Böyük Qayıdış Zəngilandan başlayır
Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirəcək Naxçıvana dəmir və avtomobil yollarının açılacağı gün də uzaqda deyil
Böyük Qayıdışın ilk addımları olan Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərinin ərazilərində salınacaq «ağıllı kənd» layihəsinin maketi ilə tanışlıq hər bir azərbaycanlının qəlbində fərəh hissi yaradır. Ən inkişaf etmiş ölkələrdə mövcud olan bu cür müasir, şəhər tipli kəndin Azərbaycanda yaradılması bir neçə baxımdan əhəmiyyətlidir. Erməni vandallarının viran qoyduqları Zəngilan rayonu ərazisində, xeyli vəsaitin tələb olunduğu belə müasir kəndin salınması ilk növbədə Azərbaycanın iqtisadi güdrətinin, gücünün göstəricisidir. Bəlkə də heç inkişaf etmiş ölkələrdə belə rast gəlinməyən «möcüzənin» ölkəmizdə reallaşdırılması xalqımızın 30 illik yurd həsrətinə 44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdırmaqla son qoyan, torpaqlarımızı işğaldan azad edən Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkə əhalisinə növbəti töhfəsidir. «ağıllı kənd»in məhz Zəngilanda yaradılmasının siyasi, iqtisadi, coğrafi əhəmiyyəti vardır.
«Bizim Silahlı Qüvvələrimiz burada böyük qəhrəmanlıq göstərdi, düşməni buradan qovdu və Mincivan qəsəbəsini azad etdi. Bundan sonra Ermənistan sərhədinə qədər, Ağbənd qəsəbəsinə qədər uğurla irəliləyərək düşməni torpağımızdan çıxartdı. İndi dəmir yolu yenidən qurulacaq, vağzal da, həmçinin. Dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək» söyləyən Prezident İlham Əliyevin açıqlamasının əlavə şərhinə ehtiyac yoxdur. Yəni, «Ağıllı kənd»in bu ərazidə salınması hələ də Zəngəzuru tərk etmək istəməyən ermənilərə daha bir zərbədir.
Tarixi Qələbədən sonra Azərbaycanla tərəfdaş ölkələrin rəsmilərini qəbul edərkən və xarici KİV-lərə müsahibələrində işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etmək istəyən dövlətlərin müraciətlərini dost yardımı kimi qiymətləndirən Prezident İlham Əliyevin bu günlərdə Zəngilan və Cəbrayıla səfərləri zamanı keçirdiyi görüşlər Qayıdışın başlanğıcı oldu. «Ağıllı kənd» layihəsində iştirak edəcək Türkiyə, İsrail, İtaliya şirkətlərinin mütəxəssisləri ilə görüşlərində «ağıllı kənd»in maketi ilə tanış olan Prezident İlham Əliyev kimi, zəngilanlılar, bütün Azərbaycan xalqı layihələrdə nəzərdə tutulan müəssisələr, infrastrukturlar, sənaye obyektləri, turizmin inkişafı ilə bağlı perspektivləri sevinclə qarşıladılar.
Türkiyə şirkətinin «ağıllı kənd”»də həyata keçirəcəyi bərpaedilən enerji, karbon dioksid emissiyası sertifikatına malik «Arximed»” qurğusunun təşkili ilə ərazinin daxili elektrik enerjisinə ehtiyacı ödəniləcək və artıq qalan enerjinin ixracı mümkün olacaq. Bu layihə, sadəcə, enerji istehsal etmək məqsədi daşımır, eyni zamanda, turizm infrastrukturunun inkişafını da sürətləndirəcək.
« Əslində, bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki Böyük Qayıdış” bu gün başlayır. Əmin olduğumu bildirmək istəyirəm ki, siz gələcək layihələrdə də iştirak edəcəksiniz» söyləyən Prezident İlham Əliyevin dünyada tanınan və İKT üzrə ən son yenilikləri istehsala tətbiq edən «Huayvei» şirkətinin təmsilçiləri ilə görüşündə «Ağıllı kənd»də həyata keçiriləcək layihələrdən bəhs olundu. Azərbaycanda ilk dəfə «Qiqabit AirPON»” texnologiyasından istifadə ediləcəyini diqqətə çatdıran şirkətin əməkdaşının qeyd etdiyi kimi, bu layihənin ilk mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradılacaq, «ağıllı tədris»”, «ağıllı səhiyyə»” və «ağıllı kənd» təsərrüfatı” sistemləri həyata keçiriləcək.
30 ildən artıq Ermənistanın işğalı altında qalan rayonlarımızın azad olunması ölkəmizdə aqrar sahənin inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalına yeni imkanlar yaradacaq. İşğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının, xüsusilə heyvandarlığın dirçəldilməsi daxili bazarlarımızda bolluq yaradacaq. «Ağıllı kənd» layihəsində iştirak edəcək İtaliya şirkətinin əməkdaşlarının hazırladıqları layihələrdə aqrar sahənin, heyvandarlığın inkişafına prioritet kimi xüsusi diqqət göstərilir .
İtaliyanın dünyada məşhur olan «motsarella»” pendirinin ölkəmizdə istehsalına başlanılması Azərbaycanın da şöhrətini artıracaq. Bunun üçün İsraildən gətiriləcək 300-400 başlıq camış ferması tikiləcək. Növbəti illərdə iri buynuzlu heyvanların sayı 1000 başa çatdırılacaq. Zəngilanın təbii şəraiti, zəngin florası, otlaq və örüşləri bu sahənin inkişafı üçün daha əlverişlidir. Fermalarda ən müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılmasına nail olunacaq. Peyindən gübrə və bioqazdan istifadə ilə elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə enerji istehsal ediləcək. Südçülük ferması qurulduqdan sonra tam təlim kursu keçən yerli mütəxəssislər hesabına Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayan kadrlar yetişdiriləcək. Əsas hədəf yüksək keyfiyyətli südçülük sektorunun yaradılması, keyfiyyətli məhsul istehsalına nail olunmasıdır. «Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək» söyləyən, «ağıllı kənd» layihəsinin təməlini qoyması, işğalçıya tarixi dərs verən Müzəffər Ordumuzun, Ali Baş Komandanı İlham Əliyevin qalibiyyət Zəfərinin əbədilik nümunəsidir.
Yerləşdiyi coğrafi əhəmiyyətinə görə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün yaranan imkanlar, bu ərazidə, Füzulidə və Laçında inşa ediləcək beynəlxalq hava limanları bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan da daxil olmaq şərtilə əhatə edəcək. «Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır» söyləyən Prezident İlham Əliyevin sözlərinin yaxın zamanlarda gerçəkləşəcəyi şəksizdir.
Zəngilanda artıq icrasına başlanılan layihələrlə yeni, müasir, yüksək texnologiyalarla idarə olunacaq «ağıllı kənd»in ilk mərhələsinin başlanılması Prezident İlham Əliyevin «Bu, Böyük Qayıdışın birinci addımıdır. Biz müharibədən bir neçə ay keçəndən sonra artıq bu işlərə də start verdik. İnfrastruktur işləri öz qaydasında davam edir» sözləri coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşən Zəngilanın iqtisadi əhəmiyyətini daha da artırır. Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirən Naxçıvana dəmir və avtomobil yollarının açılacağı gün də uzaqda deyil.

