Sosial 

“Ayaqlarımı və barmağımı itirmişəm, sağ qolum işləmir, başımda 9 qəlpə belimdə 2 qəlpə var…”

Dünən Vətən müharibəsində iştirak etmiş 25 nəfər qazimiz idmançı Kamil Zeynallının təşkilatçılığı ilə Bakının məşhur restoranlarının birində İlyas Yalçıntaşın konsertində iştirak ediblər.

Tədbirdə qonaq olan qazilər Cəfərli Şiraz və Camal Alxasov BiG.AZ-a keçdikləri döyüş yolundan danışıblar:

“Mən, Cəfərli Şiraz Oruc oğlu, 2001-ci ildə doğulmuşam. Ön xətdə Polad Həşimov postunda xidmətdə olmuşam. 2020-ci ildə Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə, sentyabrın 27-si Suqovuşan istiqamətində bir çox uğurlarımız olub, ayın 29-u isə yaralanmışam.

Hər keçən gün uğurlarımızın sayı daha da artırdı. Hər gün bir az da irəli gedirdik. 30 il öncə işğal olunmuş torpaqlarımızı işğaldan azad edib ayaq basdıqca, bayrağımızı sancdıqca çox qürurlanırdıq.

Suqovuşana gedən yolda meşədə irəliləyərkən mənfur düşmənin pusqusuna düşdük. Mən yaralandım, əsgər yoldaşlarımın köməkliyi ilə həmin ərazidən çıxarıldım. 2 nəfər şəhid verdik. Bizə pusqu quran düşməni isə məhv etdik”.

İkinci Qarabağ müharibəsi iştirakçısı Alxasov Camal da yaşadığı dəhşətlərdən danışıb:

“Döyüş zamanı ayaqlarımı və barmağımı itirmişəm. Sağ qolum işləmir. Başımda 9 qəlpə belimdə 2 qəlpə var. O cümlədən, gözümdə də qəlpə var.

Qubadlı rayonunun mərkəzində yanımıza “minamyot” düşdü. Mən sürücü idim. 4 ədəd minamyot mərmisi yanımıza düşdü. 1-ci minamyotda qəlpə gözümə girdi və qolumu kəsdi. 4-cü minamyotda isə ayaqlarım da kəsildi. Minamyot məni 20 metr yuxarı qaldıraraq yerə tulladı. Gözlərim kor olmuşdu. Füzulidə hospitalda olarkən gözlərim açıldı. Sonra isə əməliyyat olundum.

Biz hər şeyi gözə alıb getmişdik. Bilirdik ki, ya qazi olacağıq, ya şəhid. Beynimizdə bundan başqa bir şey yox idi. Millətimiz, Vətənimiz üçün döyüşmüşəm və heç nə üçün peşman deyiləm! Özüm ilə fəxr edirəm. Ayaqlarımı itirdiyim üçün belə, pis olmuram…”

"Ayaqlarımı və barmağımı itirmişəm, sağ qolum işləmir, başımda 9 qəlpə belimdə 2 qəlpə var..."Camal Alxasov

"Ayaqlarımı və barmağımı itirmişəm, sağ qolum işləmir, başımda 9 qəlpə belimdə 2 qəlpə var..."

Daha çox xəbərlər