Qız uşaqların erkən nikaha cəlb olunmasının əsas səbəbkarı valideynlərdir- SOSİOLOQ
“Erkən nikaha insanların meyil etməsində bir sıra amillərin təsiri var. Burada sosial-iqtisadi məsələlər, ailənin təhsil səviyyəsi, dünyagörüşü, dəyərləri, yaşadığı mühit kimi amillərlə yanaşı qız uşaqlarına olan baxış da rol oynayır. Qız uşağını böyütməyin çətin olması, onun gələcəkdə evlənəcəyinə görə ona kapital qoymağın faydasız olması düşüncəsi nəticədə onların erkən nikahına gətirir. Həmçinin beləliklə valideynlər öz məsuliyyətlərindən xilas olmağa çalışırlar. Övladlarını erkən nikaha məcbur edən bir çox valideynlərin digər əsaslandırması qıza qarşı baş verə biləcək hər hansı neqativ hallardan onu qorumaqdır.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Ayşəm Balayeva söyləyib.
Erkən nikahın həm fiziki, həm psixoloji, həm sosial cəhətdən mənfi təsirləri var
A.Balayeva qeyd edib ki, erkən nikahın təbii ki, uşağa həm fiziki, həm psixoloji, həm sosial cəhətdən mənfi təsirləri var. Erkən nikaha cəlb olunan uşağın orqanizmi tam formalaşmadan ailə qurduğu üçün və daha sonra dünyaya övlad gətirdiyi üçün tam inkişaf edə bilmir. Həmçinin, uşaq birdən-birə məktəbdən, həmyaşıdlarından, öz uşaq həyatından məcburi ayrılaraq ailə həyatına atıldığı üçün o vəziyyətə adaptasiya ola bilmir. Özünün qayğıya ehtiyacı olduğu halda, digərlərinin qayğısına qalması, yeni mühit, yeni öhdəliklər uşaq gəlinlərdə psixoloji gərginlik yaradır. Bu da onun üçün gələcəkdə daha böyük problemlərin yaranmasına səbəb olur.
Bu məsələ uşaq qaynar xəttləri məsələsini aktuallaşdırır
Həmsöhbətimiz əlavə edib ki, qız uşaqları erkən nikaha ailələrinin təhriki ilə məruz qalırlar: “Burada məktəbin və icmanın da üzərinə böyük iş düşür. Uşaq bir çox hallarda müxtəlif səbəblərdən valideylərinə qarşı çıxa bilmir, bəzi hallarda etiraz etsə də valideynlə buna məhəl qoymur. Ona görə də bu məsələdə məktəbin rolu çox əhəmiyyətlidir. Erkən nikah riski ilə üzləşən uşaq müəllimlərindən kömək istəyə bilər. Həmçinin bu məsələ bir daha uşaq qaynar xəttləri məsələsini aktuallaşdırır. Uşaqlar belə hallarla rastlaşdıqda hara müraciət edə biləcəkləri ilə bağlı daimi olaraq maarifləndirilməlidir. Uşaq qaynar xətti ilə bağlı məlumatlı olan uşaq ora zəng edə bilər və ya bunu digər yoldaşlarından xahiş edə bilər.
