Maraqlı 

Alman mütəxəssislər ofisdə naharla bağlı nə tövsiyə edirlər?

“LifeLine” nəşrinin mütəxəssisləri ofisdə nahar üçün uyğun olan qidaların adlarını açıqlayıblar. Onlar iş yerində doyumlu və sağlam nahar üçün bir neçə məsləhət veriblər.

Bir çox insan nahar fasiləsindən sonra özünü çox yorğun hiss edir. Bunun səbəbi ağır bir yeməkdən sonra qanın mədədə dövrünün artmasıdır. Buna görə beyin qanla daha pis təmin edilir. Bunun qarşısını almaq üçün daha kiçik hissələrə və daha yüngül yeməklərə keçməyiniz tövsiyə olunur.

İşdə faydalı bir şey almaq üçün vaxtınız və ya fürsətiniz yoxdursa, naharı evdən gətirmək daha yaxşıdır. Məsələn, bir neçə növ meyvə qablaşdırmaq olar. Əlbəttə ki, bununla yanaşı aclığı aradan qaldırmaq üçün də yemək götürməlisiniz.

Yağlı yeməklərdən uzaq olun

Hər yeməkdə yağ dəyərinə diqqət etmək lazımdır. Hazır qidalarda adətən üzərində informasiya yazılır. Kolbasa və pendirdə belə yağ dəyərinə baxmaq məsləhət görülür. Təbii məhsullara gəlincə, ən çox yağlılıq qoz-fındıq və avokadodadır. Yağlar orqanizm üçün vacib qida maddələri olsa da, ofisdə nahar zamanı orqanizmi yükləməmək üçün uzaq durmaq tövsiyə olunur.

 Qidada vitamin və mineralların həcminə fikir verin

Bir çox insana ofisdə elə də böyük enerji lazım deyil, lakin vitamin və minerallar hər zaman vacibdir. Orqanizmin tələbatını ödəmək üçün yüksək qida dəyəri olan məhsullarla qidalanmaq lazımdır: təzə meyvə və tərəvəzlər, taxıl məhsulları.

Bunlar özündə əhəmiyyətli maddələri ehtiva edir, bununla yanaşı elə də kalorili deyil və ona görə də, ofisdə nahar üçün uyğundur.

İşi kompyüterlə bağlı olanlara alman ekspertləri vitamin A və beta-karotin ilə zəngin qidalar tövsiyə edirlər. Bu siyahıya kələm, kök, yumurta sarısı, balıq yağı, şüyüd daxildir.

Daha çox lifli qidalar yeyin

Qidadakı yüksək lif tərkibi həzmə faydalı təsir göstərir. Bütün növ taxıl çörəkləri, paxlalar, tərəvəzlər və meyvələr bol maye ilə birləşdikdə bağırsaqların işini yaxşılaşdırır. Bundan əlavə, bu qidalar sizə uzun müddət toxluq hissi verir.

Kalorilərə fikir verin

Ofisdə oturaq iş zamanı enerjiyə tələbat elə də yüksək olmur. Fiziki iş olmadığından əzələlər yüklənmir. Bu səbəbdən istehlak edilən kalori daha yavaş yandırılır ki, bu da enerji tarazlığına mənfi təsir göstərir. Mütəxəssislər, işinizə velosipedlə getmək, liftdən istifadə etməyərək pilləkənlə qalxmaq kimi məşqləri gündəlik həyatınıza daxil etməyi məsləhət görürlər. O zaman bədəniniz üçün naharda toplanan ağırlıqdan qurtulmaq daha asan olacaq.

Daha çox xəbərlər