Cəbhədən Xəbər 

Zəfərdən sonra gələn Zəfərlərə salam olsun!

Qələbə – zəfər istəyin, niyyətin, fəaliyyətin, amalın gerçəkləşməsi deməkdir. Fərdlər üçün də, ictimaiyyət üçün də, cəmiyyət üçün də. İctimaiyyət xalq deməkdi; xalqın adına ad olan qələbə tarixdi, qələbə – zəfər ilin ayını, ayın gününü tarixləşdirməkdi.

Döyüşlərin mahiyyəti Vətən müharibəsi idi, əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi. Vətən müharibəsi xalqın müharibəsi idi; əsgərlər döyüşürdü, əli silah tutanlar döyüşmək, döyüşənlərimizin sırasında olmaq istəyirdi, səfərbərliyə çağırılmayanlar ruhən döyüşlərdəydi, döyüşənlərin kürəyini onların da, yaşlıların da, uşaqların da nəfəsi isidirdi, minlərlə mənzildə minlərlə ana-nənə döyüşənlərə corab toxuyurdu, əlcək toxuyurdu, “Simurğ qanadlarında” oğul bildiyi, qardaş bildiyi döyüşçülərə çatdırırdı…

Vətən müharibəsi xalqın müharibəsi idi…

Azərbaycan Ordusu işğalı döyüş-döyüş sonlandırırdı…

Döyüşlərin ilk günlərində düşmən bir qədər müqavimət göstərə bilirdi. Azərbaycn əsgərinin qətiyyəti, hərbi anda (deməli, dövlətə, dövlətçiliyə!) sədaqəti bu “bir qədər”i də darmadağın etdi; düşmənin pərəni (nizamı, sırası) pozuldu. Döyüşlərin ilk həftələrində düşmənin döyüşə-döyüşə geri çəkilən, bir döyüş qədərincə dirəşən hərbi qulluqçuları qaçmağa başladı…

Artilleriya atəşi səngimişdi. Yaralıları dayaq məntəqəsinə göndərmişdilər. Bir azdan döyüş əmri veriləcəkdi. Bu “bir az” müddətində çoxusu iki-iki kürək-kürəyə verib mürgüləyirdi; müharibədə istirahət belə olur…

…Düşmən hücumun qarşısını ala bilmirdi. Döyüş gərginləşdiyi anda Kərim sinəsindən yaralandı. Onun “mə-ni vur-du-lar” harayını Vasif beş-altı addımlıqdan eşitdi. O tərəfə atıldı. Kərimin qolundan yapışıb özünə tərəf çəkdi. Kərim əlləriylə sinəsini sıxıb qanı dayandırmaq istəyirdi. Vasif döyüşçünün qolları altından yapışdı. Yan-yörəsinə sancılan güllələrə məhəl qoymadan sağa sarı sürünməyə başladı. “Qorxma”, – dedi. “Səni döyüşün içindən çıxardacam…”. Üç-dörd addım uzaqlaşmamışdılar. Yaxınlıqlarına mərmi düşdü. Sol çiynindən qəlpələr dəyən Vasif yavaş-yavaş heydən düşürdü. Bunu hiss edən Kərim dili tutar-tutmaz, “Da-yan” dedi…

Döyüşdən sonra gördüklərindən heyrətləndilər: Vasifin sağ qolu Kərimin, Kərimin sol qolu Vasifin boynuna sarılmışdı; ikisi də şəhid olmuşdu…

Zəfər kəlməsində Kərimlərin, Vasiflərin ruhunun şükranlığını da duyuruq…

44 gün davam edən Vətən müharibəsində kəndlər, şəhərlər, strateji yüksəkliklər azad ediləndə hər döyüşçü qoynundan bir bayraq çıxardırdı. Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə döyüşənlərin sayı qədərincə bayraq dalğalanırdı; Zəfər kəlməsi, Zəfərə görə Zəfər adı qələbə bayrağı dalğalandıranların döyüşlərinin nəticəsiydi, müqəddəs müharibədə qazanılan müqəddəs zəfərə bunca ehtiram Zəfərin əbədiyyən yaşadılması istəyidi…

Vətən müharibəsinin ilk həftələrində Murovdağ dağ silsiləsi də ermənisizləşdirildi, sonra Hadrut (Suqovuşan) işğaldan azad edildi. Sonra Cəbrayıl, sonra Füzuli, sonra Zəngilan, sonra Qubadlı. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Necə? – bu “necə”ni rus mediası jurnalistikanın bütün bəşəri tələblərinə əsasən obyektivliklə, səmimiyyətlə, dürüstlüklə belə ifadə edir:  “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”…

Və noyabrın 8-i Zəfər Günü kimi tarixləşdi; Zəfər günü ruhumuzun göyqurşağına döndü, Zəfər kəlməsi dilimizin əzbəri oldu…

Xorvatiyadan Ermənistan ordusuna könüllü gəlmiş muzdlu belə deyir: “Əvvəlcə şimalda döyüşdüm, sonra bölüyümüz Şuşa yaxınlığına köçürüldü. Kabusun nə olduğunu orada anladım. Düşmən dəfələrlə çox idi. Onlar dalğa kimi irəliləyirdilər. Bir qrupu məğlub edirdik, amma onun ardınca  başqa bir qrup gəlirdi”. Ermənistan ordusunun hərbi qulluqçusu Andrey Nalbandyan belə deyib: “Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər – onlar terminator kimi irəliləməyə davam edirdilər. Sanki zombi ordusu idi”. İctimiyyət düşmənə belə duyğular yaşadanların qazandığı zəfəri ictimaiyyət könüllərində də, yaşantılarında da, dillərində – gündəlik müraciətlərində də yaşadacaq. Həm də Zəfərdən sonra doğulan oğlanların adında: Zəfər…

Zəfər ovqatı neçə illər, neçə onillər, neçə yüzillər cəmiyyətin yaşamının mehrabı olacaq…

Vətən müharibəsində qazanılan zəfər könüllərində də yaşadılacaq, yaşantılarında da, dillərində – gündəlik müraciətlərində də. Zəfərdən sonra dünyaya gələn oğlanların adında…

Son aylarda doğulan oğlan uşaqlarına Vətən müharibəsində qazanılan zəfərə qədərsiz sevgiyə görə Zəfər adı verirlər. Vətənin qıraqda qalan yerlərində də belədi (sərhədlərlə bölünən torpaq ruhən bölünmür!). Bu, Vətən müharibəsində dillərdə, könüllərdə yaşadılan (və yaşadılacaq!) istəyin təzahürüdü.

15-16  əsr əvvəl Qorqud Dədə ad verərdi oğullara. Dədə Qorqudu Azərbaycan Ordusunun (Azərbaycan xalqının) qələbəsi əvəzləyir; müqəddəsliyinə görə, tarix yazdığına görə, tarixləşdiyinə görə bu Zəfərdə bu qüdrət var!

Zəfərdən sonra gələn Zəfərlərə salam olsun!..

Rəşid Faxralı

Daha çox xəbərlər