Sosial 

Bölgənin inkişafı üçün böyük imkanlar açılır ŞƏRH

Minalanmış sahənin həddən artıq böyük olması və Ermənistan tərəfindən mina xəritələrinin verilməməsi işi çətinləşdirir

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilər tərəfindən basdırılmış minaların təmizlənməsi böyük bir xərc və zaman tələb edir. Azərbaycanın bu sahədə peşəkar olan mütəxəssisləri ilə bərabər, dünyanın ən qabaqcıl dövlətlərindən alınmış maşın-texnikanın, xüsusi təlim görmüş itlərin prosesə cəlb edilməsi işərin daha sürətli həllinə yardım edir. Amma minalanmış sahənin həddən artıq böyük olması və Ermənistan tərəfindən mina xəritələrinin verilməməsi işi çətinləşdirir. Buna baxmayaraq dövlət bölgənin tez bir zamanda inkişafına nail olmaq üçün daha professional formada, mümkün olan bütün vasitələrdən istifadə etməklə minalanmış əraziləri qısa bir zamanda təmizləməyi planlaşdırır. Böyük iqtisadi layihələrin həyata keçirilməsi üçün bu, olduqca vacib məsələdir. Əsasən də xarici investorların cəlbi üçün mühüm amildir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında  siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib.

R. Hüseynov bildirib ki, infrastrukturun, zəruri hesab edilən layihələrin həyata keçirilməsi bölgənin iqtisadi inkişafı üçün böyük imkanlar açır: “İlkin addım olaraq dövlətin magistral və vacib əhəmiyyətli yolların, hava limanının, dəmir yolu, su, elektrik və qaz xətlərinin çəkilməsini öz öhdəsinə götürməsi xarici və daxili investorların marağını cəlb etməkdədir. Artıq dünyanın bir çox dövlətlərinin və ən aparıcı şirkətlərinin bölgəyə maraq göstərməsi təsadüfi deyil.

Zəngin təbii sərvətlərin, mineral bulaqların, sıx və nadir meşələrin, münbit torpaq örtüyünün, fərqli relyefin olması iqtisadi və turizm sənayesinin inkişafına böyük təkan verir. Türkiyə, İsrail, İtalya, Çin və dünyanın inkişaf etmiş digər dövlətlərinin müxtəlif iqtisadi layihələrə investisiya qoymaları bölgənin, ümumilikdə ölkənin gələcək inkişafına olan ümidinin göstəricisidir. Bu, həm də regionun sabitliyinə, təhlükəsizliyinə olan qarantın bariz nümayişidir”.

Politoloq qeyd edib ki, diqqəti çəkən mühüm məqam heç şübhəsiz ki, Azərbaycan dövlətinin bölgədə həyata keçirmək istədiyi yeni idarəetmə modelinin və “ağıllı şəhər” layihəsinin tətbiqidir: “İlk dəfə olaraq tətbiq olunan bu siyasi-iqtisadi və inzibati layihələr bölgənin tamamilə fərqli bir müstəvidə qurulmasına və inkişafına müsbət təsir göstərəcək. Xüsusilə də sözügedən layihələrin həyata keçirilməsinə, innovasiyaların tətbiqinə, çevik idarəetmə bacarığına malik, yüksək ixtisaslı, müasir metodları özündə ehtiva edən, yaradıcı, savadlı, vicdanlı kadrların irəli şəkilməsi, onlara etimad göstərilməsi ümumilikdə dövlətin gələcək perspektivlərinə böyük inam formalaşdırır. Eyni zamanda, əhalinin Böyük Qayıdışının təmin edilməsi üçün sosial obyektlərin, yaşayış binalarının tikintisinə start verilməsi dövlətin bu işlərə daha sistemli, daha yaradıcı yanaşdığını göstərir”.

Həmsöhbətimizin sözlərinə görə, görünən odur ki, aparılmış bu genişmiqyaslı işlər, icra olunan müxtəlif layihələr nəticəsində bölgənin Azərbaycanın ümumi inkişafında, iqtisadi-sosial-siyasi gücünün artmasında müsbət rol oynayacağı şübhəsizdir. Habelə, bölgənin potensialından düzgün istifadənin, iqtisadi layihələrin reallaşmasıın təkcə Azərbaycan üçün deyil, bütünlükdə region dövlətləri üçün böyük əhəmiyyət kəsb etməsi aydın hiss olunur.

Daha çox xəbərlər