Valideynlər qızlarını erkən nikaha deyil, təhsilə cəlb etməlidirlər
Ekspertin sözlərinə görə, məktəb yaşlı bir uşaq üçün əlbəttə ki ailə qurmaq qurmaq, yeni ailəyə köçmək yad bir anlayışlardır. Uşaq öz mühitindən, dərslərindən, dostlarından ayrılmaq istəməsə belə valideynlər buna məhəl qoymur. Təbii ki, valideynlərinə qarşı etiraz edən, fikirlərini açıq bildirən uşaqların valideynləri tərəfindən həm də fiziki zorakılığa məruz qalması qaçılmazdır. Yenə də bu halda icma, xüsusən məktəbdə müəllimlər uşaqların vəziyyətini təhlil edib buna mane olmalıdırlar. Zorakılığa məruz qalan uşağın bədənində izlər və ya uşağın davranışındakı qəribəlikləri müəllimlər diqqətlə izləməlidirlər. Bu istiqamətdə tədbirlər görməlidirlər. Valideynlər erkən nikahın mənfi tərəflərini də düşünməlidirlər, xüsusən də burada mənfi nümunələrə baxmalıdırlar: “Erkən nikaha cəlb olunub bir çox problem yaşayan, zorakılığa məruz qalan, hətta qətlə yetirilən qızların nümunələrinə baxaraq bunun mənfi bir məsələ olduğunu dərk etməlidirlər. Onlar oxuyub, işləyən, müstəqil şəkildə cəmiyyətdə özünə mövqe tutan qadınları nümunə götürərək qızlarını erkən nikaha deyil, təhsilə cəlb etməlidirlər. Həmçinin, qızını uşaq yaşda evliliyə məcbur etməklə digər məsuliyyətlərdən qurtulacağını düşünən valideynlər bir də onun əks tərəfini düşünməlidir. Bir çox hallarda erkən nikaha məruz qalan uşaq gəlinlər ər evində həyatını davam etdirə bilmədiyi üçün ata evinə qayıdır. Artıq bu zaman o övladı və ya övladları ilə birgə geri qayıdır. Əgər valideyn əvvəl bir nəfərin qayğısına qalırdısa, yeni halda bir neçə nəfərin qayğısı, məsuliyyəti gündəmə gəlir. Bu hal isə tədricən həmin ailədə də problemlərin, münaqişələrin yaranmasına səbəb olur. Ona görə də qızını erkən nikaha məcbur edən valideynlər məsələnin digər tərəflərini də düşünməlidir. Təbii ki, burada da valideynlərin maarifləndirilməsi, ictimai qınaq, icmanın bu məsələyə mənfi münasibəti çox vacibdir.
Valideynlərindən diqqət və qayğı görmürsə, uşaq o zaman erkən nikaha daha çox həvəslənir
Həmsöhbətimiz bildirib ki, əgər uşaq ailədə valideynlərindən diqqət və qayğı görmürsə o zaman erkən nikaha daha çox həvəslənir. Çünki o bir müddət diqqətdə olur, ona hər hansı hədiyyələr alınır və qayğısına qalınır. Uşaq isə bunun həmişə olacağını düşünüb bu aldadıcı situsiyanın təsirinə düşür. Digər bir məsələ isə uşağa nümunə gətirilən hallardır. Ona erkən nikaha cəlb edilən başqa qızları nümunə gətirərək bu hadisənin yaxşı bir hal olması fikrini təlqin edirlər. Və təəssüf ki, erkən nikaha cəlb edilən uşaq artıq ailə yükünün altında əzildikcə əslində o vədlərin real olmadığını dərk edir.
Erkən nikah yalnız buna məcbur edilən bir uşağın, bir ailənin problemi deyil…
Sonda A.Balayeva əlavə edib ki, bu məsələ nəticə etibarilə bütövlükdə cəmiyyət üçün çox ciddi problemdir. Bunun nəticəsində təhsilsiz qadınların sayı artır, zorakılıq halları artır, məişət zorakılığı nəticəsində qətllər törədilir, boşanmaların sayı artır, uşaqlar stress şəraitində böyüyür. Həmçinin, belə hallar pis nümunədir. Çünki bu hallar baş verdikcə bəzi insanlar bunu normal hal kimi qəbul edib öz övladlarına qarşı da tətbiq edir. Bu məsələdə cəmiyyətin hər üzvünün üzərinə məsuliyyət düşür. Əlbəttə ki, burada əsas məsələ valideynlərin, həm qız, həm oğlan uşaqlarının maarifləndirilməsidir. Oğlan uşaqlarının kiçik yaşlardan maarifləndirilməsi onların gələcəkdə öz şəxsi həyatlarında bu hala yol verməmələrinə səbəb ola bilər. Digər məsələ məktəb rəhbərliklərinin, müəllimlərin erkən nikahların qarşısının alınmasında rolunun artırılmasıdır. Həmçinin, erkən nikaha qarşı ictimai qınaq olmalıdır. Erkən nikahın potensial iştirakçıları ola biləcək hər kəs bu işə qarşı olsa bu hallar azalar. Belə ki, nikahın kəsilməsində iştirak edən din xadimi, toy mərasiminin keçirilməsini təşkil edən məkan sahibi, orada qonaq kimi dəvət olunacaq insanlar bu məsələyə etiraz etsə artıq bu təşəbbüslə çıxış edən insanlar səhvlərini dərk edib uşaqların erkən nikaha cəlb olunmasından vaz keçəcək. Bu məsələdə icmanın, icma idarəçilərinin də üzərində böyük məsuliyyət var. Belə hallarla bağlı ilkin məlumat alan kimi müdaxilə edilsə bu cəhdlərin qarşısı erkən nikah baş vermədən alınar.


