İtaliya portalında Azərbaycan haqqında silsilə məqalələr dərc olunub
İtaliyanın “İnsideover” portalında jurnalist Emanuel Pietrobonun müəllifliyi ilə Azərbaycan haqqında silsilə məqalələr dərc olunub.
ARANTV.AZ xəbər verir ki, məqalələrdə İtaliya-Azərbaycan strateji tərəfdaşlığı, Azərbaycanla Vatikan arasında sıx əlaqələr, Azərbaycan-İsrail münasibətləri, Prezident İlham Əliyevin regionda sülhün bərqərar olmasına dair təklif etdiyi “3+3” formatı, Zəngəzur dəhlizi və onun əhəmiyyəti barədə danışılır.
“Azərbaycan İtaliyanın fundamental tərəfdaşıdır” sərlövhəli məqalədə, həmçinin Azərbaycan-İtaliya strateji tərəfdaşlığının əhəmiyyəti, bu xüsusda son illərdə həyata keçirilmiş yüksək səviyyəli səfərlər və ötən ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri, həmin səfər zamanı imzalanmış “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, onun ölkəmizlə əməkdaşlıqda rəsmi Roma üçün yaratdığı böyük imkanlar, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolu, ölkələrimiz arasında iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıqdan bəhs olunur.
“Vatikan və Azərbaycan, mədəniyyət və sülh üçün birlikdə” sərlövhəli məqalədə müəllif Azərbaycanla Vatikan arasında uzun illərdən bəri formalaşmış sıx əlaqələr, bu münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda böyük tarixi əhəmiyyət daşıyan dini abidələrin bərpası, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyətinin Müqəddəs Taxt-Taca son səfəri zamanı Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsinin imzalanması barədə məlumat verir və belə təşəbbüslərin Azərbaycan ilə Vatikan arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırır.
Müəllifin “İsrail ilə Azərbaycan arasındakı ittifaq” başlıqlı məqaləsində Azərbaycan-İsrail münasibətlərinə nəzər salınır, iki ölkə arasında siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə mövcud olan sıx əməkdaşlıqdan, İsrailin dövlət rəhbərlərinin və dünya yəhudi təşkilatlarının liderlərinin Azərbaycana səfərlərindən bəhs edilir, eləcə də ölkəmizdəki yəhudi icması və Azərbaycanın multikultural ənənələri barədə danışır.
“Azərbaycandan Qafqazda sülhün təmin edilməsi üçün təklif” sərlövhəli məqalədə isə Prezident İlham Əliyevin təklif etdiyi “3+3” formatı barədə geniş məlumat verilir, region dövlətləri arasında sıx inteqrasiyanın təmin olunmasına xidmət edəcək bu platformanın regionda davamlı sülhə gətirib çıxaracağı, bu xüsusda Azərbaycanın liderliyi ilə bağlı məqamlar diqqətə çatdırılır.
Müəllifin Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edən “Zəngəzur dəhlizi – Ermənistan ilə Azərbaycan arasında sülh üçün açar” sərlövhəli məqaləsində bu dəhlizin açılmasının 10 noyabr Bəyanatından irəli gəldiyi vurğulanır. Bu yeni bağlantı dəhlizinin əhəmiyyəti, regionda nəqliyyat-kommunikasiya imkanlarının inkişafı, davamlı sülhün və tərəqqinin təmin edilməsində oynaya biləcək rolu barədə məlumat verilir.


