Nə həmin günləri, nə də antimilli qüvvələrin 44 günlük Vətən müharibəsində də xəyanətkar missiyalarını unutmuşuq
Necə ki, məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə xəyanət edir, antimilli qüvvələr də bu cür fəaliyyətləri ilə dövlətə də, xalqa da xəyanət edirlər
“Çox təəssüf ki, cənab Prezident tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, hələ də məmurların öz vəzifə səlahiyyətlərindən sui-istifadəsi hallarına rast gəlirik. Düzdür indi məmur özbaşınalığı ilə bağlı vəziyyət əvvəlki illərlə müqayisədə daha az olsa da, amma ümumilikdə götürüldükdə belə hallar var və ona qarşı da çox kəskin mübarizə aparılmalıdır. Bu mübarizədə hər birimizin iştirakı lazımdır. Ayrı-ayrı ictimai nüfuzlu şəxslər də, ictimai təsisatlar da, media da bu işdə üzərinə düşən vəzifəni yerinə yetirməli, vəzifələrindən sui istifadə edən məmurların neqativ fəaliyyəti ilə bağlı məslələri gündəmə gətirməlidir. Tənqidlərdən və xəbərdarlıqlardan nəticə çıxaranlar, fəaliyyətlərində dönüş edənlər təbii olaraq vəzifələrini davam etdirirlər. Nəticə çıxarmayanların aqibəti isə göz önündədir. Vəzifəsindən sui-istifadə edən dövlət məmuru kim olursa olsun mütləq şəkildə cəzalandırılır. Deyilənləri sübut etmək üçün təkcə son iki il ərzində vəzifədən azad olunan və həbs olunan məmurların siyahısına baxmaq kifayətdir.”
Bu fikirləri “İki sahil” politoloq Yusif Bağırzadə məmurların vəzifələrindən sui-istifadə cəhdləri ilə bağlı sualımızı şərh edərkən söyləyib.
Politoloqun sözlərinə görə, bir müddət öncə dövlət başçısının işğaldan azad olunmuş Şuşa şəhərində ayrı-ayrı dövlət məmurlarının rəhbərlik etdikləri qurumların regional ofislərinin açmaq istəmələri ilə bağlı xəbərdarlığını yəqin ki, xatırlayırsız. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq və bərpa işlərində də öz şəxsi və qrup maraqlarını güdən bəzi məmurlara növbəti dəfə ciddi mesaj oldu: “Ölkə rəhbərinin tənqidləri həmin məmurların əməllərinin adekvat cavabı idi. Cənab İlham Əliyev haqlı olaraq bildirdi ki, bəzi məmurların ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə yeni ofis yaratmaq üçün açıqlamalar verməsi tamamilə qəbuledilməzdir. Məmurlar dövlət qulluqçusunun etik davranış normalarına əməl etməli, öz yerlərini bilməli, öz işləri ilə məşğul olmalıdırlar. Hər bir dövlət qulluqçusu Prezidentin “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir” devizini öz fəaliyyətlərində əsas götürməlidirlər. Bir daha təkrar edirəm ki, bütün bu kimi problemlərin ortaya çıxarılmasında hər birimiz fəal olmalı və ictimai nəzarəti həyata keçirməliyik.”
Həmsöhbətimiz əlavə edib ki, ictimai nəzarətin vacibliyini dövlət başçısı daim vurğulayır. Düzdür indi ucuz populyarlıq dalınca qaçan ayrı-ayrı radikal müxalifət təmsilçiləri, “milli şura” adlanan qurumda təmsil olunan ayrı-ayrı fərdlər ictimai nəzarətin vacibliyi ilə bağlı elə ağız dolusu danışırlar ki, sanki bu təklif məhz onlara məxsusdur. Amma bir şeyi unudurlar ki, ictimai nəzarət şuralarının yaranmasının təşəbbüskarı elə məhz dövlət başçısı özüdür. Cənab İlham Əliyev tərəfindən hələ 2013-cü ildə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu təsdiqlənib və 2013-cü il 22 noyabr tarixində həmin qanunun tətbiqi ilə bağlı fərman imzalanıb. İndi əsas məsələ ayrı-ayrı dövlət strukturları tərəfindən yaradılan ictimai nəzarət şuralarında həqiqətən də dəyərli ictimaiyyət nümayəndələrinin iştirakının təmin olunması ilə bağlıdır. Cənab Prezident də ictimai nəzarətlə bağlı danışarkən və ictimai nəzarətin zəruriliyini vurğulayarkən məhz bu amili əsas götürərək çıxış edir. İndi ictimai nəzarətlə bağlı hökuməti tənqid edən qüvvələr isə yaxşı olardı ki, özlərinin bir illik hakimiyyətləri dövründə ölkədə baş-alıb gedən məmur özbaşınalıqlarını, hərc-mərcliyi, ayrı-ayrı məmurlar tərəfindən törədilmiş cinayətləri, dövlətin naziri tərəfindən mətbuat təmsilçilərinin döyülməsini və s. yada salsınlar. Axı bütün bunlar elədə də uzaq tarix deyil və bir çoxlarımızın gözü qarşısında baş verib.”
Y.Bağırzadə qeyd edib ki, bizlər nə həmin günləri, nə də adını çəkdiyim antimilli qüvvələrin 44 günlük Vətən müharibəsində də öz xəyanətkar missiyalarını reallaşdıraraq ermənilərin dəyirmanına su tökməyini unutmuşuq: “Günü bu gün də həmin qüvvələr yalnız bir vəzifəni icra edirlər. Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatdığı, bütün dünyanın Cənubi Qafqazda tamamilə yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşdığı bir zamanda anti milli şura təmsilçiləri bəzi maraqlı dairələrin dəstəyi ilə əldə etdiyi təbliğat imkanlarını səfərbər edərək tarixi qələbəmizə inamı sarsıtmağa, xalqın yeni qürur və ilham mənbəyinə şübhə yaratmağa çalışırlar. Gizli maliyyə dəstəyinin qarşılığında xaricdəki havadarlarının sifariş və tapşırıqlarını canla-başla yerinə yetirən bu antimilli dəstə informasiya texnologiyalarının yaratdığı geniş imkanlardan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasını hər keçən gün daha da genişləndirərək yerli və beynəlxalq ictimai rəyi çaşdırmaqda davam edirlər. Onların tutduğu bu yol xəyanət yoludur. Necə ki, bir məmur və ya dövlət qulluqçusu öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar olunmuş işi düzgün icra etməməklə dövlətə xəyanət edir, yuxarıda qeyd etdiyim qüvvələr də bu cür fəaliyyətləri ilə dövlətə də, xalqa da xəyanət edirlər. Xəyanətə görə isə gec-tez hər kəs cavab verməli olacaq”.

