Vətəninə qürur gətirən oğlan
Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya göz açan Sadiq Şahin oğlu Bağırzadə İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək öz adını Zəfər tariximizə yazdı. Elin igid oğlu Vətənini, torpağını özündən də artıq sevirdi. Elə bu ilahi sevgi idi onu şəhidlik zirvəsinə ucaldan. Sadiq erməni dığaları ilə döyüşə Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi atılmışdı. İgid əsgərin yaşına uyuşmayan rəşadəti ölümündən sonra dövlət tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda” medallarına layiq görüldü.
Onu da bildirməyi vacib sayıram ki, Şahin orta məktəbdə oxuduğu vaxt artıq idmanda qazandığı uğurlarla yaxşı tanınırdı. Onun ən çox maraq göstərdiyi idman növü boks idi. Astara Boks Mərkəzində məşq edirdi. O, dəfələrlə rayon, respublika yarışların qalibi olmuşdu. Ordu sıralarına yola düşməzdən əvvəl boks üzrə Azərbaycan birinciliyində bürünc medal qazanır, Bakı birinciliyin qalibi olur.
Astarada respublikada tətbiq olunan karantin rejiminə əməl olunmaqla şəhidin doğum günü qeyd edildi. Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Rayon Dövlət Rəsm Qalereyasının, təhsil müəssisələrinin əməkdaşları, müharibə veteranları, qazilər, qəsəbə sakinləri və ictimaiyyətin nümayəndələri şəhid Sadiqin Ərçivan qəsəbəsində uyduğu məzarı önünə əklillər və gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Daha sonra çıxışlarda bildirildi ki, Sadiq nümunəvi, əxlaqlı bir ailəndə vətənpərvər, mərd böyümüşdü. Odur ki, Şanlı Ordumuzun Ermənistan silahlı qüvvələrin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatları zamanı Vətən, torpaq naminə şəhid olmağı bacardı. Belə bir igidlə öyünməyə, qürur duymağa dəyər. Sadiq cismən aramızdan gedib, yeri ürəklər olmaqla o, öz xalqı üçün əbədidir. İndi Sadiqin adını müqəddəs tutub ona bənzər həyat yaşamaq arzusunda olan yeniyetmələr çoxdur.
Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

