Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs əsasında BMT-də qəbul edilən qətnamə qlobal həmrəyliyin təcəssümüdür
Martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, münasib qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Bu qətnamənin qəbul olunduğu xüsusi sessiyanın təşəbbüsü ötən il koronavirusun bütün dünyanı əhatə etməyə başladığı ilk dövrlərdə Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində keçirilən onlayn Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və 130-dan çox ölkənin dəstəyini alıb. Bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı dövrdə Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsi sözsüz ki, ölkə rəhbərliyinin beynəlxalq arenada birlik və dünya ölkələrinin qarşılıqlı səmərəli fəaliyyəti üçün tərəfdaşlığa daim açıq olduğunu göstərdi.
ARANTV.AZ-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.
Ş.Seyidzadə deyib ki, dünya ölkələrinin mübarizə apardığı koronavirus pandemiyası dövründə Azərbaycan öz təşəbbüskarlığını nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin digər ölkələr tərəfindən qəbul edilərək yüksək qiymətləndirilən digər təşəbbüsü isə məhz vaksinlərin ədalətsiz və qeyri-bərabər paylanmasının aradan qaldırılması ilə bağlı olub. Sözsüz ki, indiki dövrdə həlli çox vacib olan belə bir mövzuda Azərbaycan bu addımı ilə seçildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusla mübarizədə birlikdə güclü olduğumuzu sübut edən addımların həm ölkə daxilində, həm də beynəlxalq arenada atılması bir daha göstərir ki, biz birlikdə güclüyük.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs əsasında qəbul edilən qətnamədə əsas məqamlardan biri də odur ki, bu sənəd pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın təcəssümüdür: “Pandemiyanın elan edildiyi ilk günlərdən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi və göstərişləri ilə aparılan işlər çərçivəsində koronavirusla mübarizədə kifayət qədər yüksək nəticələr əldə edilib. İnsanların sağlamlığının qorunması, sosial paketlərin yaradılması ilə izolyasiya tədbirlərinə əməl edən vətəndaşlara dəstəyin göstərilməsi, eyni zamanda, yeni tibb müəssisələrinin, gigiyenik vasitələr istehsal edən zavodların fəaliyyətə başlaması dövlətin bu məsələyə ciddi qayğısını və diqqətini nümayiş etdirir. Azərbaycan vətəndaşları da bu diqqət və qayğının əsasında dövlətimizin başçısının siyasətini dəstəkləyərək, bizim birlikdə güclü olduğumuzu sübut etdilər. Məhz bu birliyin yaratdığı güc BMT-də qəbul edilən qətnamədə qlobal həmrəylik və çoxtərəfli əməkdaşlıqda da özünü büruzə verir. Azərbaycan Prezidentinin təşəbbüsünün dünya ölkələri tərəfindən yekdilliklə dəstəklənməsi sübut edir ki, beynəlxalq arenada dövlətimizin başçısına və ölkəmizə böyük inam var, bu inam möhkəm birliyə əsaslanır”.
Şahin Seyidzadə qeyd edib ki, Ermənistanın bu təşəbbüsə qeyri-adekvat mövqeyi hər zaman olduğu kimi, bu dəfə də uğursuzluqla nəticələndi. Azərbaycanın nüfuzlu ölkə olaraq bütün dövlətlərdən tam dəstək alması, böyük platformalarda söz sahibi olması, heç şübhəsiz, Ermənistan tərəfindən xoş qarşılanmır. Belə ki, qətnamənin qəbul edilməsi prosesində Ermənistan bir sıra təkliflərinin nəzərə alınmadığını qeyd edərək etirazını bildirib. Lakin qloballaşan dünyada ölkələrin sıx qarşılıqlı tərəfdaşlıq münasibətləri qurduğu dövrdə, sadəcə, Azərbaycan tərəfindən irəli sürüldüyü üçün qətnaməyə qarşı çıxan Ermənistan bu cəhddə də uğursuzluqla qarşılaşdı. Azərbaycanın nüfuzu və dünya ölkələri ilə qarşılıqlı fəaliyyəti bir daha göstərir ki, ölkəmiz hər zaman ədalətli mövqe nümayiş etdirir.
Ermənistanın bu addımının da ölkə olaraq onun imicinə xələl gətirdiyini deyən deputat vurğulayıb: “Ermənistan qətnamənin BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası kimi qlobal təşəbbüslərin alqışlandığı bəndi üzrə konsensusa qoşulmadığını bəyan etdi. BMT-nin Xüsusi Sessiyanın keçirilməsinə də bütün ölkələr yekdilliklə səs verdiyi halda, Ermənistan tərəfi təşəbbüsün sırf Azərbaycan tərəfindən irəli sürülməsinə görə öz qərəzli mövqeyini ortaya qoydu. Lakin burada əsas məqam ondan ibarətdir ki, bu məsələ iki həmsərhəd ölkəni deyil, bütün dünyanı maraqlandıran, bütün bəşəriyyəti təhlükə ilə üz-üzə qoyan problemlə bağlıdır”.

