Siyasət 

Biz indi qlobal dünyada, qlobal informasiya məkanında yaşayırıq

Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı proqram xarakterli nitqində bir daha bu çagırışı etmişdir ki, gənc nəslin milli ruhda tərbiyə edilməsi gündəlik fəaliyyətimiz olmalıdır

 

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının VII qurultayının qəbul etdiyi qərarlar, qarşıya qoyduğu vəzifələr, dünyaya ünvanlanan çağırışlarla bağlı tarixə həkk olundu. Bu mühüm hadisənin təsadüf etdiyi dövrə nəzər salmaq kifayətdir ki, onun tarixi əhəmiyyətini daha dərindən dərk edək.

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi yeni reallıqlar yaratdı. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyev    VII qurultaydakı nitqində Zəfərimizi şərtləndirən amillərdən, hazırlıq dövrü kimi xarakterizə etdiyi 2003-2020-ci illərdə görülən işlərdən bəhs edərək gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsini, torpağa bağlılığını, Vətən sevgisini xüsusi diqqətə çatdırdı: «Bax, bu reallığı biz yaratmışıq və yenə də deyirəm, mənəvi hazırlıq həlledici rol oynamışdır. Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.»

Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir.  Dünyaya baxış fonunda cənab İlham Əliyev bildirir ki, o ölkələrdə ki, bu məsələyə fikir verilmir, onlar  vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır.  Əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa,  gələcəkdə problemlər qaçılmazdır.  «Biz indi qlobal dünyada, qlobal informasiya məkanında yaşayırıq» söyləyən cənab İlham Əliyev bu reallığı da xüsusi qeyd edir ki,  Azərbaycan daim informasiya hücumuna məruz qalan ölkədir. Azərbaycana  qarşı nə qədər çirkin kampaniyalar aparılıb. Gələcəkdə də aparılacağı istisna edilmir. Ölkəmizin imicini aşağı salmaq, ölkə daxilində inamsızlıq yaratmaq, saxta faktlar ortaya atmaq – bütün bunların bir məqsədi var: çaxnaşma, xaos şəraitində  hansısa xarici dairələr üçün zəmin yaratmaq.

Azərbaycanın uğurlu siyasəti, reallıqları daim belə cəhdlərə tutarlı cavabdır. Müstəqil siyasət yürüdən, təbliğatı real faktlara əsaslanan ölkə daim qalib olar. Necə ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində bu qalibiyyətə imza atdı.  Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, bugünkü Azərbaycan Birinci Qarabağ müharibəsi dövründəki Azərbaycan deyil. O zaman Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olurdu. 1992-ci ildə ABŞ Konqresinin ölkəmizə qarşı ədalətsiz «907-ci düzəliş»i tətbiq etməsi də erməni yalanlarına əsaslanırdı. Guya işğala məruz qalan tərəf Ermənistandır, Azərbaycan işğalçı dövlətdir. Eyni zamanda, Azərbaycan guya Ermənistanı  blokadada saxlayır. Ermənilərin və erməni diasporunun belə bir qərarın qəbul olunmasında məqsədi Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaq idi. Amma Azərbaycan 10 ilə yaxın dövrdə bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşasa da, nəinki iqtisadi cəhətdən zəiflədi, əksinə daha da inkişaf etdi, dayanıqlı inkişafı, sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında öncül yerlərdə dayandı. 2001-ci ildə ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonu xarici siyasətində dəyişiklik etmək məcburiyyətində qoydu. ABŞ hökuməti «907-ci düzəliş»in ədalətsizliyini təsdiqləyərək fəaliyyətini bir illik dondurması barədə qərar qəbul etdi. Artıq həmin ildən bugünədək ədalətsiz qərarın birdəfəlik ləğvi problemə çevrilsə də, hər il onun fəaliyyətini dondurması ilə bağlı qəbul olunan qərar yenidən təsdiqlənir. Dövlətimizin real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasəti nəticəsində dünya həqiqətləri olduğu kimi dərk etməyə başladı. Baxmayaraq ki, maraqlar həqiqətləri üstələdiyindən qəbul olunan sənədlər ancaq kağız parçası olaraq qalır. Azərbaycan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını gözlədi. Amma elə ölkələr var ki, bu qətnamələr bir neçə saatda tətbiq edilir. Ona görə rəsmi Bakı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının tribunasından, xüsusilə BMT Baş Assambleyasından bəyan edirdi ki, bu qətnamələrin icrası üçün vahid mexanizm hazırlanmalı və bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir.

