Sosial 

“Heydər Əliyev” kitabı Təbrizdə nəşr olunub

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun rusiyalı həmkarı Viktor Andriyanovla birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr etdikləri “Görkəmli adamların həyatı” seriyasından  “Heydər Əliyev” kitabı Təbrizin “Aydın” nəşriyyatında fars dilində işıq üzü görüb.

Bu barədə “İki sahil”ə Tehranda Azərbaycan və fars dillərində nəşr  olunan aylıq “Xudafərin” jurnalının təsisçisi və baş redaktoru, doktor Hüseyn Şərqi Dərəcək (Soytürk) məlumat verib. Özünün şəxsi təşəbbüsü və dəstəyi ilə nəşr olunan 700 səhifəlik kitabı fars dilinə  doktor Mirəli Rezayi  ilə birlikdə tərcümə edən doktor Hüseyn Şərqi Heydər Əliyevin görkəmli dövlət xadimi kimi dünyanın ən qüdrətli siyasətçiləri ilə bir sırada dayandığını və yeni nəşrin Ümummilli Liderin siyasi irsinin öyrənilməsinə maraq göstərən farsdilli oxucular üçün  dəyərli mənbə olacağını bildirdi.

Doktor H.Şərqi  Azərbaycanın Tehrandakı səfirliyinə və Təbrizdəki  konsulluğuna  təqdim etdiyi “Heydər Əliyev” kitabını  Ulu Öndərin əbədiyaşar xatirəsinə layiqli bir töhfə kimi “Tvitter”lə Azərbaycanın Prezidentinə göndərdiyini də vurğuladı.

Qeyd edək ki, “Görkəmli adamların həyatı” seriyasından olan  “Heydər Əliyev” kitabı 2005 -ci  ilin əvvəlində Moskvada  məşhur “Molodaya Qvardiya” nəşriyyatında rus dilində buraxılmış və geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanmışdı. 15 il ərzində  dünyanın 47 dilinə tərcümə olunan bu kitabda yüksək bədii nəsrlə tarixi faktlar vəhdət təşkil edir və  böyük şəxsiyyətin ömür yolunun oxuculara məlum olmayan maraqlı məqamları öz əksini tapır. Kitabın həmmüəllifi  Hüseynbala Mirələmov “İşığın izi ilə”, “Bir günəş var”, “Həqiqət”, “Millətin atası” kitablarını  da  dünya azərbaycanlılarının ürəyində özünə möhtəşəm bir abidə ucaldan Ulu Öndərin həyat və siyasi fəaliyyətinə  həsr etmişdir. H. Mirələmov  yeganə Azərbaycan yazıçısıdır ki, onun Moskvada   vaxtilə Maksim Qorkinin təşəbbüsü ilə buraxılan “Görkəmli adamların həyatı” seriyasında üç  kitabı  nəşr olunmuşdur. “Tərcümeyi-hal davam edir: İlham Əliyev”  və  görkəmli oftalmoloq alim Zərifə Əliyeva  haqqında kitabları da bu seriyaya daxildir. Müəllifin  Bakı- İstanbul “Bay Time Print” mətbəəsi  çox  nəfis tərtibatla nəşr edilmiş  “Missiya”  kitabı  isə  Birinci vitse-prezident Mehriban Əliyevanın  UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanın, xalqımızın mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasında böyük xidmətlərindən, onun rəhbərliyi ilə ölkədə qlobal miqyaslı idman və mədəniyyət tədbirlərinin uğurla keçirilməsindən, dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən bəhs olunur.

Daha çox xəbərlər