Gündəm 

Dövlətimizin iqtisadi gücünün artması Qələbənin təminatçısı oldu

Bu gün müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də artan inkişafa və uğurlara imza atmaqdadır. Əldə etdiyimiz uğurlara “Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik” söyləyən dövlət başçımız cənab  İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində nail olmuşuq. Bəllidir ki, iqtisadiyyatın inkişafında üç mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi. Bugünkü iqtisadi inkişafın təməlində  ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası və hazırda onun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi dayanır. 

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə  Regionların sosial- iqtiqsadi inkişafı Dövlət proqramlarının uğurla icra edilməsi, paytaxtla yanaşı, bölgələrin də inkişafına şərait yaratdı. Bu Dövlət proqramları çərçivəsində Füzuli rayonunda da iri infrastruktur layihələr gerçəkləşdi. Yolların asfaltlaşması, əhalinin enerji təminatı üçün Füzuli SES-in istifadəyə verilməsi, rayonda qazlaşmanın 100% -ə çatdırılması, yeni məktəb, bağça, xəstəxana və digər müxtəlif təyinatlı  binaların tikilməsi rayonumuzun ümumi infrastruktur mənzərəsini zənginləşdirməklə yanaşı, əhalinin işlə təminatında və rifahının yüksəlməsində əsas rol oynayır.

Dövlətimizin iqtisadi gücünün artması sosial problemləri həll etməklə yanaşı, Qələbəmizin təminatçısı oldu. Bu gün ölkəmizin malik olduğu müstəqillik, iqtisadi cəhətdən heç bir dövlətdən asılı olmamağımız  ordumuzun maddi texniki bazasını gücləndirmək, arsenalımızı müasir tipli hərbi texnikalarla təchiz etmək imkanı yaratdı. Ölkə başçısı cənab İlham Əliyevin sözləri ilə desək,  əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. Hal-hazırda işğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən geniş tikinti-quruculuq işləri aparılır, yerli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Təbiidir ki, bu işlər böyük maliyyə tələb edir. Müharibənin yenicə bitməsinə baxmayaraq, azad edilmiş ərazilərdə iri infrastruktur layihələrinin sürətlə həyata keçirilməsi ölkəmizin iqtisadi gücünün göstəricisidir.

Sevindirici haldır ki, bu gün rayonumuzun işğaldan azad edilmiş ərazilərində də regional və beynəlxalq əhəmiyyətli infrastruktur layihələr həyata keçirilməkdədir.  Hal-hazırda Füzuli Beynəlxalq  Hava Limanının tikintisi sürətlə davam etməkdədir. Füzuli-Şuşa və Füzuli-Hadrud, Füzuli-Cəbrayıl-Zəngilan  avtomobil yolunun, Horadiz-Ağbənd  dəmir yolu xəttinin çəkilişi uğurla davam etdirilir. Torpaqlarımızın azad edilməsindən qısa bir müddət keçməsinə baxmayaraq, dövlət başçımız cənab İlham Əliyevin  bu bölgələrə səfərlər etməsi və qətiyyətli çıxışları, aparılacaq tikinti-quruculuq işlərinə nüfuzlu şirkətlərin cəlb olunması, regional  xarakterli layihələrin icrasına başlanması yeni azad edilmiş bölgələrimizin gələcək inkişafından, camaatımızın rifahının daha da yüksələcəyindən  xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan işlərə cəlb olunan şirkətlər əsasən qardaş Türkiyə dövlətinə məxsusdur. Çünki Türkiyə və Azərbaycan arasındakı münasibətlər  tarixi köklərə bağlı dostluq , qardaşlıq ənənələrinə əsaslanır. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın  iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Hazırda tikintisi sürətlə davam edən Füzuli Beynəlxalq Hava limanının inşasında  və rayonumuzun ərazisindən  keçən  avtomobil yollarının  çəkilişində  türk şirkətləri yaxından iştirak edirlər. Türkiyənin  Sakarya Böyük Şəhər Bələdiyyəsi işğaldan azad edilmiş Füzuli şəhəri ilə qardaşlaşma memarandumu imzalamaq təşəbbüsü ilə çıxış etmişdir. Bu təşəbbüs Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının rayonumuzda reallaşacaq daha bir nümunəsidir.

Ümumiyyətlə ölkəmizdə iqtisadi şəffaflığı, müştəri məmnuniyyətini təmin etmək, yaranmış texniki problemləri həll etmək məqsədilə dövlət tərəfindən daim çevik addımlar atılır, sosial paketlər təqdim olunur, əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.

Muxtar Misirxanlı,

gənc iqtisadçı

Daha çox xəbərlər