Rüşvət aldığına görə saxlanılan direktor və baş həkimi neçə il həbs cəzası gözləyir? – AÇIQLAMA
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb aralarında bölməsinə əsaslı şübhələr müəyyən edilib. Həmin faktlarla əlaqədar başlanmış cinayət işi üzrə toplanmış sübutlarla İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.
Bundan əlavə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib. Bu gün səsləndirilən fikirlərdən biri də xəstəxanalardakı rüşvət hallarına görə keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin də məsuliyyət daşımasıdır. Əgər istintaq zamanı Oqtay Şirəliyevin də həqiqətən həmin dəstə ilə əlaqəsi olduğu müəyyən edilərsə onu və digər həkimləri hansı cəza gözləyir?
Bununla bağlı Sonxeber.az-a danışan Əsabəli Mustafayev bildirib ki, koronavirus xəstələrindən rüşvət alan həkimlər mütəşəkkil dəstədir:
“Araşdırma zamanı müəyyən olunsa ki, keçmiş Səhiyyə naziri Oqtay Şirəliyevin də onlarla əlaqəsi var və həmin dəstənin üzvdür, əlbəttə, o da vəzifəli şəxs və dəstənin üzvü kimi məsuliyyət daşıyır. Bu, ağır və qınanılası cinayətlərdir. Çünki xəstələrdən müalicəsi üçün böyük məbləğdə pul istənilib. İctimaiyyətdə hələ ilk vaxtlardan koronavirus xəstələrinin yaxşı müalicə olunması üçün pul istənilməsi ilə bağlı söz-söhbətlər var idi. Pul verməyənləri şəraitsiz və pəşakar tibb heyətinin olmadığı xəstəxanalara göndərirdilər. Artıq bu faktlar hüquqi cəhətdən də öz təsdiqini tapıb. O mütəşəkkil dəstə ilə əlaqəsi onların hamısı istintaq zamanı müəyyən ediləcək. Göründüyü kimi, külli miqdarda və təkrarlanan rüşvət almaqdan, vəzifə səlahiyyətindən sui-stifadə hallarından söhbət gedir. Əlbəttə, bütün bunlar ağır cinayətlərdir. Əgər təsdiq olunsa, həmin mütəşəkkil dəstənin hər bir üzvünü 15 il azadlıqdan məhrum olma cəzası gözləyir. Çünki mütəşəkkil dəstənin üzvü olmaq məsuliyyət yaradır. Ola bilər ki, həbs olunacaq digər vəzifəli şəxslərin özləri kimdənsə pul almayılar, amma alınan pullardan onlara çatıb və şərait yaradıblar. Əlbəttə, bütün bunlar aparılan araşdırmalardan sonra müəyyən olunacaq”.

