Dizelin qiymətinin artması hansı məhsulları BAHALAŞDIRACAQ? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Tarif Şurasının qərarı ilə Aİ-92 növ benzinin və dizelin qiyməti qaldırıldı. Belə ki, Aİ-92 növ benzinin qiyməti 10 qəpik qaldırılaraq 1 manat, dizel isə 80 qəpik oldu. Bu gün hər kəsi maraqlandıran sual bu qiymət artımının hansı məhsulların qiymətinə təsir edəcəyi ilə bağlıdır.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, dizel yanacağının qiyməti iki sektorda xərclərə təsir göstərir:

“Birincisi kənd təsərrüfatıdır. Nəzərə alaq ki, kənd təsərrüfatından istifadə olunan texnikanın əhəmiyyətli hissəsi dizellə işləyir. Digəri isə ictimai nəqliyyatdır. Hər iki sektor üzrə dəstək paketinin hazırlanması gözlənilir. Nəzərə alsaq ki, il yeni başlayır, kənd təsərrüfatında subsidiyaların yenidən hesablanması və artırılması mümkündür.

Biz də təklif edirik ki, aqrar sektorda 2021-ci il üçün subsidiyaların məbləği hesablananda, dizel yanacağındakı qiymət artımı nəzərə alınsın, yəni subsidiyalar yanacaq fərqi nəzərə alınaraq hesablansın.

Bu yolla həm də kənd təsərrüfatı məhsullarında qiymət artımını minumumlaşdırmaq mümkün olacaq. Subsiyadların məbləğinin artırılması kənd təsərrüfatı məhsullarındakı qiymət artımının qarşısı alaraq stabilliyi qorumağa imkan yaradacaq.

Tarif Şurasının qərarında da qeyd olunduğu kimi, hökumət ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan sahibkarlar üçün dəstək mexanizmini hazırlayır. Təbii ki, bu dəstək mexanizmində, xüsusilə dizel yanacağının qiymətinin qalxması ilə yaranacaq fərqin nəzərə alınması və buna uyğun olaraq ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə dəstəyin nümayiş etdirilməsi gözlənilir. Bu da, təbii ki, sərnişindaşıma ilə məşğul olan şirkətlərin xərclərinin optimallaşması baxımından əhəmiyyətlidir.

Rəsmi açıqlamalarda da ictimai nəqliyyatda qiymət artımının olmayacağı bildirilib”.

Deputat qeyd edib ki, qiymət artımlarının psixoloji tərəfləri olur. Ona görə istehlak bazarında monitorinqlər, xüsusilə süni qiymət artımları ilə bağlı nəzarət gücləndirilməlidir. Benzinin və dizeldə qiymət artımının təsir etmədiyi sektorlarda da süni şəkildə qiymət artımına yol verənlərə qarşı nəzarət gücləndirilməlidir.

Qiymət artımının hansı məhsullarda xərclərin artmasına səbəb olduğunu müəyyən etmək lazımdır. Hələlik dizel və benzinin qiymətinin artması bazarda hansı məhsulların qiymətinə təsir edəcəyi ilə bağlı konkret fikir səsləndirmək düzgün olmaz”.