Azərbaycan Ordusu dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük İkinci Qarabağ müharibəsində aparıcı dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların 30 ilə yaxın dövrdə edə bilmədiklərini etdi. Haqq, ədalət bərpa olundu, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi, işğalçı Ermənistana və ona dəstək verən dövlətlərə bir daha çatdırıldı ki, beynəlxalq hüquq deyilən məfhum var və ona riayət edilməsi mütləqdir.

Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında tarixi paralellər fonunda Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı duruma nəzər salaraq bu reallığı diqqətə çatdırmışdır ki, ölkəmiz AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı: «O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.» Müstəqililk tariximizin 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan mərhələsində yaradılan möhkəm bünövrə bugünkü reallıqlarımızda öz əksini tapıb. «Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq» söyləyən ölkə Prezidenti bildirmişdir ki, 1993-2003-cü illərdə dövlətçiliyin əsasları qoyuldu.  Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ölkəmiz böyük investisiyalar məkanına çevrildi. Nizami ordu formalaşdı. Yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün önəmli addımlar atıldı ki, hazırda  o kadrlar  ölkəmizin müxtəlif sahələrdə inkişafına  öz töhfələrini verirlər.

Azərbaycanın son 17 ildə keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Zəfərimiz bu uğurların zirvəsində dayanır.  Bu Qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, illərdir ermənilərin, ermənipərəst qüvvələrin apardıqları təbliğatların nə qədər yanlış, saxta olduğunu da bir daha bilərəkdən susan dünyaya çatdırdı.

Bugünümüzün əsas çağırışı ölkəmizə qarşı əsassız kampaniyalara yol verməmək, onların qarşısını qətiyyətlə almaq, ən əsası gənc  nəslin tərbiyə edilməsini gündəlik fəaliyyətimizin önündə saxlamaqdır. Dövlətimizin başçısı İlham Əliyev partiyanın VII qurultayında «Həm ali məktəblərdə, ilk növbədə, ailələrdə və eyni zamanda, siyasi partiyalarda buna fikir verilməlidir. Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar» söyləyərək   təcrübəli nəslin fəaliyyətindən çox şey asılı olduğunu diqqətə çatdırmışdır: «Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılıb. Hesab edirəm ki bu, çox önəmli addımdır. Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər. Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir.»

Təbii ki, bu kimi təbliğatın əsasında Azərbaycanın haqqlı mövqeyini müdafiə etmək, həqiqətlərimizi olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırmaq dayanır.  Çünki xaricdən saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Məhz o hesabat da bu yalanların  üzərində qurulur. Belə halların qarşısını almaq üçün  gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Dövlətimizin başçısı bildirir: «Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır. Digər önəmli məsələ isə odur ki, – Yeni Azərbaycan Partiyası həmişə bu sahədə fəal olub, bizim dövlət siyasətimiz də bu sahədə birmənalıdır, – Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Bu, bizim böyük sərvətimizdir.»

Bircə faktı qeyd etmək kifayətdir ki, dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr verən Azərbaycanın 2019-cu ildə  UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi   milli-mənəvi dəyərlərə,  tarixi-mədəni irsə bağlılığını bir daha təsdiqlədi. Tarixə söykənərək, inkaredilməz olan bu reallıq da önə çəkilir ki, bir millətin, xalqın dəyərlərinin, dilinin əlindən alınması onun məhvi deməkdir. “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə,  milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” söyləyən ulu öndər Heydər Əliyev  daim bu  çağırışı etmişdir ki, gələcəyimiz olan gənclər milli-mənəvi dəyərlərimizi unutmamalı,  tariximizi, ana dilimizi bilməli və qorumalıdır. Ermənilərin işğal etdikləri ərazilərimizdə tarixi, dini abidələrimizi yerlə-yeksan etmələri də  varlığımızı silmək məqsədi daşıyırdı. Amma unudurdular ki, bu dağıntılar dil açıb danışan faktların qarşısında acizdir. Dövlətimizin başçısı İlham Əliyev Böyük Qayıdış proqramının icrasından bəhs edərkən tarixi və dini abidələrimizin bərpasını birinci dərəcəli məsələ kimi önə çəkir.

Ümumiyyətlə, ölkəmiz inkişafın yeni mərhələsindədir. Artıq bu il, eyni zamanda, dövlət müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik.  Bu tarixi hadisəni Zəfərimizlə qeyd etməyimiz hər bir azərbaycanlı üçün qürurvericidir.  «Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir» söyləyən  cənab İlham Əliyev qeyd edir ki,  bu, əbədi prosesdir: «Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. Sadəcə olaraq, geniş ictimaiyyət bundan xəbərsizdir. İstisna edilmir ki, bundan sonra da çox olacaq. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır.»

Daha çox xəbərlər