Vaksinasiyadan immunitet əldə edənlərin sayı təbii immunitet qazanmış şəxslərdən çoxdur- Baş infeksionist açıqladı
Hazırda Azərbaycan yoluxma-sağalma hallarının nisbətinə və sayına görə ən yaxşı göstəricilər nümayiş etdirən ölkələr sırasındadır. Bu da onu deməyə əsas verir ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkəmizin epidemioloji durumunu müsbət dinamika əsasında qiymətlədirmək olar.
Qeyd etməliyik ki, pandemiya ilə mübarizə dövründə ölkəmizdə əldə olunan müsbət dinamika nəticəsində növbəti dəfə mərhələli şəkildə yumşalma tədbirləri həyata keçirildi. Karantin rejiminin qadağalarının yumşaldılmasının insanlarda müəyyən qədər arxayınlıq yaratmasının şahidi olmuşuq. Bəs, bu effektiv nəticəni qorumaq və yenidən sərt karantin rejiminə qayıtmamaq üçün nələrə diqqət etməliyik?
“Hesab edirəm ki, dövlətimizin həyata keçirdiyi COVID-19 pandemiyası ilə mübarizə tədbirləri kifayət qədər effektiv olmuşdur. Bu tədbirlərin tibbi aspektlərinə birinci növbədə ölkədə infeksiyanın aşkarlanması üçün laborator imkanların yetərli səviyyəyədək artırılması, tibbi və digər təchizatların, o cümlədən yerli istehsal hesabına təşkili, modul tipli müasir xəstəxanaların istifadəsi ilə bu xəstələr üçün kifatət qədər çarpayı fondunun yaradılması, müxtəlif təlimlər vasitəsi ilə tibb kadrlarının təkmilləşdirilməsi və ən əsası vaksinasiya prosesinin erkən başlanmasının təmin olunmasıdır. Bütün sadalanan və digər tədbirlər son nəticədə vəziyyətdən daha az itkilərlə çıxmağa imkan vermiş və bu gün məsələnin həllində nikbin proqnozun formalaşmasına şərait yararmışdır.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov söyləyib.
T.Eyvazov qeyd edib ki, əldə edilmiş nəticələrin davamlı olması və yumşalmalara mərhələlərlə davam edilməsi üçün qüvvədə olan bütün karantin qaydalarına ciddi əməl etməli və ən başlıcası isə vaksinasiya prosesinin kütləviliyinin təmin olunmasına və qoyulan hədəflərə daha tez çatmağa nail olmaq lazımdır.

Vətəndaşlar üçün peyvənd növünü seçmək imkanı yaradılıb
Mütəxəssis əlavə edib ki, hazırda peyvəndləmə prosesi uğurla davam etdirilir: “Dövlətimiz tərəfindən kifayət sayda peyvəndin ölkəyə gətirilməsi təmin olunub və bu proses mərhələlərlə davam edir. Bir çox ölkələrdə peyvənd qıtlığı yaşandığı halda, bu gün Azərbaycan vətəndaşı üçün nəinki peyvənd əlçatandır, hətta onun üçün peyvənd növünün seçimi imkanı da yaradılıb. Peyvəndlərin daşınması, saxlanması, müəssisələrə paylanması, peyvənd məntəqələrinin təşkili, tibbi personalın hazırlanması və s. məsələlər yüksək səviyyədə həll olunub. Əhali arasında peyvəndin əhəmiyyətinə dair maarifləndirmə işləri aparılmaqdadır. Belə bir şəraitdə qoyulan hədəflərə çatmaq və itkilərimizi daha da azaltmaq üçün əhalinin bu prosesdə könüllü olaraq daha aktiv iştirak etməsi arzuolunandır. Vətəndaşlar nəzərə almalıdırlar ki, tibb elminin indiki durumunda yeni koronavirus infeksiyası ilə ən effektiv vasitə yalnız kütləvi vaksinasiyadır.”
Vaksinasiyadan immunitet əldə edənlərin sayı təbii immunitet qazanmış şəxslərdən çoxdur
Baş infeksionist vurğulayıb ki, bəşəriyyət tarixində indiyənədək yalnız bu yolla bir sıra ağır infeksion xəstəliklərin yayılmasının qarşısı tam və ya qismən alınmışdır: “Ona görə də kollektiv immunitetin əldə edilməsi və ya əhalinin böyük əksəriyyətinin xəstəliyə qarşı immunitetinin əldə edilməsi məhz bizi əvvəkli həyatımıza qaytara bilər. Qeyd eymək istərdim ki, vaksinasiya prosesi nəticəsində immunitet əldə edən şəxslərin sayı təbii immunitet qazanmış şəxslərdən qat-qat çoxdur. Bu, bir daha sübut edir ki, infeksiya üzərində qələbəyə aparan yeganə yol kütləvi vaksinasiyadır.”

Havaların qızması koronavirusun ötürülməsində önəmli rol oynamır
Ekspert sonda havaların isinməsi, temperaturun qalxmasını virusun yox olması kimi qəbul edib, laqeyd yanaşanlarla bağlı da fikirlərini bildirib: “Havaların qızması koronavirusun ötürülməsində önəmli rol oynamır. Bunu isti ölkələrdə tuğyan edən xəstələnmə halları bir daha sübut edir. Əsas faktorlar insan təmaslarının sıxlığının azaldılması və bu infeksiyaya qarşı immunlaşmış insanların sayının vaxt getdikcə artmasıdır.”

