə əsrin sonuna qədər suyun səviyyəsi 9-18 m aşağı düşəcək, bu isə su anbarının sahəsinin təxminən 1/3 hissəsi qədər azalacağı deməkdir.
Daha öncə də alimlər Xəzər dəniinin problemləri barədə xəbərdarlıq ediblər, lakin erkən iqlim modelləri vəiyyətin daha əlverişli olduğunu göstərirdi və suyun səviyyəsindəki azalmanın yuxarıdakı rəqəmlərdən iki dəfə az olacağı gözlənilirdi.
Yeni tədqiqatlar mövcud vəziyyətə uyğun daha dəqiq proqnozlar verməyə imkan yaradıb: suyun səviyyəsi 9 m azalsa, Xəzər dənizinin sahəsi 23% kiçiləcək, 18 m endikdə isə sahə 34% azalacaq.
Xəzər dənizinin səviyyəsində enmə ekosistemlərin tamamilə yenidən qurulmasına səbəb olacaq və Xəzər dənizinin milyonlarla il ərzində inkişaf etmiş bənzərsiz biotası üçün təhlükə yaradacaq. Biota ortaq yaşayış sahəsi ilə birləşən canlı orqanizmlərin tarixən formalaşmış növ məcmusudur (flora və fauna).
Bundan əlavə, suyun səviyyəsindəki dəyişikliklər balıqçılıq və gəmiçilikdən asılı olan yerli iqtisadiyyata da təsir edə bilər. Bu, həm də su qıtlığı problemini daha da artıracaq.
Bütün deyilənlər etnik baxımdan fərqli bir bölgədə yerli və regional qarşıdurmalara səbəb ola bilər.
Xəzər dənizinin səviyyəsinin qaçılmaz enməsi barədə ictimai və siyasi məlumatlılığın olmaması eyni dərəcədə digər su hövzələrindəki dəyişikliklərə də aiddir. Bu dəyişikliklər qlobal istiləşmə səbəbindən yaranır, yaxud şiddətlənir.
Qeyd edək ki, keçmişdəki bir çox elmi araşdırmalarda dünyanın bütün bölgələrində göllərin və daxili dənizlərin tədricən yoxa çıxması ilə bağlı narahatedici fikirlər səsləndirilib.