Türkiyə cavab atəşinə hazırlaşır – Ermənistanı ABŞ xilas edə bilməyəcək
ABŞ prezident Co Baydenin “soyqırım” ifadəsinini işlətməsi tarixin təhrif olunması, beynəlxalq hüququn nüfuzdan salınması hesab edilməlidir. Şəxsi, dövlət maraqlarının ön planda olduğu bu bəyanatla Bayden “soyqırımı” silahını ermənilərin əlindən alaraq, istəmədən son 1 əsrdə ilk dəfə hayları arqumentsiz qoydu.
Baydenin yanlışı Türkiyə-Azərbaycan ittifaqını gücləndirmək üçün yeni fürsətlər açır və üstəlik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ay Şuşaya gəlişinin və verəcəyi açıqlamaların əhəmiyyətini daha da artırdı. Amma onun “Biz bunu (genosidi qəbul etməyi ) kimisə günahlandırmaq üçün deyil, baş verənlərin təkrar olunmaması üçün edirik” sözləri tək Türkiyəni yox, eyni zamanda Rusiyanı da hədələməyə hesablanmış ifadələrdir. Baydenin bu açıqlaması eyni zamanda II Qarabağ müharibəsində ermənilərin tarixi məğlubiyyətinin səbəbkarı kimi Rusiyanı göstərmək və Cənubi Qafaqazda mövcud olmaq istiqamətində planlarından xəbər verir.
Türkiyə höküməti ABŞ-ın tarixi saxtalaşdıran bəyanatına adekvat addım olaraq bu gün Böyük Millət Məclisinin İnsan Haqları Araşdırma Komissiyası tərəfindən hazırlanmış “İkinci Qarabağ müharibəsi və Ermənistanın Hərbi Cinayətlər Paneli”, “Hərbi Cinayətlər Fotoşəkil Sərgisi”nin geniş işıqlandırılması kimi önəmli addımlar atacaq. Bu, Ermənistanın, erməni lobbisinin, onların maraqlarına xidmət edən şəxslər və qurumların, habelə “erməni kartından” Türkiyə və Azərbaycana qarşı istifadə etmək istəyən xarici dairələrin hazırkı fəaliyyətinin bütün bölgə üçün fəsadlarının, dünyada yaratdığı mənfi presedentlərin yenidən izahı baxımından olduqca əhəmiyyət kəsb edir.
10 noyabr bəyanatından bu günə kimi üzərinə düşən öhdəlikləri hələ də yerinə yetirməyən və müxtəlif yollarla məsuliyyətdən yayınmaq istəyən Ermənistanın istər 44 günlük müharibə vaxtı, istərsə də postmüharibə dövründə törətdiyi hərbi cinayətlər saymaqla bitməz. Atəşkəs sazişinin imzalanmasından 5 ay keçməsinə baxmayaraq mina xəritələrini vermədiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməli olduğu halda hələ də rəsmi İrəvana gözün üstə qaşın var deyən yoxdur. Ermənistan işğal altında saxladığı müddətdə minaladığı Azərbaycan ərazilərinin xəritələri verilmədiyi üçün son 5 ay ərzində minaya düşərək ağır xəsarət alanlarla, ölənlərin sayı 100-dən artıqdır. Beynəlxalq ictimaiyyətin susqunluğu bugünə qədər Ermənistanı insanlara və tank əleyhinə minaların xəritələrini gizli saxlamağa şərait yaradır.
Regionda sülhə və sabitliyə böyük təhlükə olan Ermənistanın II Qarabağ Müharibəsi zamanı hərbi-siyasi rəhbərliyinin döyüş bölgəsi olmayan, dinc əhalinin sıx yaşadığı əraziləri ballistik raketlərdən atəşə tutaraq körpə, yaşlı, qadın demədən 100-dən çox insanı qətlə yetirməsi rəsmi İrəvanın genosid, növbəti soyqrım planlarının bir hissəsi idi. Azərbaycan bununla bağlı bütün materialları beynəlxalq hüquq təşkilatlarına təqdim etməsinə baxmayaraq, daşdan səs çıxdı, Qərbdən çıxmadı. Türkiyənin dövlət səviyyəsində Ermənistanın yenidən həmən hərbi cinayətlərini gündəmə gətirməsi dünyanı gözünü dörd açıb yenidən hər şeyi olduğu kimi görmək şansı yaradacaq.
Tarixə qiymət vermək tarixçilərin işidir və hansısa uydurma hadisələrin siyasiləşdirilməsi ikili standartlardan başqa bir şey deyil. Amerika Fransanın Əlcəzair və Mərakeşdə, özlərinin Vyetnamda, indi müdafiə etdikləri Ermənistanın 1992-ci ildə Xocalıda törətdikləri qətliamları “soyqrımı” kimi tanıyaraq onların təkrarlanmamasına töhvə vermək fikrində deyil. Lakin Türkiyə dəfələrlə qondarma “erməni soyqrımı” ilə bağlı arxivlərin açılmasını və birgə komissiya yaradaraq hadisələrin tarixçilər tərəfindən araşdırılmasını təklif etsə də Ermənistan tərəfi bundan boyun qaçırıb. Səbəb isə bəlli – yalanlarının üzə çıxacağını, hər hansı bir soyqırımın olmadığını yaxşı bilirdilər. Fakt isə faktlığında qalır ki, bu bəyanatla ABŞ-ın hazırki prezidenti Co Bayden özündən qabaqkı prezidentlərdən fərqli olaraq erməni lobbisindən aslı olduğunu sübut etdi və uydurma, saxta erməni tarixinə düşdü.

